ALMAN SÜDLÜ ÇÖRƏKLƏRİ

Həyatda ən sevdiyim dad tandemlərindən biri yağ və çörəkdir, mən pendir sevməyimə baxmayaraq bu ikili olan yerdə pendir də yemirəm. Çünki, ikisinin arasına pendirin belə girməsini istəmirəm. İsti-isti bulka yumşaqlığında çörək və üzərində əriməyə hazırlaşan, amma hələ əriməmiş yağdan gözəl heç nə ola bilməz düşünürdüm. Olarmış.. çörək də südlə yoğrulursa bu tandemə artıq kral statusu da verə bilərik.

alman çörəyi bulka kimi çörək

alman çörəyi südlü çörək

Alman südlü çörəkləri (Milchhörnchen)
Bu resept “Classic German Baking” kitabından adaptasiya olunmuşdur. Reseptdən 10 ədəd individual çörəklər alınır.
• 4 st. un
• 1 yumurta
• 1 st. süd
• 4 x.q. şəkər tozu
• 2 x.q. quru aktiv maya və ya 1 paket instant maya (təzə maya isə 20 qr. lazım gələcək)
• 40 qr. kərə yağı
• 1 ç.q. duz

Üzəri üçün
• 1 yumurtanın sarısı
• 1 x.q. süd
• 1 və ya 2 x.q. xaşxaş

Hazırlanma qaydası:

  1. Kərə yağını əridin, üzərinə ilıq südü tökün, əgər quru maya istifadə edirsinizsə, mayanı südlü qarışığa qatın, sonra üzərinə şəkəri tökün. (İnstant maya istifadə edirsinizsə, mayanı birbaşa una qatın)
  2. Bu qarışımın üzərinə yumurtanı töküb, yaxşıca çalın.
  3. Unu, duzu qarışdırın, südlü yumurtalı qarışımı unla qarışdırıb, xəmir yoğurun. Xəmiri hamar görününədək yoğurun.
  4. Sonra yumrulayıb, üzərini bağlayıb, 1 saat müddətinə mayalanmağa qoyun.
  5. Xəmir mayalandıqdan sonra 10 bərabər hissəyə bölün, hər biri uzun tərəfi 20 sm olan üçbucaqlar şəklində yayın. Mənim üçün bu üçbucaqlar şəklində yaymaq çətin olduğu üçün 40-45 sm diametrində yayıram, sonra dairəni əvvəl ortadan ikiyə ayırıram, hər yarımdairəni 5 üçbucaq və ya yelpik şəklində bölürəm (mutaki də olduğu kimi). Bu şəkildə həm ölçüsündə, həm də formasında problem yaşamıram.
  6. Sobanızı yandırın, 210ºC qızmağa qoyun. Sonra bu üçbucaqları rulet şəklində qalın tərəfindən nazik tərəfinə doğru bükün. Bişmək üçün əvvəlcədən kağız və ya silpat sərilmiş qaba qoyun, qoyarkən çörəyinizin nazik ucunu mütləq cörəyin alt hissəsinə salın ki, bişərkən açılmasın. Çörəklərinizi 15-20 dəq. təkrar mayalanması üçün qoyun.
  7. Bir qabda yumurta sarısı ilə 1 x.q. südü yaxşıca çalın, sonra fırça yardımı ilə çörəyinizin bütün görsənən tərəfinə çəkin, üzərinə xaşxaş tökün və bişməyə qoyun.
  8. Çörəkciklər 12-15 dəqiqə müddətində hazır olacaqlar.

Saxlama qaydası: 

Bişirildiyi gün yeyilməlidir.

Yağla, cemlə və ya başqa sevdiyiniz təamlarla servis edə bilərsiniz. Alma südlü çörəkləriniz nuş olsun!

Şərhlər

  1. Südlü coreklerimizide bisirdik. Yumusaciq pambuq kimi,ozude lezzetli. Sirf bularla yemek ucun murebbe bisirmeyi dusunurem insaAllah.

  2. Kommenti görməmişəm təəssüf ki zamanında. Nuş olsun çörəkləriniz 🙂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir