Kokos ovuntulu & bananlı keks

Mətbəx haqqındakı ən yaxşı saytlardan biri food52.com dünənki reklam postunda «Tünd şokoladlıları dərin qışa saxlayın» yazmışdı. Düzdür, yay – meyvələrin və rənglərin zamanıdır. Buna sübut çiyələk keksi reseptimin də bu qədər uğurlu olmasıdır, baxmayaraq ki ekspromt alındı və çox təcili şəklini çəkdik, amma həm resept, həm şəkil yayın abu-havasını gözəl yansıtdı. Nəticədə təcrübədən keçirənlərin onlarla çiyələkli keks şəkillərini gördüm və bəzilərini daddım belə. SaturdayMenu-nun facebook səhifəsində də qeyd etdiyim kimi, Gülşənin sayəsində bu keksin resepti hətta radio verilişə qədər çatdı. Bütün bişirənlərə, paylaşanlara, yeyənlərə yenidən təşəkkür edirəm.

Eyni zamanda bloqun analitik göstəcilərində ən çox baxılan tag “meyvəlilər” olduğunu gördüyümdə və bananlı keks resepti xahişi aldığım üçün yeni resept mütləq və mütləq Nick Malgieri-nin «Kokos ovuntulu bananlı keks»i olmalıdır deyə düşündüm. Banan yay meyvəsi olmamasına baxmayaraq, əminəm ki, bu kokos, banan, çox zərif hiss olunan darçın ahəngi qəlbləri fəth edəcək və yenə də özündə yay desertlərinin xəfifliyini daşıyacaq. Bu reseptdə keksin xəmiri ilə ovuntu (crumble) arasında olan bananlar bişmiş, amma canlılığını və nəmliliyini qoruyan cemə çevrilir.

Kokos ovuntulu banan keksi
Keks 23-25 sm diametri olan dəyirmi qab üçün nəzərdə tutulmuşdur. Kənarları açılan qab bu keks üçün idealdır.

Resept Nick Malgieri-nin Bake!: Essential Techniques for Perfect Baking kitabından adaptasiya olunmuşdur.

Kokoslu ovuntu üçün

• 1¼ st. un
• ⅓ st. şəkər tozu
• ¼ ç.q. qabartma tozu
• ¼ ç.q. darçın
• Qaşığın ucunda duz
• ½ st. kokos (paketlərdə olanı almağa çalışın, çəki ilə satılanlardan piştaxta dadı gəlir)
• 100 qr. kərə yağı

Keksin xəmiri üçün

• 1¼ st. un
• ¾ st. şəkər tozu
• ½ ç.q. qabartma tozu
• ¼ ç.q. duz
• 100 qr. kərə yağı (yumşaldılmış)
• 2 böyük yumurta (otaq temperaturunda)
• 1 yumurtanın sarısı (otaq temperaturunda)
• 1 ç.q. vanil ekstraktı (əgər yoxdursa, şəkərli vanilin istifadə edə bilərsiniz)
• 3 orta böyüklükdə banan (təxminən yarım kq)

[wt-tip]Bananların yetişmiş olmasına xüsusi diqqət göstərin. Yetişməmiş banan Nick Malgierinin diliylə desək, kartofdan fərqlənmir bişmişlərin içində. [/wt-tip]

Hazırlanma qaydası:

  1. Ovuntu üçün əvvəl kərə yağını əridin.
  2. Sonra ovuntu üçün nəzərdə tutulan unu, şəkər tozunu, darçını, kokosu, qabartma tozunu bir qabda bir-birinə yaxşı qarışdırın, üzərinə əridilmiş yağı töküb, barmaqlarınızla 0,5-1 sm-lik kiçik yumru ovuntular halına salın və bir tərəfə qoyub saxlayın.
  3. Bananları balaca halqalar şəklində doğrayın.
  4. Sobanızı 175Cº qızdırmağa başlayın.
  5. Unu, qabartma tozunu və duzu bir-birinə yaxşı qarışdırın.
  6. İçinə yumşaldılmış yağı tökün və homogen olana qədər qarışdırın.
  7. Başqa bir qabda yumurtaları, şəkər tozunu, yumurta sarısını və vanili qarışdırın.
  8. Unlu-yağlı qarışımın üzərinə yumurtalı qarışımın bir hissəsini töküb mikserlə bir dəqiqə müddətində çalın, əl saxlayıb, qabın kənarlarını içinə doğru təmizləyib, yenidən bir dəqiqə çalın, sonra geri qalan hissəsini töküb 2 dəqiqə orta sürətdə qarışdırın.
  9. Yağlanmış və unlanmış qabın içinə əvvəlcə xəmiri tökün, sonra üzərinə banan halqalarını sıx şəkildə düzün. Qabın kənarında 0,5 sm boşluq saxlayın ki, bananlar bişib cemləşəndə xəmirin kənarına çıxıb yanmasın.
  10. Hazırladığınız ovuntuları bananların üstü tam örtülmək şərti ilə keksin üzərinə tökün.
  11. Üzəri qızarana kimi və içini kibrit çöpü ilə yoxladığınızda çöp təmiz çıxana kimi bişirin, təxminən 50-60 dəq. vaxt alacaqdır.
  12. Çıxarandan sonra 10 dəq. qabın içində soyuduqdan sonra qabdan çıxara bilərsiniz.

Saxlanma qaydası:

Ağzı bağlı qabda və ya streç filmlə sarılmış qabda 3 gün müddətində saxlaya bilərsiniz.

Bananlı keksiniz nuş olsun!

Nich Malgieri-dən bloqumda paylaşdığım digər resept Xamalı smaylik keksi-dir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir