GÖBƏLƏKLİ & QAYMAQLI ŞORBA

Sobada bişirmə bloqu yazsam belə, arada kənaraçıxmalar məncə xoş ola bilər. Xüsusən, bu mənim və ailəmizin sevdiyi şorbalardırsa. Göbələk şorbasını paylaşma istəyimin bir səbəbi də var. Əksər göbələk şorbaları reseptlərində toyuq bulyonunu lazım idi, mən də toyuq bulyonu sevmədiyim və eyni zamanda bu bulyon işinə də təmbəllik etdiyim üçün göbələk şorbasını uzun müddət menyumuza daxil etməmişəm. Sonra bir dəfə su ilə sınaqdan keçirim dedim və dadını çox bəyəndim. Siz də sınaqdan keçirin. İstəyənlər su əvəzinə toyuq bulyonu istifadə edə bilər, çox güman ki, daha da dadlı olacaqdır.

gob%c9%99l%c9%99k-supu-resepti

Göbələkli və qaymaqlı şorba

Bu reseptdən 4-6 porsiya alınır.

• 50 qr kərə yağı (50 ml. zeytun yağı da ola bilər)
• 500 qr. göbələk
• 1 böyük və ya iki ortaboy soğan
• 2 diş sarımsaq
• 1 böyük və ya iki ortaboy kartof
• 1 dəstə cəfəri (petruşka)
• 2 x.q. ağ üzüm sirkəsi (alkoqol istifadə edənlər 3 x.q. ağ şərab tökə bilərlər)
• 1 ç.q. qurudulmuş kəklikotu
• 100 ml. qaymaq (krema)
• 600 ml. su (toyuq bulyonu da ola bilər)
• Zövqə görə duz və istiot (əgər provensal, italyan və ya universal ədviyyat qarışıqlarından hər hansı birindən istifadə edirsinizsə və bəyənirsinizsə, zövqünüzə görə onlardan da əlavə edə bilərsiniz)

Hazırlanma qaydası:

  1. Soğanı soyub, doğrayıb, qazanda qızdırılmış kərə yağının üzərinə töküb rəngini dəyişənə qədər qovurun.
  2. Kartofu xırda-xırda doğrayıb, soğanın üzərinə tökün. Biraz soğanla bərabər qızardın, sonra içinə sarımsaqları və doğranmış göbələyi tökün. İstəyə görə göbələklərdən gözə xoş gələnlərini servis edərkən üzərinə tökmək üçün əvvəlcədən ayırın.
  3. Göbələkli-soğanlı-kartoflu qarışım biraz bərabər bişdikdən sonra içərisinə suyu və ya bulyonu tökün. Kəklikotunu, duzu, istiotu əlavə edin. Cəfəri dəstəsinin üzərindən bir-neçəsini ayırın. Geri qalanını şorbanın suyuna doğranmamış halda qoyun. Ağzını bağlayın. 15 dəqiqə bişsin.
  4. Şorbanın içindən cəfəri dəstəsini çıxarın. Əl blenderi və ya stolüstü mətbəx prosessoru vasitəsilə içindəki göbələklər tamamilə narın olana kimi xırdalayın.
  5. İçinə qaymağı və sirkəni (şərabı) tökün. Bu mərhələdə qatılığını kontrol edin, kartofun çeşidindən asılı olaraq çorbanın da qatılılığı çox fərqli ola bilər. Əgər çox qatıdırsa, su ilə durulda bilərsiniz, durudursa, içərisinə 1 x.q. unu ⅓ st. suda həll edib üzərinə tökün və təkrar qaynayana kimi qarışdırın.
  6. Servis üçün saxladığınız göbələkləri bir tavada qızardın. Cəfəridən geri qalanını çox xırda doğrayın.

Servisi:
Şorbaları servis edərkən üzərini qızarmış göbələk və cəfəri ilə bəzəyin. Yanında qızarmış sarımsaqlı çörək də servis edə bilərsiniz.

Sarımsaqlı çörəkləri hazırlamaq üçün isə ensiz və uzun çörəklərdən alıb, halqa-halqa doğramaq lazımdır. Bir kasada zeytun yağı, iki diş sarımsaq əzməsi və sevdiyiniz ədviyyatları (kəklikotu qurusu, istiot, hisə verilmiş bibər və s.) qarışdırırsınız. Biraz üzərinə küncüt və ya parmezan pendiri də əlavə edə bilərsiniz. Sonra qaşıq və ya fırça yardımı ilə çox olmamaq şərtilə (yağı çox olanda yaxşı olmur) halqa şəklində doğranmış çörəklərin hər iki tərəfinə çəkirsiniz. Sobanı 180C° qızdırıb, növbə ilə hər iki tərəfini qızardırsınız, yanmaması üçün maksimum nəzarət lazımdır, süfrəyə servisini də sobadan çıxan kimi isti-isti eləmək lazımdır.

Göbələkli və qaymaqlı şorbanız nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir