LİMONLU & XAŞXAŞLI KEKS

Hər keks gözəldir, amma limonlu və xaşxaşlı keks ən gözəlidir, xüsusən yoldaşım üçün.

Bu keks indiyə qədər ən çox bişirdiyim reseptdir, qaymağın köməyilə ilə yaranan nisbətən sərt qabığı, içinin yumşaqlığı, limonun turşməzəliyi, xaşxaşların diş arasında yüngülcə partlaması hər zaman dönmək istənilən liman kimidir. Və, artıq 4-5 ildir ki, biz o limana tez-tez dönürük. )

Burada bir haşiyə çıxmaq istərdim, limon əvəzinə istənilən sitrus bitkisi istifadə edə bilərsiniz, amma heç biri limon kimi gözəl olmayacaq. Xaşxaşı da reseptdən çıxarmaq mümkündür, amma xaşxaş bu keksə o qədər yaraşır ki, onsuz təsəvvür belə etmək istəmirəm. Bir də ən önəmlisi, bu 4-5 ildə arada həvəslənib başqa limonlu-xaşxaşlı kekslər sınaqdan keçirdim. Amma limanımız yenə də bu keks oldu, çünki, o birilər bunun əlinə su tökməyə belə yaramadı.

xasxas-n%c9%99dir

Limonlu və xaşxaşlı keks
Resept Cenk Sönmezsoyun www.cafefernando.com bloqundan adaptasiya olunmuşdur.

Bu resept 30x10sm-lik kubik şəklində qab üçün nəzərdə tutulmuşdur.

• 2 st. un
• 1 ç.q. qabartma tozu
• ¼ ç.q. duz
• ⅓ st. mavi xaşxaş toxumu
• 125 qr. kərə yağı (otaq temperaturunda)
• ¼ st. zeytun yağı
• 1¼ st. şəkər tozu
• ½ st.(120 ml) qaymaq (krema)
• 2 x.q. rəndələnmiş limon qabığı (təxminən 2 limondan)
• 4 ədəd böyük yumurta (otaq temperaturunda)
• 2 x.q. limon suyu
• 1 ç.q. vanil ekstraktı (vanil ekstraktınız yoxdursa, şəkərli vanilin istifadə edə bilərsiniz)
• 2 x.q. heyva mürəbbəsinin suyu və ya başqa hər hansı açıq rəngli mürəbbənin suyu (opsionaldır, yəni olmasa da olar)

Hazırlanma qaydası:

  1. Sobanı 180Cº qızdırın, qabınızı yağlayın və unlayın.
  2. Unu geniş qaba ələyin, üzərinə duzu, qabartma tozunu və xaşxaş toxumlarını töküb, yaxşı qarışdırın.
  3. Limonun qabığını geniş qaba rəndələyirik(qab elə geniş olmalıdır ki, sonrakı inqredientləri içinə tökmək mümkün olsun, beləcə qabın ətrafına sıçramış efir yağlarını da israf etməmiş olarsınız), üzərinə şəkər tozunu əlavə edib, şəkərlə limon qabığını barmaqlarınızla bir-birinə yedirin, bu limonun aromasının daha güclü olmasına səbəb olacaq.
  4. Limonlu şəkərli qarışığın üzərinə kərəyağını töküb, mikserlə və ya əllə yaxşıca qarışdırın, sonra üzərinə qaymağı töküb qarışdırmağa davam edin.
  5. Yumurtaları şəkərli qarışığın üzərinə bir-bir əlavə edin, hər dəfədən sonra yaxşı qarışdırın və tamam yaxşı qarışmasına xüsusi diqqət edin.
  6. Zeytun yağını, vanili, limon suyunu əlavə edib, yenə də qarışdırın.
  7. Unlu qarışığı üzərinə tökün, ehtiyatla qarışdırın. İçində un dənəcikləri həll olduqdan sonra sobada bişirmək üçün hazırladığınız qaba töküb, 50-55 dəqiqə, içinə batıracağınız diş çöpü tamam təmiz çıxana qədər bişirin.
  8. Sobadan çıxarın, 10 dəq. qabın içində soyuduqdan sonra içindən çıxarın, üzərinə mürəbbə suyunu çəkin.

Saxlama şəraiti və müddəti:
Ağzı qapalı şəraitdə 3 gün saxlaya bilərsiniz. (onu saxlaya bilərsiniz, özünüzü deyə bilmərəm:))

Limonlu və xaşxaşlı keksiniz nuş olsun!
Limonlu və xaşxaşlı incəcik peçenye resepti isə bu yazıdadır. 

Şərhlər

  1. Erzaqlari gr olaraq yazsaniz cox gozel olar.Meselen men terezi ile resept hazirlayan biri oldugum ucun hec bir sual isharesi qalmir.

  2. Aysel xanım, kommentiniz üçün təşəkkür edirəm. Ümumqəbul olunmuş qaydalara görə un, şəkər və mayelərdə stəkan hesablaması işi rahatlaşdırır, hətta bəzən bəzi səhifələrdə qramajla rastlaşan xanımlar mənə yazırlar ki, bunu stəkana çevirəm. Qramajı st-a çevirmək çox çətindir, amma st-ı qramaja çevirmək rahat. Bunun üçün unun ölçülməsində 1 st=140 qr, şəkərdə 1 st=200qr, mayelərdə isə 1 st= 240ml hesablaması apararaq rahatlıqla çevirə bilərsiniz.

  3. Hazirladiq ve yedik. Choox lezzetli alindi. Teshekkur edirik bele gozel resept uchun.Bundan sonra limonlu keksimi ancaq bu reseptle edeceyem.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir