MAYDANIN BÖYÜK ALMA PİROQU

American chip cookie, yəni şokolad qırıntılı peçenyelər yazısında haqsızlığa yol vermişəm, yazını yazandan sonra yadıma düşdü və o vaxt bu vaxt unutmuram. Çizkeyk, brauni və chip cookie Amerikan desertlərinin öndə gedənidir dediyimdə, yəqin ki, fəslinin gəlməməsi səbəbiylə Amerikan mətbəxininin ən özünəməxsus desertlərindən biri – alma piroqunu unutmuşam. Alma piroqu isə əslində vazkeçilməzlərdəndir, mənim şəxsi vazkeçilməzlərimdən. Çeşid-çeşid olan alma piroqlarından hamısının yeri ürəyimdə ayrı-ayrıdır. Keçən yazıdakı kimi biraz almanı mədh edirəm, amma qəribəsi odur ki, mənim almaya olan sevgimdən almalı desertlərə sevgim deyil, tam tərsi, almalı desertlərə olan sevgimdən alma sevgisi doğur.

Bütün alma piroqu çeşidlərinin arasında hələlik ən sevdiyim bugün reseptini paylaşacağım Maydanın böyük alma piroqudur. Bol alması, biraz karamel dadı və pate brisseyə çox oxşar, sadəcə biraz zənginləşdirilmiş xəmiri var. Gözəl deyil, göz oxşamır, amma bu eyni zamanda müsbət haldır, çünki onu bişirmək üçün heç bir xüsusi piroq qabına ehtiyac yoxdur.

Almalara gəldikdə isə, bu piroqa 2 cür alma istifadə olunur, biri xarici mənbələrdə piroq alması deyilən çeşidlərdən olmalıdır, Granny Smith məsələn, bizim marketlərdə tapılır elə bu adla da, o yaşıldır, daha çox turşdür nəinki şirin, bişərkən formasını qoruyur, ikincisi, Golden Delicious, o yaşıl və sarının arasındadır, adından da bilindiyi kimi çox dadlıdır, formasını bişəndə tamam itirir, xüsusən bu piroqdakı şəkildə bişəndə, bizdə marketlərdə Qusar alması etiketi ilə satılan alma elə Golden Delicious-dur. Yazdığımdan da hiss olunduğu kimi, 2 alma çeşidi ona görə istifadə olunur ki, biri formasını qorusun, digəri isə sanki pavidlaya çevrilib piroqa əfsunlayıcı dad versin.

Maydanın böyük alma piroqu
Bu resept 16 nəfərlikdir, xüsusi qaba ehtiyac olmadığı üçün daha balaca bişirmək çox rahatdır, sadəcə resepti ikiyə və ya dördə bölə bilərsiniz.

Resept Nick Malgieri-nin The Modern Baker: Time-Saving Techniques for Breads, Tarts, Pies, Cakes and Cookies kitabından adaptasiya olunmuşdur.

Xəmir üçün
• 3 st. un
• 1 ç.q. duz
• 2 ç.q. qabartma tozu
• 250 qr. kərə yağı (yağı əvvəlcədən kiçik, təxminən 1-2 sm-lik kubiklər şəklində doğrayıb, buzxanaya yerləşdirin)
• 2 yumurtanın sarısı
• 2 yumurta

Almalı içlik üçün
• 50 qr. yağ
• 1 kq. Granny Smith alması (və ya formasını bişdikdə itirməyən başqa alma ola bilər, yuxarıda detallı izah etmişəm)
• 1 kq. Golden Delicious alması (Qusar alması etiketi və adı ilə marketlərdə satılır)
• 1 st. şəkər tozu
• ⅓ açıq qəhvəyi şəkər tozu
• 1 ç.q. darçın

Üzəri üçün
• 1 yumurtanın ağı
• 1 x.q. şəkər tozu

Hazırlanma qaydası:

  1. Unu, duzu və qabartma tozunu mətbəx robotunda (prosessor) qarışdırırsınız, bir-neçə dəfə 1 saniyəlik intervalla qarışdırın, mətbəx robotunuz yoxdursa, eyni prosesi əlinizlə edin.
  2. Kubik şəklində donmuş yağları əlavə edirsiniz, 3 və 4 dəfə qarışdırırsınız, yenə də kiçik intervalla. Prosessorun kənarına yapışanları sıyırıb içinə tökün. Əlinizlə edirsinizsə, unla yağı barmaqlarınızla bir-birinə sanki yedirməyə çalışın.
  3. Yenidən 3 və ya 4 dəfə prosessorun düyməsinə basın, çox qarışdırmayın, yağ qırıntılarını çox kiçiltməyin. Yağ qırıntılarının tam şəkildə qalması bu xəmiri ovuntulu, sanki qat-qat xəmir havasında edəcək.
  4. Yumurtaları və yumurta sarılarını əlavə edin, 1-2 dəfə yenə qarışdırın.
  5. Xəmiri düz, azacıq unlanmış səthin üzərinə tökün, sürətlə ovuntuları toplayıb, xəmir şəklinə salın.
  6. Xəmiri 2 hissəyə ayırın, streç folyo ilə üzərini sarın və ya bir paketə qoyub, soyuducuya yerləşdirin. İstifadəyə qədər ən az bir-neçə saat soyuducuda qalmalıdır.
  7. Almaları soyub, dilimləyin.
  8. Yağı böyük tavada əridin, üzərinə doğranmış almaları, darçını, şəkər tozunu əlavə edib, ağzını bağlayıb, 5 dəq. vam odda bişirin, sonra ağzını açıb, qazı da artırın, suyu çəkilənədək arada qarışdıraraq bişirin, sonra isə soyuması üçün kənara qoyun.
  9. Sobanızı 190Cº qızdırın, xəmiri soyuducudan çıxarıb, təxminən 40-45 sm-lik dairə şəklində yayın. Sobanın qabının içinə, altına bişirmə kağızı açaraq xəmiri qoyun. İçliyi xəmirin ortasına yerləşdirin, xəmirin kənarlarını ortaya doğru qatlayın, qatladığınız hissə təxminən 12-15 sm. olmalıdır, yənir ortada boşluq qalacaq və ordan almalı içlik görünəcək.
  10. Fırça ilə yumurta ağını piroqun xəmirinin üzərinə çəkin, sonra da şəkər tozunu səpin.
  11. Piroqu bişməyə qoyun, təxminən 40 dəq. bişməlidir, bu müddətdə xəmir nisbətən qızılı rəng alacaq.

Servisi:

İlıq şəkildə servis edilməlidir, dondurma və ya çalınmış qaymaqla ideal yaraşır, bu yazıdakı vanilli sos da piroq üçün həmçinin yaxşı kampaniya təşkil edə bilər.

Saxlanma qaydası:

Soyuducuda 2-3 gün saxlaya bilərsiniz. Servis edərkən sobanızı əvvəl qızdırın, sonra piroqu qoyub içində qızana qədər gözləyb, elə servis edin.

Maydanın böyük alma piroqu nuş olsun! Bu arada Nick Malgieri bu resepti Amerika kulinariyasının yaşayan əfsanəsi Maida Heatter-dən götürdüyü üçün piroq onun şərəfinə adlandırılmışdır.

Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir