NOXUDLU & BULQURLU TABULE SALATI

Tabule – Orta Şərqdən çıxmış salatdır və ordan da bütün dünyaya yayılıb. Klassik halı noxudlu olmur, bol bulqurla hazırlanır. Livan mənşəli bu salatdan Türklərin kısırı, Kiprin tambulisi köklərini almışdır.
Həddindən artıq fərqli tabule reseptləri var, mən bir dəfə Türkiyədə yaşıl tabule deyilən, sadəcə bulqur və göyərtilərdən hazırlanmış çeşidini yemişdim, hətta o da çox dadlı idi. Bugün paylaşdığım resepti illərdir hazırlayıram, çox vaxt daha klassik formada edirəm, bulquru çox, noxudsuz, amma indi pəhriz menyusunu nəzərə alaraq bulqurunu azaltdım, noxudlu bişirdim.

Suallardan biri də odur ki, bulqur karbohidratdır, amma niyə pəhriz menyusunda var? Yəqin ki, çoxunuz bilirsiniz, ağ düyü, çörək, kartofda olan sadə karbohidrat deyil bulqurdakı, bulqur daha «yaxşı» karbohidrat hesab edilən mürəkkəb karbohidratlıdır. Əslində bulqur buğdanın buxara və ya istiyə verilmiş, sonra yenidən qurudulmuş formasıdır. Biz onu yediyimiz zaman ikinci dəfə işləm gördüyü üçün daha pəhrizə uyğun qidaya da çevrilmiş olur. Qlikemik indeksi isə bəzi tərəvəzlərlə eyni qədərdir və digər dənli bitkilərdən xeyli aşağıdır. Amma yenə də pəhriz zamanı bulqurun belə küpünə girmək olmaz məsələsini hər zaman özüm-özümə xatırladıram, bu səbəbdən də bulqurunu azaltdım.

bulqur tabule salatı noxudlu

Noxudlu və bulqurlu tabule salatı
Bu porsiya 4-6 nəfər üçün nəzərdə tutulmuşdur.

• ½ st. incə bulqur
• ¾ st. çiy noxud (bişmiş halda 1½ st. olur)
• 1 bolqar bibəri
• 1 xiyar
• 1 dəstə yaşıl soğan
• 1 dəstə nanə (bərk saplaqlarını ayırın)
• 1 dəstə cəfəri
• 1 limon
• 2 x.q zeytun yağı
• 1 diş sarımsaq (opsionaldır, sarımsaq dadını sevməyən rahatlıqla istifadə etməyə bilər)
• 300 qr. pomidor (mən bu şəkildə çeri pomidorlardan, hətta daha rəngli olması üçün sarı pomidorlardan istifadə etdim, amma istədiyiniz pomidor çeşidindən istifadə edə bilərsiniz, sadəcə qabığı bərk olanların qabığı soyulub, içinin suyu müəyyən qədər çıxarılmalıdır)
• 1 ç.q üyüdülmüş cirə (əlavə məlumatı bu linkdən ala bilərsiniz)
• ½ ç.q qara istiot
• 1½ ç.q duz

[wt-tip]Girişdə yazdığım kimi, klassik tabulenin içində noxud yoxdur, bu onun çeşidlərindən biridir. Klassik tabule üçün bulquru 1 st. istifadə edin, noxudu isə çıxarın. Bu halda göyərtiləri də biraz artırsanız daha dadlı olacaqdır.[/wt-tip]

Hazırlanma qaydası:
1. Noxudu yaxşı bişirin, suyunu süzüb soyumağa qoyun.
2. Bulquru yuyub üzərinə özü qədər,yəni ½ st. isti su töküb ağzını bağlayın. 15 dəqiqə sonra bulqur tamamilə şişmiş və suyu özünə çəkmiş olmalıdır.
3. Limonun qabığını rəndələyin, sonra suyunu sıxın. Rəndələnmiş limon qabığını, limon suyunu, duzu, istiotu, cirəni və zeytun yağını bir qabda qarışdırın.
4. Pomidoru, bibəri, xiyarı, sarımsağı, cəfərini, soğanı, nanəni xırda-xırda doğrayın və buğqurun üzərinə əlavə edib qarışdırın. Noxudları da bu qarışıma əlavə edin.

Noxudlu və bulqurlu tabuleniz nuş olsun.

Şərhlər

  1. Saturday Menu

    Çox təşəkkür edirəm, Şəfəq. Mən də şəkli o qədər bəyəndim ki, dünən çəkdiyimdən bəri bir bəhanə ilə açıb baxıram. )

  2. Kısırı çox xoşlayıram, hetta qreçka ile olanı da hazırlamışam. Noxudla ilk defe gördüm, inanıram ki, çox dadlı olacaq.Resepte göre teşekkürler!

  3. Quru xanım, təşəkkür edirəm. Bəli, bişirmirik. Sadəcə isti suda şişmesini gözləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir