Hər zaman bu qədər iş-gücün arasında niyə bloq yazırsınız və aparırsınız sualının yerini yavaş-yavaş niyə bu qədər passivsiz sualının tutması üzücüdür. İşin-gücün, uşağın və evin kritik zamanında əslində birinci sualdakı niyələri özümə də xatırlatmağım məhz bu passivlikdən məni qurtara bilər. Niyə bloq yazmaq lazımdır? Çünki, hər insana bütün rejiminə baxmayaraq bir hobbi lazımdır, özünü realizə edə biləcəyi və eyni zamanda əylənə biləcəyi.. Bundan əlavə, mən əminəm ki, yazılarımla kiçik tövhə verdiyim Azərbaycan internetini biraz daha genişləndirmək, fərqli mövzulara ana dilimizdə yer vermək çox mühümdür. Üçüncüsü də, yeməyi və bişirməyi anormal sevən biri kimi verdiyim reseptlərin faydalı olmasına da çox ümid edirəm. Keçən günlərdə anamın mənim bloqumdan bişirdiyi çiyələkli keksi gördükdə və bu qədər detallı resept yazmamı təqdir etdikdə anladım ki, yaxşı ki, bloq yazıram. Yaxşı ki, siz izləyicilər varsınız… Sizinlə mən keçən payız mövsümi depressiya yaşamadığım kimi bu payızı da düşünürəm rahatlıqla qəbul edəcəm. Və ənənəni pozmayaraq payızın ilk resepti almalı olsun istədim.
Keçən ilki reseptdən fərqli olaraq bu resept alman reseptidir, özü də nisbətən qurudur. Almanlar onu Versunkener apfelkuchen adlandırlar, bu təxminən içinə alma batmış keks deməkdir. Yayda paylaşdığım vişnəli alman keksinin yaxın qohumu olan bu keksi almanlar schlagsahne dedikləri çalınmış kremlə servis edirlər, mənə görə bu ideal seçimdir, təkbaşına biraz quru gəldi mənə, amma qonaqlarım və ev əhli hamısı tək də, qaymaqla da çox bəyəndi. İnstagram storylərində fikir verdinizsə, keksi 3 dəfə müxtəlif variantlarda sınadım, amma yenə də sizlərlə klassik resepti paylaşmağa qərar verdim.
Alman alma keksi (Versunkener apfelkuchen)
Resept Luise Weiss-in Classic german Baking kitabından adaptasiya olunmuşdur. Bu resept 23 sm-lik dairəvi qab üçün nəzərdə tutulmuşdur.
• 3 orta böyüklükdə alma (mən bir-neçə dəfə sınadım, ən xoşuma gələn Golden Delicious yaşıl-sarı alma çeşidi oldu, marketlərdə rahatlıqla tapa bilərsiniz, bəzən üzərinə Qusar deyə etiket vurulur, bir də mən 3 və yarım alma istifadə elədim, meyvəni maksimum sıx düzmək xoşuma gəlir)
• 1 limon
• ¾ st. şəkər tozu
• 130 qr. kərə yağı, yumşaldılmış
• ½ ç.q vanil ekstraktı və ya şəkərli vanilin
• 3 yumurta
• 1½ st. un
• 2 ç.q. qabartma tozu
• ¼ ç.q. duz
• 2 x.q. qəhvəyi şəkər üzəri üçün və ya 1 x.q. bal
Servisi üçün
Qaymaqlı krem və ya dondurma
Hazırlanma qaydası:
1. Almaları soyub, yarı bölüb, içini təmizləyib, şəkildəki kimi üzərinə kəsiklər atın. Limonun qabığını rəndələyib kənara qoyun, limonun yarısının suyunu isə hazırladığınız almaların üzərinə sıxın ki, onları qaralmaqdan müəyyən qədər qorusun.
2. Sobanı 180˚C qızdırın, qabınızın içərisinə bişirmə kağızı yerləşdirin.
3. Limon qabığının üzərinə şəkər tozunu töküb, yaxşı ovuşdurun, sonra üzərinə yağı tökərək mikserlə krem kimi olana qədər çalın. Bu qarışıma yumurtaları bir-bir əlavə edin, hər əlavədən sonra qarışdırın, ən son vanili əlavə edin.
4. Başqa bir qabda unu, qabartma tozunu və duzu qarışdırın.
5. Unlu qarışımın üzərinə digər qarışımı töküb ehmalca qarışdırın, üzərinə limonun yarısının suyunu da əlavə edin. Tam qarışandan sonra hazırladığınız qaba töküb, üzərinə almaları şəkildəki kimi yerləşdirin. Üzəri üçün şəkər istifadə edəcəksinizsə, onu almaların üzərinə səpin.
6. Sobada təxminən 35-40 dəq-yə bişməlidir, diş çöpü testi ilə bişdiyini dəqiq yoxlayıb, sonra sobadan götürün. Üzəri üçün bal istifadə edirsinizsə, balı almaların üzərinə keks hələ isti ikən çəkin.
7. Keks 5 dəq. soyuduqdan sonra qabdan çıxarın.
Servisi üçün:
Otaq temperaturunda dondurma və ya qaymaqlı kremlə servis edə bilərsiniz. Qaymaqlı krem üçün 33%li kremi çalıb, içinə zövqünüzə görə şəkər pudrası və vanil əlavə edərək hazırlaya bilərsiniz. Və ya hazır dezodorant kimi qablarda olan çalınmış kremdən (üzərində whipped cream yazıır) istifadə edə bilərsiniz. Dondurmanı isə evdə hazırlamaq istəsəniz bu linkə müraciət edin.
Saxlama qaydası:
Ağzı qapalı qabda və ya streçlənmiş şəkildə 2 gün saxlaya bilərsiniz. Digər alma kekslərdən fərqli olaraq problemsiz qala bilməsini çox bəyəndim.
şəfəq
Vişnəli olan kekslərini də çox bəyənmişdim almanların. Bu da çox möhtəşəm görünür.
Saturday Menu
Şəfəq, inşAllah bunu da bəyənərsən.
nuray
Cox gozel. Yaxin zamanda men de hazirlayacam.
Saturday Menu
Nuray xanım, inşAllah bəyənərsiniz. Kommentlərinizi gözləyəcəm.
Şəhla
Əlimdə yeni dadlı fərgli alma pirogu resepti axtarırdım . Ümid edirəm bu pirogunuz da çiyələk li kek gədər gozəl və dadlı çıxacaq. 🙂
Saturday Menu
Şəhla xanım, ümid edirəm bəyənəcəksiniz, yanına qaymaqlı krem və dondurmanı çox məsləhət görürəm. Almanlar özləri də elə servis edirlər.
Gunel Farzaliyeva
Alma piroqlari vanil dondurma ile ela olur, ellerine saglik qesheng gorunur 🙂
Saturday Menu
Günel çox təşəkkür edirəm. Hə, çox dadlı olur.. Lap ürəyim dondurma və yanında alma keksi istədi bu pəhriz zamanında