Bu həftəm həddindən artıq stressli və ağır keçdi. Dünən həftə ərzində baş verənləri, olanı-bitəni düşünə-düşünə pəncərədən baxırdım. Həzin-həzin qar yağırdı. Hərçənd qar dənəcikləri xırda və azacıq sulu idi, pəncərəni açdım, biri əlimin üstünə qondu. İllər əvvəl, daha dəqiq desəm 9-10 il əvvəl ixtisasımla bağlı yazdığım bloqun yazısı yadıma düşdü. Bloqda qar ola bilməz ki, boş-boşuna yağsın, yəqin səma nə isə demək istəyir yazmışdım. Oxuyuculardan biri yazıdan az sonra telefon etdi, “stressli dövrümdə bu yazı məlhəm rolunu oynadı, oxudum və sakitləşdim, daha yaxşı bir gələcək gözlədiyinə inandım» dedi. O sözlər məni çox sevindirmişdi. Necə böyük xoşbəxtlikdir ki, bir yazı yazırsan və o bir şəkildə kiminsə işinə yarayır. Və həmin gün təsəvvür etməzdim ki, bir gün məhz o yazı və məhz o yazıya geri dönüş illər sonra mənim də üzümə təbəssüm gətirəcək. Düz deyirlər, yaxşılıq zəncirvaridir, həmin yerdə olmasa belə, yaxşılıq elədiyimiz insandan pislik belə görsək də, bir gün hardasa qarşımıza çıxacağına əminəm.
Bu qar mövzusunun davamı kimi Bakının qarlı şəkillərini paylaşmaq istədim. Şəkillərin bir hissəsini evimizin yanında, geri qalanını Botanika parkında çəkmişik. Amma dünənə aid deyil, 29 yanvar tarixli şəkillərdir.
Bu sentimantal başlanğıcdan sonra reseptə də ehtiyac olduğunu az qala unudurdum. )) Amma xatırladım, sevdiyim bir yeməyi paylaşım dedim. Manikotti.. Bunu da elə həmin qarlı günlərdə bişirib, şəklini çəkmişdim, sadəcə yazını yazmağa və paylaşmağa zaman tapa bilmirdim.
Manikotti italyan yeməyidir, 2 çeşidi var, biri hazır boru şəklində makaronlar olur, içi doldurulub sousun üzərinə qoyulub sobada bişirilir, ikincisi isə, evdə hazırlanmış, bizim dillə desək blinçik, italyanca desək crepselle-lərin içini doldurub, yenə də sousun içində sobada bişirilir. Kəsmik, ispanaq və pomidor üçlüsü anormal sevdiyim üçlü olduğu üçün mən başqa içliklə heç bişirmirəm, amma içinə bolonyez (qiyməli) sousun da çox yaraşacağına əminəm.
İspanaqlı və kəsmikli manikotti
Bu resept 3-4 nəfər üçün nəzərdə tutulmuşdur.
Blinçiklər üçün
• 3 böyük yumurta
• ¾ st. un
• 1 st. su
• ¼ ç.q. duz
• Tavanı yağlamaq üçün biraz yağ
İçliyi üçün
• 300 qr kəsmik (mən dənəvər olanları bu reseptdə bəyənirəm)
• 1 böyük yumurta sarısı
• 100 qr holland və ya kaşar pendiri
• 1 x.q. kərə yağı
• 30 qr. Parmezan pendiri (opsional, istifadə etməyə də bilərsiniz)
• Duz, qarabibər
• ½ ç.q. italyan otları və ya eyni qədər kəklikotu+reyhan qurusu qarışığı
• 4 dəstə ispanaq (ispanaq sevməyənlər kəsmiyi artırıb, içinə bir dəstə şüyüd də doğraya bilər)
• Bir porsiya marinara sousu (bu linkdən hazırlanma qaydasına baxa bilərsiniz, marinara sousunu həm də bankaya tutulmuş pomidordan da hazırlaya bilərsiniz)
Hazırlanma qaydası:
- Blinçikləri hazırlamaq üçün yumurtaları köpüklənənə kimi çalın. İçinə unu, suyu və duzu əlavə edin. Köpüklərin partlamaması üçün ehtiyatla qarışdırın.
- Təxminən 20 sm. diametrində tavanı azacıq yağlayın. Tavamız qızanda içinə təxminən 2 x.q. xəmirdən töküb, spatula yardımı ilə nazik və tavanın içində hər yerə çatacaq şəkildə yayın. Hər iki üzünü qızardıb, bir qaba qoyun, digərlərini də eyni qayda ilə bişirin. Bu ərzaqlardan 12 blinçik alınmalıdır.
- Marinara sousunu linkdəki qaydaya əsasən hazırlayın. 12 blinçik-i yerləşdirə biləcəyiniz qaba marinara sousunu yayıb bir kənara qoyun. İstəsəniz, sousun bir hissəsini ayırıb, içlikli blinçikləri qoyandan sonra üzərinə tökün.
- Kəsmikli içlik üçün kərə yağını və ispanaqları tavaya töküb ispanaqlar suyunu çəkənə kimi bişirin.
- İspanağı başqa bir qaba qoyub, üzərinə kəsmiyi, sürtgəcdən keçirilmiş kaşar pendirini, yumurta sarısını, duz və istiotu, italyan otları qarışığını, əgər istifadə edirsinizsə, parmezanın bir hissəsini (qalanını servis edərkən istifadə etmək üçün saxlayın) əlavə edin.
- Blinçiklərin içi boyunca bu qarışığı yayıb, boru şəklində bükün. Marinara sousunun üzərinə yerləşdirin. Əgər, marinara sousundan üzəri üçün ayırmısınızsa, onu da blinçiklərin üzərinə yayın.
- Sobada 170Cº-də, pendir əriyənə və sos qaynayana kimi təxminən 30-35 dəqiqə bişirin. Manikottiləriniz artıq hazırdır.
İspanaqlı və kəsmikli manikottiləriniz nuş olsun!
Gülmira
Ellerinize saglıq.maraqlı ve ela resept oldu.