Yenə də burger çörəyi, yenə də Amerikan Test Mətbəxi resepti, keçən dəfəkindən fərqi isə kartoflu olması, quru südə ehtiyac olmaması və balatasız hazırlanmasıdır. Hansı dadlıdır soruşsanız, ikisi də dadlıdır. Hansı rahatdır soruşsanız, əlbəttə ki, bugün paylaşacağım çox daha rahat başa gəlir. Yay yeməklərində burgerlərin, sandviçlərin yeri ayrıdır, həm rahatlıqla piknikə götürə bilərsiniz, həm də evdə qonaqlarınızı dadlı və fərqli yeməklərlə sevindirə bilərsiniz. Suallardan biri qaldı… Niyə alınma burger bulkaları yox.. Sadəcə bir dəfə bişirsəniz, bu suala artıq özünüz cavab verəcəksiniz.
Kartoflu burger bulkaları
Resept Amerika’s Test Kitchen proqramından adaptasiya olunmuşdur. Bu reseptdən 8 burger çörəyi alınır.
• 500 qr. kartof
• 30 qr. kərə yağı
• 2 ¼ st. un (çörək bişirilməsi üçün olduğu üzərində qeyd olunmalıdır, əgər belə ununuz yoxdursa, Tsar və ya Makfa markalı unları seçin)
• 1 x.q. bal (eyni qədər şəkər istifadə edə bilərsiniz)
• 2 ç.q. instant maya (əgər quru aktiv maya istifadə edəcəksinizsə miqdarını 1ç.q. artırın, quru mayanın birbaşa xəmirə deyil, mayeyə qatılmalı olduğunu unutmayın, əgər ondan istifadə edirsinizsə, kartofdan qalan suyun içinə qatmalısınız)
• 1 ç.q. duz
• 2 yumurta
• 2 x.q. küncüt (opsionaldır, istifadə etməyə də bilərsiniz)
Hazırlanma qaydası:
1. Kartofları soyub doğrayın, sonra qazana qoyub bişənə qədər qaynadın (təx. 8-10 dəq.).
2. Bişdikdən sonra suyundan təxminən 5 x.q. bir qaba ayırın geri qalanını süzün və kartofları çox yaxşı əzin. Yaxşı olar ki, əzmə prosesini mətbəx prosessorunda edəsiniz, əgər yoxdursa kartofəzənlə edə bilərsiniz. Pürenin üzərinə kərə yağını əlavə edin və qarışdırın.
3. Un, duz, maya, balı (şəkəri) geniş qabda bir-birinə yaxşıca qarışdırın. İsti kartof püresini də ona qarışdırın , üzərinə 1 yumurta və saxladığınız kartof suyunu əlavə edin, həmcins olana qədər yoğurun.
4. Xəmiriniz yumşaq və bir az ələyapışan alınacaq, xəmiri yumrulayıb üzərini streç filmlə örtün, otaq temperaturunda ikiqat böyüyənə qədər təx. 30-40 dəq. saxlayın.
5. Xəmir mayalandıqdan sonra 8 bərabər hissəyə ayırın, bişirəcəyiniz qaba 10 sm diametrində yumrulayıb yerləşdirin və üzərini streç filmlə bağlayıb yenidən təxminən 30-40 dəq. mayalanmağa qoyun.
6. Sobanızı 220˚C isinməyə qoyun.
7. Üzəri üçün 1 yumurta sarısını 1 qaşıq soyuq su ilə çalın, mayalanan xəmirlərin üzərinə çəkin və üzərinə küncütləri səpin. Mən küncütlərin bir hissəsini tavada qovurdum, bir hissəsini isə ağ saxlayıb qarışdırıb üzərinə səpdim, istəsəniz bu şəkildə də edə biərsiniz və ya qovurmadan səpə bilərsiniz. Qovurma prosesi sadəcə görünüş üçündür.
8. Hazırladığınız xəmirləri sobada 12-15 dəq. bişirin. Üzərləri qızaranda altını da kontrol edib götürə bilərsiniz. Kəsmək üçün bir qədər soyumasını gözləmək lazımdır.
Kartoflu burger bulkalarınız nuş olsun.