Ramazan ayımız mübarək olsun.
Qeyri-adi aydır Ramazan ayı, oruc tutanların da, tutmayanların da fərqli hisslər yaşadığı, digər aylardan müsbət mənada ayırdığımız xüsusi aydır. Bu ayda yeməyin daha çox qədrini bilirik və iftar süfrəsində də mümkün olduğu qədər özəl yeməkli daha zəngin süfrələr qururuq. İftar süfrələrinin vazkeçilməzi isə əlbəttə ki, şorbalardır.
Bizim evin də ən sevimli şorbalarından biri və hətta birincisi, bugün reseptini yazdığım Közlənmiş pomidor şorbasıdır. Normal pomidor şorbasına görə bir xeyli əziyyətli olmasına baxmayaraq, onu dünyanın məşhur aşpazlarından biri Gordon Ramsay-in öz xüsusi (firmennı) şorbası kimi adlandırması son qaşığına kimi haqqıdır deyə bilərəm. Duzun və şəkərin təsiri ilə karamelləşmiş soğan və sarımsaqlar və kəklikotunun, reyhanın sobada közlənmiş pomidorun dadı ilə vəhdəti bu şorbanı möhtəşəm edir. Üzərinə qurudulmuş pomidordan hazırlanmış pesto, yanında isə kamamber pendirli və ya keçi pendirli çörəklər və ya sarımsaqlı sobada qızarmış çörəklər servis edildiyində dadına doymaq olmur.
Közlənmiş pomidor şorbası
Resept təxminən 6 nəfərlikdir.
Resept Gordon Ramsay-in Gordon Ramsay Chef’s Secrets və Home cooking videosundan adaptasiya olunmuşdur.
• 1-1.5 kq çox yaxşı yetişmiş pomidor
• 4 x.q. zeytun yağı
• 2 balaca və ya 1 böyük qırmızı soğan
• 3-4 diş sarımsaq
• Kəklikotu (mümkünsə təzə kəklikotu, yoxdursa quru ilə əvəz etmək olar)
• Bir az ağ reyhan (qurusu da ola bilər)
• 500 ml toyuq bulyonu (mən toyuq bulyonu sevmədiyim üçün adi su ilə bişirirəm)
• 1 x.q. balzamik sirkə və ya qırmızı üzüm sirkəsi (opsionaldır, istəmirsinizsə tökməyə bilərsiniz)
• 1 x.q. şəkər tozu
• İstəyə görə duz və qarabibər
Servis üçün qırmızı pesto
• 4-5 ədəd qurudulmuş pomidor
• 1 x.q. şam fıstığı (3-4 ədəd qoz ləpəsi ilə əvəz edə bilərsiniz)
Hazırlanma qaydası
- Sobanı 180Cº qızdırın
- Soğanı halqa-halqa, pomidoru ortadan bölərək doğrayın, sarımsaq dişlərini qabıqlardan təmizləyin.
- Sobanın qabının içinə yağı, duzu və şəkəri tökün, üzərinə pomidorları, soğanları, sarımsaqları düzün, ən son kəklikotu əlavə edin.
- Yarım saat sobada bişirin, soğanlar qızaracaq, pomidorlar bişəcək.
- Sonra bişmiş bu qarışımı tam şəkildə mətbəx robotuna töküb, xırdalayın. Və ya bu prosesi əl blenderi ilə də edə bilərsiniz, belə hallarda böyük pomidor qabıqları qarşınıza çıxacaqsa, təmizləyin. Əgər daha narın xırdalanmış şorba sevirsinizsə, uzun müddət xırdalayıb, sonra süzgəcdən süzə bilərsiniz. Hazır olan qarışımı qazana tökün, üzərinə suyu və balzamik sirkəni əlavə edin, kiçik doğranmış reyhanı və ya qurusunu əlavə edin, 10 dəqiqə bişirin. Əgər sizə görə durudursa, 1 x.q. nişasta və ya unu yarım fincan suda həll edib üzərinə tökün. Ehtiyac varsa, duz əlavə edin və istiotu tökün.
- Mətbəx robotunda və ya həvəngdəstədə pomidor qurularını xırdalayıb, üzərinə çam fıstıqlarını əlavə edib, biraz daha əzin.
- Süfrəyə servis olunanda hər şorba boşqabına bir qaşıq qurudulmuş pomidor pestosunu əlavə edin.
Bonus olaraq, sarımsaqlı çörəklərdən yazım, çox şorba çeşidlərinin yanında olmazsa olmur deyiləcək dadda çörəklərdir.
Uzun çörəklərdən alıb, halqa-halqa doğramaq lazımdır. Bir kasada zeytun yağı, iki diş sarımsaq əzməsi və sevdiyiniz ədviyyatları (kəklikotu qurusu, istiot, hisə verilmiş bibər və s.) qarışdırırsınız. Biraz üzərinə küncüt də əlavə edə bilərsiniz. Sonra qaşıq və ya fırça yardımı ilə çox olmamaq şərtilə (yağı çox olanda yaxşı olmur) halqa şəklində doğranmış çörəklərin hər iki tərəfinə çəkirsiniz. Sobanı 180C° qızdırıb, növbə ilə hər iki tərəfini qızardırsınız, yanmaması üçün maksimum nəzarət lazımdır, süfrəyə servisini də sobadan çıxan kimi isti-isti eləmək lazımdır.
Ramazan ayınız mübarək, şorbalarınız nuş olsun!
Heyat
Bugün bisirdim pomidor sorbasini? cox dadli alındı. Teşekkürler resept üçün. Kecen ramazan bir defe bisirmisdim pomidor sorbasi, xosum gelmemisdi, o vaxtdan beri bisirmemisdim bir de risk edib. Cox dadli alındı bu. Şeklini çekmek ac qarna supa daldigim üçün yadimdan cixdi:)
Saturday Menu
Nuş olsun Həyat. Sevindim bəyənmənizə. )
Gülyaz
Bu ramazan 3defe bişirdim. Çox dadli olur.. Çox beyenirem bu şorbani.
Teşekkürler 🙂
Saturday Menu
Nuş olsun Gulyaz. Ramazan bayramınız mübarək.
Aliya Isayeva
Salam. Supun hazirlanmasinda toyuq bulyonunu et bulyonu ile evez etmek olar? Bir de qurudulmush pomidoru hardan elde etmek olur?
Saturday Menu
Aliya salam, mən özüm etməmişəm, yazıda yazdığım kimi su ilə edirəm. Olar məncə, amma dadı çox kəskin olmamaq şərtilə. Qurulmuş pomidor Bizim tarlanın balaca şüşə qablarında satılır. Yağın içində olur, ədviyyatlı və çox dadlıdır.
Aliya Isayeva
Teshekkurler, hefte sonu hazirlayib teessuratimi bolushecem 🙂 bir de cham fistighi nedi? 🙂
Saturday Menu
InşAllah. Çam fıstığı, türk markalarında rast gelinir, edviyyat reyonlarında satılır, balaca paketlərdə. Arifoğlu, Bağdat və başqa markalarda var. Şəkildə supun üzərinə bir-neçəsini bütöv qoymuşam. Bildiyimiz şam qozasının yetişmiş toxumlarıdı, çox faydalıdır, selen və magnesiumu boldur, əgər tapmasanız, qoz da uyğundur qırmızı pesto üçün.
Aynura
Demeli, bu shorbani defelerle bishirmishem, tebii ki, Saturday menü sayesinde:)Her defe de üzümü ağ edib:) Yanında da kekikli, sarimsagli corekle sufreye vermishem. Bir sözle alem?Cox sagolun, Saturday Menu??