Hər mövsüm üçün bloqumda bir favorit keks var, onların hazırlanması rahat, özləri isə mövsümün meyvələrinin ən dadlı və şirin təcəssümüdürlər, yayda çiyələkli keks, payızda fransız üsulu alma keksi. Hər ikisi mövsümündə populyarlaşıb, bloqumun da ən çox oxunanları sırasına daxil olublar. Qışda isə hələlik elə favorit yoxdur. Düşündüm ki, qışı ən gözəl nə əks elətdirə bilər, əlbəttə ki, qış süfrələrinin bəzəyi, rəngi ilə ruhumuzu soyuq günlərdə isidən portağal, bir də belə soyuq günlərdə bolluca C vitamininə ehtiyacımız var. Əslində biraz da portağal və balqabaq qarşısında özümü günahkar hiss edirəm, mövsümləri bitir, amma bloqda onları layiqincə təmsil edən reseptim yoxdur. Hətta ümumiyyətlə yoxdur. Qismət portağalın imiş və o qismət bugünə imiş 🙂
Bu yenə də fransız üsulu portağal keksinə üçqat portağallı keks də demək olar. Dorie Greenspanın Odilin portağal keksi adı verdiyi bu keksin xəmirinə portağal suyu qatılır, ikinci dəfə şərbətinə portağal suyu qatılır və ən son darçınlı şərbətdə azacıq bişirilmiş portağallar üzərinə düzülür. Sonuncu mərhələni etmədən, bu keksi sadə və ya üzərinə şokoladlı qlazur tökərək servis edə bilərsiniz.
Odilin portağallı keksi və ya üçqat portağallı keks
Bu resept Dorie Greenspan-ın «Baking chez moi» kitabından adaptasiya olunmuşdur.
Keks 23 sm-lik dairəvi qab və ya 20X20 sm-lik kvadrat qab üçün nəzərdə tutulmuşdur.
Keks üçün
• 1¼ st. un
• 2 ç.q. qabartma tozu
• ½ ç.q. duz
• ¾ st. şəkər tozu
• 150 qr. yağ (otaq temperaturunda)
• 1 böyük portağal
• 3 böyük yumurta (otaq temperaturunda)
Şərbəti üçün
• ½ st. şəkər tozu
• 1 böyük portağal
Üzəri üçün portağallı əlavə (Bu əlavə çox dadlıdır, eyni zamanda keksi daha gözəl göstərir, amma mütləq deyildir, bunun yerinə ürəyiniz istərsə şokoladlı qlazur edə bilərsiniz və ya tamam sadə servis edə bilərsiniz)
• 1 st. su
• 1 st. şəkər tozu
• 1 çubuq darçın (yoxdursa, azacıq toz darçın əlavə edin)
• 3 böyük portağal (daha artıq da lazım gələ bilər, kəsməkdan asılı olar dəyişir)
• 2 x.q. açıq rəngli cem və ya mürəbbə suyu
Hazırlanması:
- Sobanızı 175Cº qızdırın. Bişirəcəyiniz qabı yağlayın və unlayın.
- Unu, qabartma tozunu və duzu bir qabda qarışdırın. Unu əvvəlcədən ələməyiniz məsləhətdir.
- İki portağalın (həm şərbət üçün olan, həm keks üçün) qabığını rəndələyin, rəndələyərkən diqqət edin, ağ hissəsini də rəndələməyəsiniz. Portağalın qabığının altı acı olur.
- Portağalların suyunu sıxın, təxminən 1 st. portağal suyu alınmalıdır.
- Bir geniş qabda portağal qabıqlarını şəkərlə yaxşıca ovun. Üzərinə yağı tökün, mikser və ya əlinizlə qarışdırın.
- Üzərinə yumurtaları bir-bir əlavə edin. Hər dəfə yumurta əlavə etdikdən sonra yaxşıca qarışdırın. Ərzaqları otaq temperaturunda istifadə etməyə diqqət göstərin, əks halda hazırladığınız qarışım parça-parça görünəcək, bu halda da narahat olmayın, sadəcə digər ingredientlər töküldükdən sonra daha yaxşı qarışdırın.
- Portağal suyunun yarısını, yəni yarım st. yağlı qarışıma əlavə edib qarışdırın, sonra unlu qarışığı əlavə edin və yaxşıca qarışdırın.
- Hazırladığınız qaba töküb, bişməyə qoyun. Bu müddətdə qalan yarım st. portağal suyuna ½ st. şəkər tozu əlavə edib, qarışdırın. Keks bişənə qədər sıx şəkildə qarışdırın ki, içindəki şəkər müəyyən qədər ərisin.
- 30 dəqiqə sonra diş çöpü ilə yoxlayın, keksiniz hazırdırsa (diş çöpü üzərində xəmir artıqları ilə çıxmırsa), sobadan çıxarın. Bu mərhələdə keksiniz aşırı qızarmış olmamalıdır, biraz solğun görunməlidir, üz qabığı çox qızarsa şərbəti özünə çəkməyinə mane ola bilər. Bir neçə dəqiqə soyuduqdan sonra bişirdiyiniz qabdan çıxarın və isti halında üzərinə hazırladığınız şərbəti tökün, şərbətin keksin hər tərəfinə çatmasına diqqət edin.
- Bu mərhələdə sadə keksiniz hazırdır. Üzəri üçün portağalların qabıqlarını soyun, altını və üstünü kəsib düzləşdirin, sonradan kənarlarını beşgüşəli şəkildə kəsin. alınan portağalı təxminən 8 mm-lik dilimləyin, bir böyük portağaldan 5-6 dilim alınmalıdır. Digər portağallarla da eyni proseduru təkrar edin.
- Suyu, şəkəri və darçını qazanın içində qazın üzərinə qoyun, qaynadıqdan sonra içinə portağal dilimlərini atın. 3 dəqiqə portağal dilimləri qaynadıqdan sonra içindən çıxarıb, soyuması üçün 5-6 dəqiqə gözləyin, daha sonra şəkildə gördüyünüz tərzdə, sanki pazl yığırmış kimi bir-birinin yanındakı boşluqlara keçəcək şəkildə düzün. Üzərinə cem çəkəcəksinizsə, əvvəlcə qızdırın cemi, yumşalandan sonra portağalların üzərinə çəkin. Mürəbbə suyu çəkəcəksinizsə, birbaşa portağalların üzərinə çəkin.
Üçqat fransız üsulu portağal keksiniz hazırdır. Əminəm ki, dadını və konsistensiyasını hər yeyən bəyənəcək.
Saxlama qaydası:
Ağzı qapalı şəkildə 3 gün otaq temperaturunda saxlaya bilərsiniz.
Fransız üsulu portağal keksiniz nuş olsun.
Samira
Salam. Keksin sherbetini uzerinin sherbeti kimi etsek, yeni hem bir az bishirsek, hem de icherisine darchin chopu atsaq dadina xelel gelermi?
Onceden teshekkur edirem.
Saturday Menu
Samira xanım, mən o şəkildə şərbətli kekslər də edirəm. Bunun onlardan fərqi təzə portağal dadının hiss olunmasıdır. Bişmiş şərbətlərdə o hissiyyat olmur. Amma yenə də elə də sınaya bilərsiniz. Sadəcə darçın dadı üçün istəyirsinizsə, keksə biraz darçın tozu qata bilərsiniz.
Samira
Təşəkkür edirəm! Yox, haqlısınız, portağal suyunun bişəcəyini nəzərə almamışdım. Bir azdan sınayacam, orijinaldakı kimi :)))
Blogunuz isə əladır – tərtibat, reseptlerin fərqliliyi, asan dildə izahı və ən əsası səlist Azərbaycan dilində yazılışı diqqət çəkir. Bundan sonra blogunuzun daimi qonağıyam. Yeganə problem artan çəki olacaq deyəsən :)))
Saturday Menu
Ay, bu nə gözəl kommentdir. Çox sağolun. Artan çəki məsələsi bu dəqiqə məni də düşündürür. Arada düşünürəm ki, bəlkə bloqla bərabər pəhrizə başlayaq ))