AĞ ŞOKOLAD SOSLU MORUQLU YUMRULAR

Mayalı xəmirləri sevirəm, Avropa mətbəxinə sevgim də bəlkə elə buna görədir. Yumşaq, hər dəfəsində fərqli içliklə edib fərqli dad almaq imkanı olan roll-lar isə favori siyahısında birinci yerdədir. Bu dəfə moruqlu və üzəri ağ şokoladlı elədim. Evi dolduran moruq və bişmiş iyi yemədən doyuzdururdu. Dünən səhər bişirdiyimə baxmayaraq bu qoxu hələ də burnumdadır. 🙂 Bu reseptdə başqa giləmeyvələr də istifadə etmək mümkündür, eyni zamanda üzərinə ağ şokolad yerinə, limonlu sos da edə bilərsiniz. Hər zövqə uyğun variasiyalar üçün roll reseptləri açıqdır. İstədiyinizi edin, yenə də çox dadlı olacaq.

Ağ şokolad soslu moruqlu yumrular
Resept üçün 23 sm-lik kvadrat və ya 23 sm diametrində dairəvi qab istifadə edə bilərsiniz. Bir variant da böyük qabda roll-ları ayrı-ayrı düzməkdir.

Resept sallysbakingaddiction.com saytından adaptasiya olunmuşdur.

Xəmiri üçün
• 2¾ st. un
• 3 x.q. şəkər tozu
• 1 ç.q. duz
• 1½ ç.q. aktiv maya
• ½ st. (120 ml) su
• ¼ st. (60 ml) süd
• 50 qr. kərə yağı
• 1 böyük yumurta

İçlik üçün
• 300 qr. təmizlənmiş moruq
• 1 x.q. qarğıdalı nişastası
• ¼ st. şəkər tozu

Ağ şokoladlı sos
• 90 qr. (1 plitka) ağ şokolad
• 3 x.q. pudra şəkəri
• 3 x.q. süd

Hazırlanma qaydası:

  1. ½ st. unu ayırın, geri qalanını böyük qaba tökün, üzərinə duzu, şəkəri, mayanı əlavə edib qarışdırın.
  2. Süd, su və yağı balaca qazançaya töküb, yağ əriyənə kimi qızdırın, sonra 50Cº -yə qədər soyumasını gözləyin.
  3. Yağlı qarışımı una əlavə edib, yaxşı qarışdırın, sonra üzərinə yumurtanı vurun.
  4. Bu qarışıma unun yerdə qalanını da əlavə edib xəmir yoğurun və xəmiri üzərini streç folyo ilə qapayıb, 2 saat mayalanmaq üçün qoyun.
  5. İçliyi hazırlamaq üçün moruqlarla nişasta və şəkəri qarışdırın.
  6. Sobanızı 190Cº qızdırın.
  7. Xəmiri xəfif unlanmış yerə qoyun və oxlovla 40smx30sm böyüklüyündə düzbucaqlı şəklində açın.
  8. İçinə moruqları hər tərəfinə çatacaq şəkildə düzün və rulet şəklində xəmirinizi bükün.
  9. Alınan ruleti 9 eyni boyda hissəyə ayırın bıçaqla və sonra qabınızın içinə düzün.
  10. 30-35 dəqiqə sobada bişirin. 20 dəqiqə bişdikdən sonra həm sobanın içində fırlayın, həm də çox qızarmasını istəmirsinizsə, üzərini folqa ilə örtün.
  11. Ağ şokoladı sos üçün əridin, içinə pudra şəkərini və südü əlavə edin, qatı sos sevirsinizsə, pudra şəkərini biraz artıq istifadə edin.
  12. Sobadan çıxan yumruların üzərinə sosdan töküb servis edin, ilıq şəkildə və ya otaq temperaturunda yeyilməlidir.

Saxlanma qaydası:
Bişirildiyi gün yeyilməsi məsləhətdir, saxlanması üçün yaxşı qapalı şəraitdə soyuducunun buzxanasına qoya bilərsiniz. 5 gün bu şəkildə saxlanıla bilər, istifadə edəndən əvvəl sobanı əvvəl qızdırıb, sonra içində roll-ları qızdırmaq məsləhətdir.

Ağ şokolad soslu moruqlu yumrularınız nuş olsun və fərqli yumru resepti axtarırsınızsa, minnoş pizza yumruları reseptini mütləq sınaqdan keçirin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir