AĞ ŞOKOLADLI & VANİLLİ KEKS

İngilislərin 5 çayı mədəniyyətinə heyranam. Tam zamanında, mədənin boş olduğu vaxtda fərqli desertləri yemək, daha doğrusu sözün əsl mənasında dadına baxmaq məhz onlara qismət olur. Biz isə, adətən qısa zamanda üst-üstə yeyilən yeməklərdən sonra süfrəyə gələn deserti ancaq şəkər ehtiyacımızı ödəmək üçün yeyirik və dadına baxmış olduğumuza belə şübhəm var. Çünki, mənə görə yediyimizin dadını hiss eləmək və yemək bir-birindən çox fərqlənən proseslərdir.

Düşünürəm kaş bizdə də 5 çayı olardı, həftəiçi iş olsa belə, ən azından həftəsonları bucür görüşlər təşkil etmək maraqlı olardı, bir tərəfdən də gec qəhvəaltı (branç) bizim həyatımıza yavaş-yavaş daxil olduğunu görəndə anlayıram ki, günorta çayının da eyni şəkildə qloballaşması və bizə qədər çatması o qədər də uzaqda deyil.

Desertlərin dadını hiss eləməyə gəldikdə isə, bucür yanaşma əminəm ki, bizim desert anlayışımızı da kökündən dəyişər. Adi şəkərli dadlardan zərif və fərqli dadlara keçid etdiyimiz günləri dördgözlə gözləyirəm. Ümid edirəm ki, elə bir gün gələcək bütün xanımlarımız maffin üsulu qarışdırılan, amma yenə də böyük qablarda bişirilən kekslərdən əl çəkib bugünkü yazımın qəhrəmanı Ağ şokoladlı və vanilli keks kimi kekslər bişirəcək və əminəm ki, bir gün bucür kekslər ehtiyaca çevriləcək, çünki, bir dəfə dadarsansa, geriyə yol yoxdur. 🙂

Bu keks mənim kimi ikiqat şokoladlı mərmər keksi çox bəyənib, eyni zamanda ağ yerini daha çox sevdim deyənlərə ithaf olunur.

sokoladli-keks-vanilli-keks

Ağ şokoladlı və vanilli keks
Bu resept 10-12 fincanlıq Bundt keks qabı üçün nəzərdə tutulmuşdur.

Resept Cenk Sönmezsoyun “Cafe Fernando: Bir kek yaptım, yanağını dayar uyurmusun” kitabından adaptasiya olunmuşdur.

• 180 qr. ağ şokolad (2 plitka şokolad)
• 2¼ st. un
• 1¾ ç.q. qabartma tozu
• ½ ç.q. duz
• 1 ədəd vanil çubuğu (yoxdursa, 1 paket şəkərli vanilin istifadə edə bilərsiniz)
• 2 ç.q. vanil ekstraktı (əgər ekstrakt yoxdursa, onunda yerinə 1 paket şəkərli vanilin istifadə edə bilərsiniz)
• 180 qr. kərə yağı (otaq temperaturunda)
• 1 st + 2 x.q. şəkər tozu
• 4 ədəd böyük yumurta (otaq temperaturunda)
• ½ st. Süd (otaq temperaturunda)
• ⅓ st. + 1 x.q. krema (qaymaq) (otaq temperaturunda)

Hazırlanma qaydası:

  1. Sobanızı 160Cº qızdırın.
  2. Ağ şokoladı benmari üsulu ilə (suyun içində) və ya mikrodalğalı sobada əridin.
  3. Böyük bir qabın içində unu, duzu, qabartma tozunu əvvəl ələyib sonra qarışdırın.
  4. Vanil çubuğunuz varsa, toxumlarını çıxarıb kərə yağı ilə 2 dəqiqə boyunca mikser yardımı ilə çalın, yoxdursa, sadəcə kərə yağını çalın.
  5. Şəkəri əlavə edin, orta sürətlə 5 dəqiqə çalın.
  6. Yumurtaları içinə bir-bir əlavə edin, hər dəfədən sonra yenə də mikserlə qarışdırın. Bu mərhələdə əgər məhsullardan hər hansı biri otaq temperaturunda deyilsə, çürümüş görüntü olacaq. Amma bir qədər sonra daha yaxşı konsistensiya əldə edəcəksiniz.
  7. Ərimiş ağ şokoladı və vanil ekstraktını (şəkərli vanilin istifadə edirsinizsə onu) əlavə edin və yenə mikserlə yarım dəqiqə çalın.
  8. Sıra ilə unlu qarışımın üçdə birini, südü, unlu qarışımın üçdə birini, kremanı və unun geri qalanını alınan xəmirə əlavə edin və qarışdırın. Bu mərhələdə unların tam qarışmasına ciddi nəzarət lazımdır, amma hava qabarcıqlarını qorumaq üçün mikser istifadə etməyin.
  9. Əvvəlcədən yağlanmış və hazır gözləyən Bundt keks qabına xəmiri töküb, sobaya bişməyə qoyun. 65-70 dəqiqə bişməsinə vaxt lazımdır, yenə də bu müddətin sonunda diş çöpü vasitəsilə yoxlayın, çöpün üzərində xəmir qalmayıbsa artıq bişmişdir.
  10. 10 dəqiqə qabın içində soyuması üçün qoyun, sonra isə qabdan keksi çıxara bilərsiniz.

Servisi:
Soyuduqdan sonra yemək məsləhətdir.

Saxlama müddəti və şəraiti:
3 gün hava keçirməyəcək şəkildə üzərini örtüb saxlaya bilərsiniz.

Ağ şokoladlı və vanilli keksiniz nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir