Məhz bugün, yəni iyul ayının 3-cü bazar günü Amerikada dondurma günü qeyd olunur, həm də Milli Dondurma günü.. Bizim dondurma günümüz və bayramımız olmadığı üçün bugünü borc alıb amerikanlardan biz də evdə dondurma günü qeyd elədik. Bugünü qeyd etməyin ən gözəl yolu isə əlbəttə evdə dondurma hazırlamaq idi, dadlı və mütləq çiyələkli… )
Evdə dondurma düzəldən aparatım olmadığı üçün aparatsız hazırlana bilən, çiy yumurta yeyə bilmək mövzusunda hələ də tərəddüdlərimi və şübhələrimi aşa bilmədiyim üçün isə bu dondurma yumurtasız olmalı idi. Əslində bir bəsit resepti gözüm çoxdan tutmuşdu, qatılaşırılmış südlü, qaymaqlı və çiyələkli dondurma.
Dondurma hazırlamadan əvvəl əsas sual o idi ki, buzlu olacaq, yoxsa olmayacaq. Biraz dükandan alınan dondurmalara görə buzludur, soyuducudan çıxdıqdan sonra 5-6 dəqiqə gözlətmək lazımdır, bu buzluluğu əsasən çiyələk verir, bu səbəbdən digər variantlarda daha az buz olacağına əminəm.
İçindəki inqredientlərin nə olmasından əmin olmaq və çox-çox dadlı dondurma hazırlamaq istəyirsinizsə, mütləq sınaqdan keçirilməli reseptlərdəndir.
Çiyələkli asan hazırlanan dondurma
Resept Food Networkun saytından adaptə olunmuşdur.
Təxminən 8 porsiyalıqdır. Qab kimi, dəmir materialından olan kubik şəkilli keks qabı ideal olacaq, daha rahat soyumanı təmin etdiyi üçün. Əgər yoxunuzdursa, başqa ensiz, uzun və dəmir qabdan istifadə edə bilərsiniz.
• 350 qr. çiyələk + bir-neçə çiyələk servis üçün
• 380 qr. qatılaşdırılmış süd (1 alüminium banka təxminən, alanda qramajına baxmaq lazımdır, bəziləri kiçik həcmli olur)
• 2 st.-dan biraz az 33%-li qaymaq (slivki)
• 1 ç.q. vanil ekstraktı və ya 1 vanil çubuğu (yoxdursa, şəkərli vanilin istifadə edə bilərsiniz)
• 1 çimdik duz
Hazırlanması:
- Çiyələyi təmizləyib, prosessorda püredən daha iri hissəciklər olana kimi əzin, prosessor yoxdursa, əzə bilərsiniz.
- Qaymağı dar və dərin qaba töküb, mikserlə krem halını alana kimi çalmaq lazımdır.
- Çiyələyə vanili, duzu və qatılaşdırılmış südü əlavə edin. Sonra isə bu qarışımı krem halında olan qaymağa ehtiyatla qarışdırın, çalışmaq lazımdır ki, kremin havası çıxmasın. Bu prosesi mikserlə etmək olmaz, spatula ilə çox ehmalca etmək lazımdır.
- Hazır olan qarışımı ehmalca qabın içinə boşaldın.
- Soyuducunun buzxana qisminə qoyun, birinci iki saatı hər 15-20 dəq-dən bir çıxarıb yüngülcə qarışdırın. Bu buzlaşmanın qarşısını almaq üçündür.
- 2 saatdan sonra axırıncı dəfə qarışdırıb, 3-4 saatlıq buzxanaya qoyun.
- Artıq dondurmanız hazırdır, servis etmək üçün 5-6 dəqiqə açıq havada saxlayın. Servis vaxtı üstünü çiyələk və nanə ilə bəzəyə bilərsiniz.
Fərqli variantlar:
Vanilli dondurma üçün çiyələyin yerinə əlavə bir qaşıq vanil töküb, bütün geri qalan prosesi eyni şəkildə etməlisiniz.
Şokoladlı dondurma üçün çiyələyin əvəzinə 1/2 st. kakao əlavə edə bilərsiniz. Kakaonuzu seçərkən təbii (natural) olmasına diqqət edin. Geri qalan bütün prosesləri çiyələkli kimi davam edin.
Karamelli dondurma üçün çiyələyi çıxarıb, bişmiş qatılaşdırılmış süd ilə qatılaşdırılmış südü əvəz edib (hazır dulce de leche, evdə də qatılaşdırılmış südü bankası ilə suyun içində 2-3 saat bişirərək düzəltmək mümkündür, amma indi hazır şəkildə marketlərdə olduğu üçün elə də ala bilərsiniz), biraz duzu artırıb, geri qalanını eyni şəkildə edə bilərsiniz.
Bir də bu dondurmalara sevdiyiniz peçenyeləri xırdalayıb töksəniz, fərqli dadlar əldə edəcəksiniz.
Dondurma gününüz mübarək, dondurmanız isə nuş olsun.
Şəfəq
Əsil vaxtında paylaşılıb e. Bu istilərdə tam zamanıdır.
Saturday Menu
Çox sağol, Şəfəq. Deyirlər, istilər avqustun ortalarına kimi davam edəcək
Şəfəq
O zaman sərinləşdirici dadlar gözləyək blogdan.
Gunel
mmmm dodurma )) chox asan imish ve eminem ki hem de dadlidir! 🙂
Saturday Menu
Gunel, çox asandır, sən də evdə hazırla. Uşaqlara içində nə olduğunu bilmədiyimiz dondurma verməkdənsə, belə evdə hazırlamaq daha yaxşıdır.
Gunel
Bash uste, mehz bunu hazirlayaram ))
Saturday Menu
Sağol Gunel, şərhlərini gözləyəcəm hazırlayandan sonra.
Heyat
Men hazirladim, yedik bile)) kakaolu ve sadesin hazirladim cox dadli alındı. Yumurta olmamagi ise daha da gözellesdirir, çünki men de yeye bilmirem. Kecen yay yumurta olan bir reseptle eledim, dadina baxdim qeseng olmusdu amma ciy yumurtani yemek içimden gelmedi, hamisini yoldasima verdim yedi. Bu resept cox işime yaradı ona gore. Teşekkürler?
Saturday Menu
Nuş olsun, mən də sadəsin hazırlamaq istəyirəm yaxın zamanda.
azerifoodie
Asandır, mən elə bilirdim uzundərədir. Şokoladlı seçdim, yapacam ))
Vusale
Salam aleykum Aygun xanim. Bu dondurmani kofeli nece elemek olar? Sokolatlidaki kimi kofe tozu ile etsem nece olar sizce? Kakao yerine kofe tozu ?
Saturday Menu
Vusale xanım, kofe mümkündür, espresso hazırlamaq üçün olan toz, bu ölçüdə internetdə baxdım 2 x.q. yazırlar reseptlərdə. Amma özüm sınamadığım üçün dəqiqi dadı necə olur deyə bilmirəm.
KhalidaMammadova
Ay ne gozeldir tesekkurler
Saturday Menu
Mən də təşəkkür edirəm kommentiniz üçün.
Aysel
Elleriniza sagliq. Mutleq hazirlayacam. Deyirler hazir dondurmalara palma yagi qatirlar
Aysel
Stekan dedikde 250 ml.lik stekan nezerde tutursunuz?
Saturday Menu
Aysel xanim, standart st. Xrustal ve ya adi 240-250 ml tutur. Hazir olchu chashkalari da ola biler.
Pingback: YAZ MEYVƏLƏRİ İLƏ 5 LƏZZƏT | SaturdayMenu