Şəkər sevdim səni, bir günah kimi…
Bəli, bəli.. günah. İstənilən insanın, hətta kökəlməyə meyli olmayan, şəkərlə bağlı heç bir xəstəliyi olmayan insanın şüuraltısı belə, şəkərin günah olduğunu hər gün bir-neçə dəfə pıçıldayır. Beynin isə ən rahat, tez mənimsədiyi qidası şəkər olduğu üçün şüuraltı və şüurun mübarizəsi bu məqamda başlayır. Və təxmin edərsiniz ki, bu mübarizədə şüurumuz qələbə çalır. Bugün Azərbaycan üçün statistik göstəricilər olmasa belə, Türkiyədə insanbaşına ildə düşən şəkər miqdarı 29,5 kq-dı. (National Geographic Türkiyə, avqust 2013) Türkiyədə bizim qədər konfet yeyilməməsini nəzərə alacaq olsaq, bizdə bu rəqəm hər halda daha da artıqdır. Bu da şüurumuzun şəkəri sevməsinin çox böyük göstəcisidir. ( Yazını yazarkən Azərbaycan statistikasını tapmamışdım, Muzəffər bəyin facebookda kommentində verdiyi statistika çox təəccübləndirdi və sevindirdi, düz tapmışdım, Türkiyədən biraz çoxdur, belə ki, 30-31 kq-dır. DSK, 2014)
Şəkərli məhsulların reklamlarındakı subliminal mesajlara fikir versək, çoxunun erotik köklü, günaha işarə vurub, bu duyğuları rahatladan mövzularda olduğunu görərik. Bir şirniyyat bloqu sahibi üçün bunu yazmaq həm əcaib, həm komik görünə bilər, amma yenə də bacaran, bu hissə qalib gələn şəkər yeməsin. Bu bloqu bağlayıb bir də açmasın, marketə girib şəkərə doğru baxmasın. Təqdir edərəm elələrini. Özüm dəfələrlə şəkərsiz həyata başlamışam, amma gördüyünüz kimi, hələ də şəkər yeməyə davam edirəm. )
Şəkərin qısa tarixi də çox maraqlıdır. Qısa ona görə ki, cəmi bir-neçə yüzillik əvvəl qida məhsulları arasına daxil olub. Yeni Qvineyada şəkər qamışı müqəddəs sayılırmış, hətta oranın yerliləri öz soylarının şəkər qamışından gəldiklərini iddia edən rəvayətlərə hələ də inanırlar, sonradan Hindistana yayılan şəkər qamışı, ordan da ərəblərə keçir. Sindey Mintz «Şəkər və güc» adlı kitabında yazır ki, ərəblər şəkəri Qurani-kərimlə bərabər dünyaya yaydılar. 6-cı əsrdə ərəb orduları getdikləri hər yerə şəkər qamışını daşıyırdı, onlarla birgə Avropaya çatan şəkər o zamanlar zənginliyin simvolu idi.
Ərəblər indi marsipan dediyimiz badam əzməsi və şəkər qarışığını çox sevirdilər, o zamanın yazarlarından birinin əlyazmalarında badamlı şəkərdən tikilən camidən söz edilir, “əvvəl ibadət edin, sonra yeyin” demişlər deyilir. Britaniyalı və Fransalı xaçlılar Avropalılardan ilk bu sevdaya tutulanlardırlar, bu şəkər sevdası ilə şəkər qamışı ta Avropanın o biri başına qədər çatır, uzun yol olur onunku. Əndəlüs torpaqlarından Britaniyaya uzanan yol. Amma bir problemlə üzləşir, sadəcə tropik torpaqlarda yetişə bildiyi üçün digər torpaqlardan heç bir nəticə əldə olunmur. Bu səbəbdən şəkər hələ uzun müddət sadəcə zəngin yeməyi sayılır, İpək yolu ilə gətirilən bahalı ədviyyatlar arasında yer alır.
Kolumbun ilk səfərində gəmidə Amerikaya şəkər qamışı da gedir və nə böyük səadət şəkər üçün.. Bu torpaqların böyük hissəsi şəkərqamışı əkmək üçün ideal idi və çox keçmir ki, Yeni Dünya plantasiyalarla aşıb daşır, şəkər kölələri deyə yeni irq əmələ gəlir. Bir sözlə, köləliyin səbəbkarlarından biri də şəkər olur, amma şəkər olmasa belə, insan xisləti bir bəhanə tapıb özündən zəiflərdən qul yaradacaqdı. 1665-ci ildə Britaniya müstəmləkəsi olan adalarda şəkər istehsalı günü-gündən artır. Bir ingilis, 1700-cü illərdə ildə 1,8 kq, 1800-lərdə 8,2 kq, 1870-də 21 kq şəkər yeyirdisə, bu rəqəm 1900-cü illərdə 45 kq-a çatdı. Bu 30 il şəkərin tarixçəsində çevriliş illəri oldu, şəkər istehsalı 12 milyon tona çatdı. Özü ilə bu istahsal nələr gətirdi sualına isə, kasıblar üçün də əlçatan oldu, tezliklə, köklük, diabet və şəkərin yaratdığı bir çox xəstəliklər vüsət aldı. Bugün xəstəliklərin artmasında ən böyük günahkar şəkər sayılır. Biz də bunu bilə-bilə, hər gün bu günahdan biraz daha artıq yeyirik.
Hələ də şəkər yeməyə həvəsiniz qalıbsa və ikinci abzasdan sonra daha şəkər yeməyəcəm deyən bəxtəvərlərdən deyilsinizsə, gəlin, yeni reseptə keçək. İndi yazmaq istədiyim reseptin müəllifi Claire Ptak da mənim kimi, əgər şəkərli bir şeylər yeyib günaha batacaqsınızsa, onda əlasını yeyin ki, bu günah üçün bəhanəniz keçərli olsun deyə düşünür.
Butterskotçlu blondi (ing. blondie) həqiqətən möhtəşəm reseptdir, dəfələrlə fərqli qurumlar ən yaxşı resept adına layiq görüblər. Blondi məşhur brauninin (ing. brownie) antaqonisti, eyni zamanda ulu babasıdır. Yəni, hal-hazırda çox şokoladlı, qəhvəyi rəngdə olan brauni əsrlər əvvəl blondi kimi sarışın idi.
Violet Butterskotç Blondi
Bu resept 30×20 sm-lik kvadratik qab üçün nəzərdə tutulmuşdur, alternativə ehtiyacınız varsa, 25-26 sm diametrində olan, amma hündürlüyü təxminən 5 sm-dən artıq olan yumru qabda bişirə bilərsiniz.
Resept Claire Ptak-ın The Violet Bakery Cookbook kitabından adaptasiya olunmuşdur.
Karamel parçacıqları üçün
• 3/4 st. şəkər tozu (150 qr)
• 2 x.q. su
Xəmiri üçün
• 250 qr. yağ
• 2 yumurtu
• 1 1/4 st. açıq qəhvəyi şəkər tozu (250 qr)
• 1 2/3 st. un (240 qr)
• 1 1/4 ç.q. qabartma tozu
• 1 1/4 ç.q. incə dəniz duzu ( dəniz duzunuz yoxdursa, süfrə duzunu iki dəfə az tökün, təxminən 3/4 ç.q.)
• 1 1/2 ç.q vanil ekstraktı (olmasa, vanilinlə əvəz edə bilərsiniz)
• 120 qr. südlü şokolad
[wt-tip]Oxuyucuların geri dönüşlərindən bir çoxunun ağ şəkər istifadə etdiklərini öyrəndim. Ağ şəkər qəhvəyidən daha şirin olduğu üçün 1 st. istifadə etməyiniz məsləhətlidir. Eyni zamanda qəhvəyi şəkər bu şirniyyatlara butterscotch (karamelə bənzər) dad verir. Ağ şəkərlə o nəticəni əldə etmək mümkün deyil. [/wt-tip]
Hazırlanma qaydası:
- Qabınızın dibinə bişirmə kağızını sərin, kənarlarını isə yağlayın.
- Bir balaca tavaya 2 qaşıq su ilə şəkəri töküb qazın üzərinə qoyursunuz. Şəkərlər əriyənə kimi qarışdırın (bu arada şəkər azacıq daşlaşan kimi olur, sonradan yenidən mayeləşir), sonra açıq qəhvəyi rəng olmasını gözləyib, bişirmə kağızı və ya bişirmə üçün nəzərdə tutulan silikonun üzərinə boşaldın. Karamelin çox yanmamasına diqqət edin, amma karamalləşməsi vacibdir.
- Spatula yardımı ilə nazik şəkildə karameli yayıb soyumağa qoyun. Bu prosesi daha detallı bu linkdən öyrənə bilərsiniz.
- Sobanızı 160C° qızdırın.
- Yağı balaca bir qazanda əridin və soyumağa qoyun.
- Başqa bir qabda yumurtaları, şəkəri və vanili yüngülvari ağarana qədər bərabər çalın, sonra üzərinə ərimiş yağı tökün.
- Bir qabda unu, qabartma tozunu və duzu qarışdırın, sonra üzərinə yağlı qarışımı əlavə edin. İçinə isə parçalanmış südlü şokoladları tökün. Sadəcə qarışana kimi qarışdırın, lazımından artıq qarışdırılması yaxşı nəticə verməyə bilər.
- Xəmirini tökün bişirmək üçün nəzərdə tutduğunuz qaba, üzərini spatula və ya bıçaq vasitəsilə hamarlayın.
- Hazır elədiyiniz karamel artıq soyumuş və bərkimişdir. Onu təxminən 1-1.5 sm. parçalar şəklində qırın və xəmirin üzərinə səpin.
- 30 dəq. bişirin. Götürdüyünüzdə hələ də ortası yumşaq görsənəcək, bu sizi narahat etməsin. Blondi və braunilərin bundan artıq bişməməlidir.
Saxlanma qaydası:
Ağzı bağlı qabda 3 gün saxlaya bilərsiniz. Amma təcrübədən bilirəm ki, bu çox çətin məsələdir 😉
Nuş olsun möhtəşəm blondiləriniz!
Qeyd: Bişirərkən fikir vermədiyim bir məsələyə diqqətim yazarkən çatdı, kaş ki, karamel parçacıqlarının da şəklini çəkəydim deyə köks ötürdüm, hal-hazırda yenidən eləmək istəmirəm, çünki yeni reseptlər eləmək və sonra bura yazmaq niyyətindəyəm, eyni zamanda başqa birinin şəklini icazəsiz paylaşa bilmərəm. Ona görə yazıdan karamel parçacıqlarının görünüşünün necə olacağını başa düşməsəniz, zəhmət olmasa, caramel shards yazaraq axtarışa verin, ilk gördüyünüz şəkillərdə elə doğrusu olacaqdır. Uğurlar )
Şəfəq
Karameli çox sevirəm,ona görə günaha girməyə dəyər)))
admin
Şəfəq, 100%. Bişirəndən sonra təəssüratlarını gözləyəcəm. )
Şəfəq
Mütləq bölüşəcəm sizinlə. Sevirəm fəqli dadları,hər dəfə eyni şirniyyatları bişirmək yorucudur mənə. Hər dəfə şirniyyat düşünəndə birini bişirib fikrilərimi bölüşəcəm sizinlə. Bu dəfəki hədəfim budur ən qısa zamanda inshALLAH bişirməyi düşünürəm.
Şəfəq
Təəssüratlarımı bölüşəcəm demişdim)) Həqiqətəndə dadı əladır hər nə qədər problemlərlə bişirsəmdə)) görüntüsü sobanın soyuqluğundan yaxşı olmasada qonağım və yeyənlər çox bəyəndi dadını. Özümdə bəyəndim,həqiqətən möhtəşəmdir çünki.
Saturday Menu
Heyf ki, soba problem çıxarıb, inşAllah gələn dəfə problemsiz olar.
sevda
melumatlariniz eladir.cox zovq alaraq oxudum.
Saturday Menu
Chox teshekkur edirem Sevda xanim. ?
Pingback: Ketogen pəhrizə giriş & yağ kökəldir? | SaturdayMenu