Karamel sosu bir çox şirniyyatlarda istifadə olunur, blinçiklərdə, darçınlı yumrular üçün, kapkeyklərdə, tortlarda, çizkeyklərdə idealdır. Onunla hazırlanan dondurma və dondurma üçün sos kimi də çox gözəl olur.
İçində olan duz miqdarı onun dadını duzlu etməsi üçün deyil, daha da zəngin karamel dadı verməsini təmin etmək üçündür, əlbəttə biraz da duzun dadı hiss olunur. Fransada əsası qoyulan bu sos sonradan dünyanın bütün mətbəxlərinə girməyi bacarıb. Xüsusilə, bu resept o qədər dadlıdır ki, desertlərə əlavə kimi istifadə olunmaqdan başqa, qaşıqlayıb çayla və qəhvə ilə içmək belə mümkündür. Krem kimi, ipək konsistensiyasındakı sosu hər kəs bəyənəcəyinə əminəm.
Karamel sosunu hazırlayərkən bir neçə problemli məqam olur. Onlarla rastlaşmamaq və rastlaşdığınız halda qorxmamaq üçün, ideal olmasa da hazırlama mərhələlərinin şəkillərini bu yazıda yerləşdirirəm.
Ev üsulu karamel sosu
Bu reseptdən bir stəkandan biraz az sos əldə edəcəksiniz.
• 1 st. şəkər
• 80 qr. kərə yağı
• 1/2 st. krema, yəni qaymaq (120 ml) (məsləhət görülən yağlılıq miqdarı 30%)
• 1 ç.q. dəniz duzu (adi duz istifadə edirsinizsə, biraz az)
Hazırlanma qaydası:
1. Bir tava və ya qazanın içinə şəkəri töküb, qazın üzərinə qoyun, yavaş-yavaş spatula və ya taxta qaşıqla qarışdırın.
2. Bir neçə dəqiqə sonra şəkəriniz əriyəcək və əmbər (yantar) rəngi alacaq. Şəkərlərin hamısının əriməsini gözləyin, amma istiliyini az edin ki, karameliniz yanmasın. Bu məqamda şəkər tozu düyün-düyün durduğu üçün dəfələrlə bişirməyimə baxmayaraq, narahatçılıq hissi keçirirəm, bəlkə bu dəfə elə bu şəkildə qalacaq düşünürəm. Amma, biraz daha isti vurduqdan sonra bütün şəkərlər əriyir, sadəcə səbrli olmaq, şəkərlərin əriməsini və sonra əmbər rəngli olmasını gözləmək lazımdır.
Əgər, bu linkdə olan karamel parçacıqlarını edirsinizsə, bu mərhələdə qazın üzərindən götürüb, yağlı kağızın və ya silikonun üzərinə tökün. Sos edirsinizsə, sonrakı mərhələlərə davam edin.
3. Ərimiş və ənbər rəngində olan karamelin üzərinə kərə yağını əlavə edin, qarışdırmağa davam edin, amma əlinizi qoruyun.
4. Üzərinə kremanı əlavə edin və qarışdırın, bir dəqiqə sonra qazın üzərindən götürün.
5. Kənara qoyun və duzu əlavə edib qarışdırın.
6. Başqa bir qaba tökün, yaxşı olar ki ağzını bağlaya biləcəyiniz qab olsun ki, soyuducuda saxlaya biləsiniz, təzə vaxtı duru olacaq, soyuyandan sonra sosunuz nisbətən qatılaşacaq.
Karamel sousunuz hazırdır. Sous üçün ideal reseptlərdən biri bloqdakı Dulçe de leçeli trileçe reseptidir, dulçe de leçe əvəzinə ev üsulu karamel sousu istifadə edə bilərsiniz.
Saxlama qaydası:
Ağzıbağlı qabda soyuducuya qoyaraq 2 həftə saxlaya bilərsiniz.
Karamel sosunuz nuş olsun. Ən gözəl desertlərinizin bəzəyi olsun.
Şəfəq
Asan gəldi mənə hazırlanması.Yəqinki qısa zamanda hazırlayacam bunu.
Məndə blondi üçün karamel edəndə şəkərlər əriyənə qədər həyəcan keçirdim,içində daşlaşıb qalacaq şəkərlər düşündüm)) amma sonuç yaxşı oldu.
Saturday Menu
Hə asandır. Gələcək zamanda karamel soslu desertlər də paylaşacam inşAllah.
Aysel
krema qaymaqdı?
Saturday Menu
Bəli, Aysel xanım. 20%-li də istifadə etmək olar, bunlar balaca karton qutularda olanlardır, Milla, Ülker, Yörsan və s. 30% yağlılığı olan isə Domik v derevne, President markaları var.
Heyat
Isti isti indi hazirladim bu karamelden. Cox qeseng alindi. Nece deyerler tam kivaminda? Tesekkurler resept ucun
Saturday Menu
Nuş olsun, mən də bu resepti çox bəyənirəm.
Rəna
Salam. Məncə, “əmbər”, daha doğrusu “müşkü-ənbər” xüsusi ətirdi, “yantar” isə “kəhrəba”dır.
Hazırlanan məmulat da sarı-qızılı, yəni kəhrəba rənglidir.
Saturday Menu
Rəna xanım, müşkü-ənbər düz deyirsiniz ətirdir, ceyranın göbəyindən alınan ətirdir bildiyim qədər. Əmbər isə elə kəhrəbaya oxşayan yarım qiymətli daşdır. Bəlkə də eyni daşdır, əmin deyiləm bundan. Bildiyim qədər hər ikisinin sağlamlaşdırıcı funksiyası var, ona görə sinonim ola bilərlər. Azərbaycanda eyni zamanda qızılgüldən alınan ətirə də ənbər dedikləri üçün biraz qarışıqlıq yaranır, amma bu daş haqqında da məlumat tapa bilərsiniz.
Pingback: Günah şəkər & violet butterskotch blondi | SaturdayMenu
Saturday Menu
Nergiz xanım, tək şəkər yantar rəngi alandan sonra istisi çıxdıqdan sonra bərkiyir və primitiv şəkildə desək karamelləşmış qənd alınır. Sous olmur çünki, bərk olur. Hətta əritdiyiniz qabdan vaxtında çıxarmasanız yapışıb qalar, bir də əritməli olarsınız. Bir üsul var, mən də butterskotch blondi reseptində istifadə olunur, bişirmə kağızının üstünə töküb sonra parçalayıb şirniyyata qatırıq, və ya praline etmək olur bu şəkildə, içinə badam, fındıq, qoz töküb, eyni şəkildə bişirmə kağızının üzərinə töküb soyuduruq, sonra da onu parçalayıb yeyirik və ya şirniyyata əlavə edirik. Daha az yağ və qaymaq (sousa nisbətdə) əlavə edib iris tipi konfetlər əldə etmək olur.
Samira
Salam.teshekkurker Rezepte gore.siz bu karameli tortda istifade ederken kremin ustunden tokmek lazimdir?yoxsa once karamel,sonra krem?
Saturday Menu
Samira xanım, birinci karamel sonra krem məsləhətdir çünki, bunu yaymaq daha çətindir.
Eleviye
Mən təşəkkür edirəm sizə .sevdim yazınızı da şərhinizi de reseptlerinizi də.sinayacam.mutləq.
Saturday Menu
Salam Eleviye xanım. İnşAllah bəyənərsiniz ❤️