İNDİVİDUAL ŞOKOLAD BABKALAR

Qruplardan birində xanımlardan biri mayalı kekslərin varlığı haqqında sual vermişdi. Sual mənə uzun zamandır soda və qabartma tozu haqqında yazmağı planlaşdırdığımı xatırlatdı, bu yazı yenə də o yazı deyil, amma bir maraqlı faktı məhz burada qeyd etmək istəyirəm. Soda 1843-cü ildə kəşv olunmuşdur və onun bugünkü kimi hər evə gəlib çatması və keks və başqa şirniyyatlarda istifadəsi təqribən 1 əsrə yaxın zaman almışdır. Bu dövrdən əvvəl isə kekslər mayalı olurdurlar. Avropanın sonradan bütün kekslərə babalıq etdiyi Kugelhopf, rusların Kulich, bir sıra millətlərin bölüşə bilmədiyi Babka maya ilə hazırlanırdılar, onlar sodalı və ya qabartma tozlu kekslərdən konsistensiya olaraq fərqlənsələr də bugün də geniş şəkildə yayılıblar və yeyilir-sevilirlər.

sokoladli-bulka-babka-saturdya-menu-bloqu

Mənim özüm də dəfələrlə qeyd etdiyim kimi mayalı xəmir fanatıyam, onun iyi, görünüşü və toxunduqda hiss etdiklərim sodalı xəmirlə müqayisə olunmaz. Bucür mayalı xəmirlə oluna biləcəklərdən biri də məşhur Şokolad Babkadır –  içinə şokolad və az miqdarda darçın əlavə olunmuş, çiy halında belə “məni ye” deyən xəmirə sahib, xüsusən qəhvəaltı və brunçlara rəng qatacaq keks.

sokoladli-sirniyyat-saturday-menu-bloqu

 

İndividual şokolad babkalar
12 maffin fincanı üçün nəzərdə tutulmuşdur, əgər maffin qabıınız yoxdursa, tək-tək qoyub sobanın qabında

Xəmiri üçün
• 
½  st. süd, tam yağlı
• 
⅓ st. şəkər tozu
• 1½ ç.q. aktiv maya
• 1 böyük yumurta (otaq temperaturunda)
• 2 st. un
• ½ ç.q. duz
• 50 qr. kərə yağı (otaq temperaturunda)

İçlik üçün
• 135 qr. şokolad (1½ paket plitka şokolad istifadə edə bilərsiniz)
• 1 x.q. kakao
• ¾ ç.q. darçın
• ¼ st. şəkər tozu
• Azacıq duz
• 50 qr. kərə yağı

Hazırlanma qaydası:

  1. Südün içinə azacıq şəkər qatıb 40Cº -yə qədər, yəni ilıq olana kimi qızdırın.
  2. Mayanı südə qatın, 5 dəqiqə yüngül köpüklənənə kimi gözləyin. Kiçik bir qabda yumurtanı və xəmir üçün nəzərdə tutulan şəkərin qalanını qarışdırın, sonra mayalı südün üzərinə töküb qarışdırın.
  3. Unla duzu qarışdırın, üzərinə mayalı qarışımı töküb xəmir yoğurun, ən son otaq temperaturunda olan kərə yağını qatıb yoğurun, sonra içi yağlanmış qabın içinə qoyub, üzərini streç folqa ilə örtüb 1,5-2 saat mayalanması üçün saxlayın.
  4. Şokoladı mətbəx prosessoru və ya rəndə vasitəsilə tamamilə xırdalayın, içinə şəkəri, darçını, yağ və kakaonu əlavə edib yaxşı qarışdırın.
  5. Qabları yaxşıca yağlayın.
  6. Xəmir mayalanmışsa, ensiz tərəfi 25sm, digər tərəfi 45 sm olan düzbucaqlı şəklində yayın. Şokoladlı qarışımı bu düzbucaqlının hər təfərinə yayın, sonra rulet kimi bükün.
  7. Hazır olan ruleti 2,5 sm enində 12 hissəyə ayırın, sonra artıq yağlanmış maffin qablarının içinə və ya sobanın qabına yerləşdirin. Üzərini yenidən streç folqa ilə büküb, təxminən 30 dəqiqə gözləyin.
  8. Bu müddətdə sobanı 180Cº qızdırın.
  9. Təxminən 20 dəqiqə sonra şokolad babkalarınız hazır olacaq, şəkildəki kimi qızarmış olmaları məsləhətdir.

Servisi:

İdeal şəkli təzəcə sobadan çıxmış, biraz isti halıdır. Bunun üçün servis edəcəyiniz vaxta kimi streç folyo ilə bağlı çiy  şəkildə gözlədib, ən son məqamda bişməyə qoyub, təzə-təzə yeyə bilərsiniz. Xüsusilə, axşamdan hazır soyuducuda saxlanılıb, səhər yeməyində servis edildiyində çox fərqli yeri olur.

Saxlama müddəti:

Saxlamayın, yeyin 🙂 Və ya az əvvəl yazdığım kimi çiy və hazır şəkildə saxlayıb, servis etdiyiniz vaxtı bişirin. Hətta soyuducunun buzxanasında bu şəkildə bir ay müddətində saxlaya bilərsiniz.

Şokolad babkalarınız nuş olsun!

Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir