Haqqımda
Bizi biz edən yaşadığımız emosiyalardır. Və heç fərq eləmir ki, çılğın xolerik, yoxsa səbrli fleqmatikdən söhbət gedir, hər kəsin emosiyaları var, öz emosiyalarını yaşadığı dünyası var. Bu dünyamız nə qədər rəngarəng olarsa, özümüz də daha rəngarəng insana dönürük, ətrafa işıq saçan, pozitiv dolu birinə. Yeni emosiyalara həmişə ehtiyacımız var, bizdə xatirələr yaratmaq hüququna sahib, bizim şəxsiyyətimizi dolğunlaşdıran, eyni zamanda pozitiv olanlarına. Təəssüf olsun ki, yaş çoxaldıqca rutin həyat emosiyaların yeknəsəqliyinə səbəb olur, hər gün yenidən aşiq olmaq, hər gün səyahət etmək mümkün deyil, rutin həyatda isə pozitiv emosiyaları tapmaqda çətinlik çəkirik.
Amma bir sirr var – bişirmək. Bişirmək – yeni dadlara səyahət etmək, hər gün yeni bilgilər qazanmaq, hər yeni bişirdiyimizlə inkişaf etmək, hər gün yeni-yeni reseptlərə aşiq olmaq üçün mükəmməl platformdur. Eyni zamanda o gündəlik həyatımızın bir parçası, həm də ən gözəl xatirələrimizin yaradıcısı ola bilir.
33 yaşındayam, amma anamın mənim uşaqlığımda bişirdiyi eklerlərin xəmirinin görünüşü və iyi, mənim üçün kremsiz eklerləri ayırması, onun bişirdiyi darçın ətirli quymağın yumşaqlığı, zebra keksinin rəngləri, Napoleon tortunun xırçıldaması və daha bir çox şey unutmadığım, unuda bilmədiyim və ən əsası unutmaq istəmədiyim xatirələrin başında gəlir.
Bugün çox sevgi ilə bişirirəm, hər bişirdiyim fərqli aləmə səyahət kimidir. Və məncə, bunları paylaşmanın və sizlərin də bu emosiyaları yaşamasına, xatirələr qazanmasına vəsilə olmaq zamanı yetişib.
Gəlin, bərabər bişirək!
Bu arada özümü təqdim edim, mən Aygün İslamzadə. Ailəliyəm, 1 oğlum var. Reklam agentliyində işləyirəm və boş zamanlarımda şirin-duzlu məmullar bişirirəm. Baking, yəni Azərbaycan dilində sobada bişirmə çox sevdiyim hobbimdir. Və məncə, hobbisiz yaşamaq olmaz!
Bloqumda istifadə olunan bütün fotolar mənə məxsusdur, icazəsiz və link vermədən paylaşılmamasını qətiyyətlə xahiş edirəm. Eyni zamanda, əgər bloqumdan reseptlər olduğu şəkildə paylaşılacaqsa, o zaman mənbəyə istinad yenə də vacibdir. Anlayışınıza görə təşəkkür edirəm!