PAYIZIN DADI – FRANSIZ ALMA KEKSİ

Payız gəldi, soyuğu ilə, dəyişkənliyi ilə… Payız uşağı olsam da, bu fəsili heç cür sevə bilmədim və hər dəfə məndə elə hiss olur ki, sanki payız məni hazırlıqsız yaxaladı. Yayın bitməsini istəmədiyim üçün payızı da layiqincə qarşılaya bilmirəm. Sadəcə bir şey məni sevindirir payızda. İnanmayacaqsınız nə olduğuna…  Alma 🙂

Almanı çox sevirəm, almalı desertləri isə almadan da çox sevirəm. Bugün paylaşacağım almalı fransız keksi favorilərimdəndir. Hazırlanması rahat, özü çox yüngül, bol almalı… Sanki keks yeyirsən, amma eyni zamanda alma yeyirsən. Bir də üzərinə bir top dondurma, xüsusən də darçınlı dondurma olarsa yayı və qışı eyni anda xatırladar. Dondurma istəməyəndə isə çalınmış qaymaq tam yerinə düşər, amma tək də yemək mümkündür. Bu keks rusların şarlotkasına çox oxşayır, amma klassik şarlotkadan da daha yumşaq konsistensiyası var.

Gəlin payızın dadını hiss edək və keks bişirək.

alma-keksi-almali-keks-almali-desert

Fransız alma keksi
Bu resept Dorie Greenspanın Around my french table kitabından adaptasiya olunmuşdur.

Resept üçün 20-23 sm-lik dairəvi qab istifadə edə bilərsiniz. Yumşaq xəmir olduğu üçün çox da rahat çıxmır qabdan, bu səbəbdən kənarı açıla bilən qab daha uyğundur, mən hətta altına yumru şəkildə bişirmə kağızı yerləşdirirəm.

• ¾ st. un
• Qaşığın ucunda duz
• ¾ ç.q. qabartma tozu
• 4 böyük alma (dadlı olması üçün fərqli çeşidlərdən olması arzuolunandır, eyni zamanda almalar da dadlı olsa yaxşı olar, mən daha çox Golden Delicious adlanan çeşidə bənzər Qusar almalarından istifadə edirəm, yaşıl-sarı almalardır, palmetə oxşayır, amma qabığı daha parıltılı olur və özü yaşıl olsa da günəş dəyən tərəfi saralmış olur, hal-hazırda marketlərdə üzərində Qusar etiketi ilə satılır)
• 2 böyük yumurta
• ¾ st. şəkər tozu
• 3 ç.q. rom (yoxdursa və ya istifadə etmək istəmirsinizsə bunu tökməyə də bilərsiniz)
• ½ ç. q. vanil ekstraktı və ya eyni qədər şəkərli vanilin (əgər rom tökmədinizsə 1 ç.q-na kimi vanil ekstraktını artıra bilərsiniz, vanil ekstraktınız yoxdursa, şəkərli vanilin istifadə edə bilərsiniz)
• 110 qr. kərə yağı (qazın üzərində əridilmiş və otaq temperaturuna qədər soyudulmuş)

Hazırlanma qaydası:

  1. Almaları soyub, 2-3 sm-lik kublar şəklində doğrayın.
  2. Sobanızı 175Cº qızdırın.
  3. Balaca qabda unu, duzu, qabartma tozunu qarışdırın.
  4. Daha geniş qabda yumurtaları köpüklənənə kimi çalın, sonra şəkər tozu ilə çalın, üzərinə romu və vanili tökün, daha sonra ərimiş və soyumuş yağın yarısını və unlu qarışımın yarısını töküb qarışdırın, sonra hər ikisinin geri qalanını töküb qarışdırın.
  5. Almaları keksin xəmirinə əlavə edib elə qarışdırın ki, bütün almalar xəmirlə örtülsün (almalar xəmirdən xeyli az olduğuna görə gözünüzə qeyri-adi görünəcək)
  6. Yaxşı yağlanmış və əgər mümkünsə altına bişirmə kağızı sərilmiş qabınıza xəmiri töküb, sobaya bişməyə qoyun.
  7. 50-60 dəqiqə üzəri çox qəşəng qızarana qədər bişirin, sonra sobadan çıxarın və 5 dəq. soyumağa buraxın.
  8. 5 dəq. soyuduqdan sonra bıçaqla ehtiyatla kənarlarını qabdan ayırın. Sonra isə ehtiyatla qabdan çıxarın.

Servisi: İlıq və ya otaq temperaturunda servis oluna bilər. İlıq şəkildə dondurma ilə, xüsusən də darçınlı dondurma çox yaraşar. Darçınlı dondurmanı evdə hazırlamaq istəsəniz bu linkdəki yazıdavanilli dondurma kimi edib, sadəcə vanili yarıya endirib, yarım çay qaşığı darçın əlavə edə bilərsiniz.
Keksi sadə şəkildə də servis edə bilərsiniz.

Saxlama qaydası: Otaq temperaturunda 2 gün saxlaya bilərsiniz.

Fransız alma keksiniz nuş olsun!

Şərhlər

  1. Hazirlayib qoymusham sobaya, gorek nece cixacaq :))) Menim eksine almalarim xemirle demek olar ki, eyni beraberde oldu :(((
    Aygun xanim, men yagla unu elave etdikden sonra yene de mikserle chalmaga davam etmishem. Sizce, bu keksin shishmesine mane olar?

  2. Saturday Menu

    Samira xanim, mence problem olmayacaq. Bu keks ele de chox shishmir, xemiri chox olmadigi uchun. InshAllah qesheng olar. Nush olsun

  3. Teshekkur edirem. Sizin reseptleri cox beyenirem, duzdur hele ki, yalniz portagalli keksi sinaqdan kechirmishem ve super alinib, hetta shirniyyata qarshi kaprizli olan oglum da cox beyenib.
    Indi de shtrudel ile bu keks arasinda sechim etmeli oldum. Tez hazirlandigindan bunu sechdim. Gece vaxti shirniyyat sevdasi mene son ayda 2 kq-a basha gelib :))
    Chox beyenirem blogunuzu!

  4. Saturday Menu

    Chox sagolun. InshAllah hamisini beyenersiniz. ☺ alma deserti deyende Maydanin boyuk alma piroqunu gozardi etmeyin. O da chox dadlidir. Hetta almalilar ichinde en dadlisi, goruntusu ele gozel olmasa da ) Xosh sozleriniz uchun chox ve chox teshekkurler ?

  5. Diqqetimdedir o, da :))) Eslinde ele ondan bashlamaq isteyirdim, chunki almali desertlerde piroqu daha cox beyenirem. Qehveyi sheker tozum olmadigindan hazirlamadim onu, bilmirem belke de onsuz kechinmek olardi.
    Bu arada keks sobadan cixib, ela alinib. Eminem ki, dadi da gorunushu kimi olacaq. Qoxusu ise butun evi buruyub, ushaqlar metbexbexden cixmirlar :))

  6. Saturday Menu

    Alinar qehveyi shekersiz de, amma qehveyi sheker karamelleshmish dad verir. Bu arada bazarda Azersunun qehveyi sheker markasi var, Lakana. Chox yaxshidir hem de qiymeti munasibdir.
    Bir daha nush olsun. ☺

  7. Almani hec sevmesemde piroqa daxil olanda mohtewem olur.cox gozel gorsenir.tv den goturduyum bir resept vardi.tavda erimiw pesok ve yag qariwgini(karamel kimi)sobanin listine elave etdikden sonra uzerine dogranmiw alma ve xemir elave edilir.biwdikden sonra ters cevirilerek cixarliq.xususi dadi ise xemirde olan limon qabiqlari verir.cox dadli ve ferah piroqdur.nece ildi bu reseptle hazirlayiram.bu defe ise sizin resepte uz tutacam.ugurlar size

  8. Bloqda boyuk alma piroqu resepti var. O sizin dediyize benzeyir. Chox mohteshemdir, onu da sinaqdan kechirin. ☺

  9. Pingback: Alman alma keksi | SaturdayMenu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir