QİYMƏLİ & ƏDVİYYATLI FATAYERLƏR

Orta Şərq mətbəxi bütün dünyada biraz qloballaşmadan, biraz da yeni və fərqli dadlara yaranan həvəsdən nəsibini alaraq sürətlə yayılır. Əslində haqq etdiyi yeri tutmağa başlayır desəm daha doğru olar. Bu qədər geniş mətbəx istənilən ürəkləri fəth etmə qabiliyyətindədir. Zarafat deyil, Orta Şərq mətbəxi – Türk mətbəxi, İran, Kürd, İsrail, Ərəb ölkələri və o cümlədən bizim yeməklərin daxil olduğu çox geniş, dadlı və çeşidli mətbəxdir.

Dəcladan Fırata qədər uzanan bu bölgənin öz məhsullarından əlavə, qonşu bölgələrdən də gələn məhsullar mətbəxin əsasını təşkil edir. Qoz-fındıq, badam, fıstıq, xurma və əncir Ərəb ölkələrindən bütün bölgəyə, xəngəl və ya gürzə kimi bildiyimiz yeməklər Monqol istilaçıları tərəfindən, zirə, qaraistiot, sarıkök Hindistan tərəfdən, pomidor Yeni dünyadan İspaniya vasitəçiliyi ilə mətbəxlərə daxil olmuşdur. Ərəblər hər ölkəyə şərqin əsas simvolları rolunu oynayan ədviyyatları gətirmişlər, bölgədə bu ədviyyatlardan ən az istifadə edən ölkə Azərbaycan olmasına baxmayaraq, zirənin, darçının, sarıkökün və qarabibərin milli mətbəximizdə xüsusi yerləri vardır.

Din də həmçinin Orta Şərq mətbəxinin formalaşmasında rol oynamışdır, donuz həm yəhudilərdə, həm də müsəlmanlarda haram olduğu üçün əsas ət rolunu quzu əti daşıyır. Eyni zamanda, din alkoqollu içkilərin başqa bölgələrə nisbətdə daha az olmasına səbəb olmuşdur. Sadəcə Livanın özünəməxsus şərab çeşidləri var, geri qalan bölgədə isə XX əsrin ortalarına qədər şərab və ya pivə istehsalı olmayıb, bəzi digər ölkələrdə araq, rakı kimi içkilər hazırlanmışdır. (Mənbə: www.wikipedia.com)

ətli kökəcik

Orta Şərq mətbəxindən yazmaq istədiyim reseptlərin sayı-hesabı yoxdur, həmişə birinci hansından başlayacam haqqında düşünəndə şübhəsiz bu tiryakisi olduğum hummus resepti olacaq deyə əmin idim, amma iş elə gətirdi ki, ərəb mənşəli, balaca, ətli və bol ədviyyatlı kökəciklər – fatayerlər önə düşdü. Fatayer normalda pizza və ya çörək xəmiri kimi, un və maya, azacıq da üzərinə zeytun yağı tökülmüş qarışımdan düzəldilən xəmirdən bişirilir, ətli, pendirli, ispanaqlı kimi çeşidləri var. Olive jurnalında indi yazdığım reseptə rast gələndə vuruldum. Xəmiri hər zaman gördüyümdən çox zəngin – həm ədviyyatlı, həm də kərə yağlı, içliyi bol ədviyyatlı, bir sözlə, tam mən istəyən… Süfrələrə servis edilməsi üçün də çox uyğun, məsələn hər süfrəyə olmazsa olmaz ətli blinçik qoymağa çalışırıq, onun yerinə bucür fərqli alternativ çox yerinə düşər.

IMG_4085

ətli və ədviyyatlı kökəcik

ətli və ədviyyatlı fatayer

Qiyməli və ədviyyatlı fatayerlər
Bu resept Olive jurnalının 2016-cı il oktyabr sayından adaptasiya olunmuşdur.
Təxminən 30-32 ədəd fatayer alınır.

Xəmir üçün
• 
3½ st. un + 1 x.q. un
• 1 ç.q. pul bibər
• 1 ç.q. cirə toxumları (kimyon)
• 100 qr. soyuq kərə yağı (balaca kublara ayrılmış)
• 1 ç.q. duz
• 2 yumurtanın sarısı
• 1 st. kefir (kefiriniz yoxdursa, bir st. süd götürün, üzərindən bir x.q. südü azaldın, yerinə 1 x.q. sirkə və ya 1 x.q. limon suyu tökün, aktiv şəkildə qarışdırın, 3-5 dəq. gözlədib sonra istifadə edin)

İçliyi üçün
• 200 qr. quzu qiyməsi və ya mal qiyməsi (orijinalı quzu qiyməsi ilədir)
• 1 orta ölçülü soğan
• 1 diş sarımsaq
• ½ ç.q. pul bibər
• 1 ç.q. duz
• ¼ ç.q. döyülmüş kişniş toxumu
• ¼ ç.q. döyülmüş zirə
• ½ ç.q. darçın
• ¼ ç.q. rəndələnmiş muskat qozu

• ½ x.q narşərab + 2 x.q. servis üçün
• 1 nar (dənələnmiş)
• 1 dəstə cəfəri
Hazırlanma qaydası:

  1. Unu, pul bibəri və zirə toxumlarını bir-birinə qarışdırın, əvvəlcədən balaca kublara böldüyünüz soyuq kərə yağı parçaçıqlarını bu qarışıma töküb, əlinizlə una yedizdirin. Pate Brisse xəmirindəki kimi kərə yağları tam əriməməlidir, içində bucür hissəciklərlə qalması xəmirə qat-qat xəmir effekti verəcək.
  2. Üzərinə 1 yumurtanın sarısını və kefiri töküb, xəmir əmələ gələnə kimi qarışdırın, amma kərə yağlarının əriməməsi üçün çox qarışdırmayın.
  3. Xəmiri streç folyo ilə büküb, soyuducuya ən az bir saatlıq qoyun. Xəmir bu mərhələdə biraz ələ yapışan olacaq, soyuducudan çıxdıqdan sonra sonra daha yaxşı olacaq.
  4. Sobanı 200Cº qızdırın. Soğanı və sarımsağı doğrayın. İçliyi hazırlamaq üçün soğan, sarımsaq, qiymə, duz və ədviyyatları bir-birinə yaxşıca qarışdırın, ½ x.q. narşərabı qiymənin üzərinə tökün və qarışdırın, geri qalan narşərabı servis üçün saxlayın.
  5. Xəmiri soyuducudan çıxarın, 3 bərabər hissəyə bölün, ikisini kənara qoyub, üzərini örtün, birini 5 mm qalınlığında yayın, 8 sm diametri olan dairələr şəklində kəsin.
  6. Dairənin ortasına ətdən balaca bir tikə qoyub, əvvəl iki tərəfini bir-birinə sıxıb qayıq şəklində bükün, sonra digər iki tərəfini, şəkildəki kimi dörd tərəfi büzülmüş formaya salın. (başqa forma da verə bilərsiniz) Bükərkən maksimum sıxın ki, sonra açılmasın.
  7. Xəmirdən qalanları digər xəmirlə qatıb, eyni proseduru digər xəmirlərlə də edin.
  8. 1 yumurta sarısına bir çay qaşığı su əlavə edib, fırça ilə xəmirlərə çəkib, 15-20 dəqiqə arası, qızılı olana qədər bişirin.
  9. Fatayerlər hazırdır, servis üçün cəfərini xırda-xırda doğrayın, üzərinə nar dənəcikləri, narşərabı və cəfərini töküb servis edə bilərsiniz. İsti-isti servis etməyə çalışın, əgər qonaqlarınız müəyyən vaxtda gələcəksə, əvvəlcədən hazırlayıb çiy şəkildə saxlayın, süfrəyə verilməmişdən 20 dəq. əvvəl sobaya bişmək üçün qoyun.

Ətli və ədviyyatlı fatayerləriniz nuş olsun!

Şərhlər

  1. Salam. Xemirin bir gun onceden hazirlayib buzluga qoymaq olar? Birde basqa bir sual cire ve zire toxumu eyni seydi? Diger adi corekotudu? ☺️

  2. Saturday Menu

    Vusale, istediyiniz soda ve qabartma tozu ichinde olmayan xemiri buzluqda saxlaya bilersiz. Hetta bir gun yox, daha chox. Xeyir cire chorekotu deyil, ingilisce adi cumindir, turkce kimyon. Sosial mediada edviyyatlar haqqinda yaziram, hem instagram, hem facebook. Imkaniniz olsa, bunlar haqqinda oralarda oxuya bilersiniz.

  3. Tesekkur edirem. Cox sagolun. He turklerden cox esidirem kimyon. Bir daha tesekkur.

  4. Salam.Netice super oldu, qonaqlarda beyendi. Dondurmanida etmisdim ozumuzcun iki gun evvel, bu gun qonaqlar gelirdi yoldasim paxlavanin yanina birde dondurmadan qoyaq dedi. Ve qoydu. Qadinli kisili herkes cix beyendi. Men qadinlarin yanina kecene qeder aralarinda danismislar bir demisler alinmadi hansi markadi deye :)). Esidende şok oldular, reseptin istediler hem dondurmanin hemde fatayetlerin. Mende bologun adin verdim. Turk idiler ozleri anlasin birazda bizim dilden ?. Bir sozle eladi ellerinize sagliq, eliniz qolunuz derd gormesin.

  5. Ayy.. Çox sevindim bəyənmənizə və kommentinizə. Belə kommentlər yazmaq üçün stimul olur mənə. Çox sağolun. Qonaqlarınız amma əmin deyiləm reseptləri başa düşəcəklər.. )) Türk dilini biz anlayırıq, amma onlar bizi anlamırlar çox da yaxşı. Hərf səhvləri problem deyil, hər zaman yazın.. sevinim )

  6. Yazilarimda herf sehvleri olub yorgunluguma verin. Yorgunam ama gozleye bilmedim neticeni yazam dedim qonaqlar geder getmez ?

  7. Pingback: NARLI & KÜFTƏCİKLİ ŞORBA (AŞ-E ANAR) | SaturdayMenu

  8. Salam. Qiyməni öncədən bişirib daha sonra ədviyyatlar qatırsız yoxsa çiy vəziyyəti ilə qarışdırmaq lazımdır?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir