LABNE KREMLİ, KÖKLÜ TORT

Bloqda ilk yazılarımdan biri kök keksi idi, həyat yoldaşımın da favoriti olması onu ilklərə saldı, amma o reseptdən sonra tanıdıqlarımdan çoxunun bir sualı vardı, bəs kremli olan harada qaldı? Kökün də mövsümü bitdiyi üçün əvvəl payıza, payızda isə niyəsə Yeni ilə qaldı. Mən də Yeni il üçün bu o qədər də bayram görünüşlü olmasa da, çox dadlı və qaldıqca dadlanan (bayram günü o qədər yeməkdən sonra az yeyilib, sonrakı günlər yeyiləcəyi üçün qaldıqca dadlanması çox önəmlidir) köklü tortu bişirdim. Qaldıqca kremi biraz daha içinə çəkdiyi üçün şuxluğunu itirsə də, dadının incəliklərini sonrakı günlərdə daha çox hiss eləmək olur. Kreminin labneli olması isə, bu tortu digər yağlı kremli tortlara nisbətdə yüngülləşdirir.

kok-tortu-labne-kremli-kok-keksi

koklu-tort

keks-kok-keksi-labne-kremli-koklu-keks

Labne kremli köklü tort
Resept 23 sm-lik diametri hündürlüyü isə 10 sm olan dairəvi qab üçün nəzərdə tutulmuşdur. Eyni zamanda, təxminən eyni ölçülərdə kvadrat qab da istifadə edə bilərsiniz.

Tort üçün
• 2¾ st. un
• 2 st. bitki yağı (neytral dadda olmalıdır, günəbaxan və ya kanola, ya da fındıq yağı ola bilər)
• 4 böyük yumurta
• 1½ ç.q. darçın
• ¼ ç.q. rəndələnmiş muskat qozu (opsionaldır, istifadə etməyə də bilərsiniz, amma muskat qozu darçının da dadını daha qabarıq etdiyi üçün istifadə etməniz məsləhətdir)
• ¼ ç.q. duz
• 2½ ç.q qabartma tozu (bir paketdən daha çox)
• 1 ç.q. vanil ekstraktı və ya 1 paket şəkərli vanilin
• 2 st. şəkər tozu
• 400 qr. rəndələnmiş kök
• ½ st. kişmiş (kişmişlər çox böyükdürlərsə yarıya bölməniz məsləhətdir)

Krem üçün
• 100 qr. kərə yağı
• 400 qr. labne (İçim Ülker daha məsləhətlidir, çünki suyu digər labnelərə görə azdır)
• 150 qr. Almette qaymaqlı pendir (slivoçnıy sır)
• 1 vanil çubuğunun toxumları (yoxdursa, şəkərli vanilin istifadə edə bilərsiniz)
• 2 st. şəkər pudrası

Hazırlanma qaydası:

  1. Sobanı 170Cº qızdırın. Yağı, şəkəri, yumurtaları və vanil ekstraktını biraz qatılaşıb ağarana kimi mikserlə çalın.
  2. Başqa bir qabda unu, qabartma tozunu, duzu, ədviyyatları qarışdırın.
  3. Unlu qarışığı töküb yağlı qarışığın üzərinə bir-birinə ehmalca amma unlar tam həll olunana kimi qarışdırın.
  4. Üzərinə kişmişləri və rəndələnmiş kökləri əlavə edin. Qarışdırın, əvvəlcədən hazırladığınız (yağlayıb, unladığınız və ya alt hissəsi bişirmə kağızı sərdiyiniz) qaba tökün.
  5. 170Cº-də 70-80 dəqiqə bişirin, diş çöpü ilə yoxlayın, nəm çıxırsa, daha artıq qalmalıdır, hündür olduğu üçün çətinliklə bişir.
  6. Diş çöpü testindən keçdisə, götürün əvvəl öz qabında 10 dəq. soyusun, daha sonra soyuması üçün bir tərəfə qoyun, altının da nəfəs alması üçün setka üzərinə soyudulması məsləhətdir.
  7. Kremi hazırlamaq üçün dar amma hündür qaba kərə yağını töküb ağarana kimi mikserlə çalın, üzərinə şəkər pudrasını, labneni və digər pendiri töküb yenidən qarışdırın. Kreminiz tam qarışdısa, demək hazırdır.
  8. Tortunuzu götürün, üzəri çox qalxıbsa ehmalca kəsin, az da düzləşdirin. Sonra bıçaqla eninə 3 bərabər hissəyə ayırın. Kremi də gözəyarı 3 hissəyə bölüb, hər qatını kremləyin.
  9. Üstünü püstə və ya qoz ilə bəzəyə bilərsiniz, və ya mənim kimi mastikadan kök formasında düzəldib, uc hissələrinə püstə qoyub, dekor edə bilərsiniz. Kremə narıncı və yaşıl rəng qatıb balaca kök şəkilləri də çəkə bilərsiniz.

Saxlama şəraiti və müddəti:
3 gün müddətində sərin yerdə və ağzıbağlı şəkildə saxlana bilər.

Labne kremli köklü tortunuz nuş olsun!

Şərhlər

  1. Sabina xanim, shert deyil mence, amma men kök keksini de, tortunu da hemishe darchinla yemishem ve bishirmishem, ona göre darchinsiz nece olur bilmirem.

  2. Jalə xanım, vanil ekstraktini mən iherb.comdan alıram. Və ya amazondan çubuq alıb özüm düzəldirəm. Bu arada adım Aygündür. ?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir