Keçən həftə bu ay üçün planladığım yazıların müxtəlif səbəblərdən alınmamasına görə bikef idim, xüsusən də, Yeni il reseptləri ilə bağlı ilsonu işlərin artmış olmasından, bəzilərini isə bişirsəm də şəklini çəkə bilməməyim səbəbindən paylaşa bilməməyim əhval-ruhiyyəmə yaxşı təsir eləmirdi. Amma həftəsonu ard-arda bloqum adına çox xoş işlər baş verdi.
Birincisi, Millinet – Milli İnternet Mükafatı Təqdimat mərasimində bloqumun bu il bloqlar arasında birinciliyə layiq olduğunu öyrəndim. Sevincimin həddi-hüdudu yox idi, çox ani oldu, və bu aniliyi də çox xoş sürpriz idi. Buradan yenidən Millinetin təşkilatçılara dərin təşəkkürümü bildirirəm. Azərbaycan internetinin inkişafı üçün əvəzolunmaz iş görürlər, özləri də dediyi kimi, həqiqətən internetin hərəkərtverici qüvvəsi adı çox uyğundur.
Həmçinin, münsiflərə də ayrı-ayrı təşəkkür edirəm. Bir neçə il əvvəl «Best of Central Asia» reklam yarışmasında jüriyə seçildiyimdə bunun nə qədər ağır iş olduğunu görmüşdüm. Məni ən təəccübləndirən isə, münsiflərdən bir-çoxunun əlavə zaman sərf edərək yazdığı faydalı məsləhətlər idi. Bir daha təşəkkür edirəm.
Ən əsası oxuyucularıma da böyük təşəkkür borcluyam. Çünki, siz olmasanız yaza da bilmərəm. Sizin sayənizdə hər gün biraz daha ruhlanıram.
Başqa bir xoş hadisə isə, Azərbaycanın ilk yemək bloqunun – www.azcookbook.com-un müəllifi Fəridə xanım Buyuranın səhifəm haqqında xoş fikirlərini paylaşması oldu. Bu qədər hörmət elədiyim yazar, illərlə izlədiyim bloqun sahibəsindən belə sözləri eşitmək həm qürurvericidir, həm də böyük ürəkli bir insanı tanımağım məni həddindən artıq sevindirdi. Təşəkkür edirəm, Fəridə xanım.
Bu qədər təşəkkürdən sonra da söz verirəm ki, bu il çatdırmasam da, gələn il Yeni il reseptlərinə daha tez hazırlaşacam və bolluca Yeni il temalı yazılar paylaşacam. 🙂
Fəridə
Aygün, bir daha təbriklər! Siz çox mükafata laiq iş görürsünüz! Mənə ünvanlandırdığınız xoş sözlərə görə də çox sağ olun. Sizə çoxlu uğurlar!
Saturday Menu
Çox təşəkkür edirəm. Hər zamankı kimi xanımlarımıza yol göstərib, nümunə olasınız. Sizə də çoxlu uğurlar!