Pəhrizin vacib elementlərindən biri də fikrimcə yeknəsəq qidalanmamaqdır, çünki, mənim kimi mədəsindən də çox ağız dadına düşkün insanlar üçün dadlı və fərqli yeməmək həvəslə başladığımız dieti yarım qoymağa səbəb ola bilər. Öz pəhrizimdən isə məhz bu yazıda biraz yazacam.
Mənim üçün hər zaman kalori hesablamaq biraz çətin gəlib, ona görə pəhrizimi karbohidratları azaltmağın üzərində qururam. Zülallar, yağlar isə olduğu kimi qalır. Keçən dəfə mayda başlayıb Ramazan ayında bitirdiyim pəhrizə bir də senytabr ayında geri dönə bildim. O yazıda həvəslə izah etdiyim tərəvəzlər indi o qədər çeşidli deyil, amma yenə də bu mənim pəhrizim üçün maneə deyil. Gül kələmi, brokkoli, badımcan, qabaq, pomidor, xiyar, bibər, son günlərdə artıq bazara çıxan ispanaq gündəlik menyumu rəngləndirir. Süd məhsulları və ət isə zülal olaraq böyük yer tutur. Bir də yenə də həftədə bir-iki dəfə menyuya paxlalıları salıram. Paxlalılar superqidalar adlansa da, hal-hazırda bəzi pəhrizlərdə onların kəsmək və ya az yemək məsləhət olur. Buna səbəb tərkibində bitki mənşəli və çox faydalı zülal olsa da, yenə də karbohidrat miqdarının az olmamasıdır.
Bu superqidalardan birinin isə arıqlamaq üçün pəhrizlərdə xüsusi yeri var, ağ lobya. Ağ lobya lif və zülal qaynağı olmaqla bərabər, həm də tərkibindəki amilaza inhibitorunun sayəsində nişastanın sorulmasına və düzgün həzm olunmasına mane olur, bu da arıqlamağa və ya ən azından kökəlməməyə səbəb olur.
Salatın digər inqredienti tuna balığındakı Omeqa 3-ün də arıqlamağa yardım etdiyini danılmazdır. Bu səbəbdən bu İtalyan əsilli və sağlamlığa çox faydalı salatla nahar və ya şam yeməyini əvəz edə bilərsiniz.
Ağ lobyalı və tuna balıqlı salat
• 2-4 nəfər üçün nəzərdə tutulmuşdur.
• ¾ st. quru ağ lobya (1 konserva ağ lobya da istifadə edə bilərsiniz)
• 1 konserva tuna balığı (bitki yağında və ya suda ola bilər)
• 200 qr. çerri pomidor (çerri pomidor yerinə normal pomidoru xırda kubiklər şəklində doğrayıb istifadə edə bilərsiniz)
• 1 x.q. konservləşdirilmiş yerqulağı (kapari və capers, dilimizdə ona yerqulağı adı kim qoyub bilmirəm, amma qəşəng ad olub:), yerqulağı opsionaldır, istifadə etməyə də bilərsiniz)
• ½ dəstə cəfəri (petruşka)
• 1 x.q. zeytun yağı
• 1 qırmızı soğan
• ½ limonun suyu
• Zövqə görə duz və istiot
Servis üçün
Porsiya sayına görə soyutma yumurta
Hazırlanma qaydası:
- Quru lobya istifadə edirsinizsə, onu əvvəlki gündən isladın və bişirin. Bişərkən biraz duz əlavə etməyi unutmayın.
- Qırmızı soğanı halqa-halqa doğrayıb, üzərinə ortadan bölünmüş çerri pomidorları, yağı süzülmüş tuna balığını, yerqulağını, doğranmış cəfərini və bişmiş lobyaları tökün.
- Zeytun yağını, limon suyunu, duz və istiotunu əlavə edib qarışdırın. Acı sevənlər zövqlərinə görə pul bibər əlavə edə bilər, onun da arıqlamaq üçün xüsusi faydası var.
- Servis edərkən porsiya sayına görə soyutma yumurtaları 2 və 4 yerə bölüb salatınızın üzərinə qoyun. Beləcə, nahar üçün ideal yemək əldə edəcəksiniz.
Ağ lobyalı və tuna balıqlı salatınız nuş olsun.
nuray
Size pehrizinizde mohkem irade arzu edirem 🙂 Hedef nece kilodur ?
Tuna salati her zaman favori salatimdir.
Saturday Menu
Nuray, hədəf çoxdur.. ))) Deyilməyə utanılacaq qədər çox.. İradə həqiqətən lazımımdır, hava və su qədər. Çox təşəkkür edirəm.
nuray
Mence sizin iradeniz chatacaq. Mene de arada muraciet edin. Belke unutdugunuz meqamlar varsa pehrizle bagli. Komeklik ederem )
Saturday Menu
Nuray, çox sağolun. Mütləq. Əsas odur ki, indiki kimi motivasiya etməyə davam edin. Təşəkkürlər
Aynura
Bu salat shehanedir.?Cox sagolun paylashdiginiza gore.?
Hem doyurucu, hem de lezzetli?
Saturday Menu
Çox təşəkkür edirəm Aynura xanım. Bəyəndiyinizə çox sevindim.