Səhifədə çox axtarılan, məndən də çox soruşulan reseptlərdən biri də Amerikan mətbəxinin ikonu Qırmızı məxmər (Red Velvet) tortdur. Rənginin fərqli və cəzbedici olmasından əlavə bu keksin mənim üçün tarixi də çox maraqlıdır. Nyu Yorkun məşhur Waldorf Astoria otelinin adı ilə anılan resept əslində Devil’s Food-dan (Şeytan qidası adlanan keks çeşidindən, bu arada mən şokoladlı kapkeykləri məhz bu Şeytan qidası reseptinə görə hazırlamışdım, resept bu linkdədir) daha yüngül Maxaqon adlı bir tortun reseptidir, keksin özünə məxsus qırmızımtıl qəhvəyi rəngini kefirlə oksidləşməmiş kakaonun qarışığı verirmiş. Dadını isə məhz vanil, kakao və kərə yağının qarışığından alırmış.
Zaman keçir, müharibə və böhran dövründə artıq bu tortlar çox bahalı olduğu üçün maxaqon tortun içindəki kərə yağının bir hissəsini çuğundur əzməsi ilə əvəz edirlər, bu dəyişimdən maxaqon tort biraz daha qırmızılaşır. Adams Extract adlı ekstrakt və qida əlavələri satan şirkətin sahibləri Adams cütlüyü biznesyönümlü düşünürək, İkinci dünya müharibəsinin Amerikaya gətirdiyi Böyük Depressiya dövründə daha ucuz variantlar təklif etmək lazım gəldiklərini başa düşürlər, Və beləliklə, bizim indi gördüyümüz qırmızı məxmər tort əmələ gəlir. Onlar resept, qırmızı rəng, vanil və kərə yağı dadı verən əlavəni komplekt şəkildə satmağa başlayırlar. Qısa müddətdə satış rekordları qıran bu komplekt vasitəsilə resepti artıq hər kəs Betty Adams müəllifliyi ilə tanımağa başlayır. Şəkildə 1969-cu ildə həmin komplekt üçün dərc olunan resepti görə bilərsiniz. (mənbə: wikipedia.org)
O zamanlar Qırmızı məxmərin kremi bizim bildiyimiz yağlı krem idi, dövr dəyişdikcə, daha yüngül alternativlər axtarılaraq krem pendirli kremdən istifadə olunmağa başlayır. Mən isə, biraz daha yüngülləşdirərək, az krem pendirli, qaymaqlı və ağ şokoladlı krem istifadə etmişəm. Bugün üçün Qırmızı məxmər tort İkinci Dünya müharibəsindən sonrakı şöhrətinin üstünə də biraz da şöhrət artırmışdır. Mənə Adams Extract şirkətinin sonrakı taleyi çox maraqlı oldu, hələ də şirkət var, hələ də həmin komplektdəki qidaları və başqa bir sıra ədviyyatları satmağa davam edir, amma Texas hüdudlarından kənarda çox da məşhur deyil.
Ağ şokolad kremli qırmızı məxmər tort
Bu resept iki qatlı, 23 sm-lik tort üçün nəzərdə tutulmuşdur. Qatların sayını 3-ə qaldırmaq olar, məsləhət görülürki qatlar ayrı-ayrı bişsinlər. Amma belə bir imkan yoxdursa bir qabda bişirib sonra bölə bilərsiniz, sadəcə bu zaman hündürlüyündə bir az fərq ola bilər. Tortunuz 3 qatlı olacaqsa, kremi də artırmanız gərəkir.
Tort üçün
• 80 qr. kərə yağı (otaq temperaturunda)
• ½ st. duru yağ (neytral dadı olanından)
• 3 x.q. kakao
• 2 böyük yumurta
• 1½ st. şəkər tozu
• 2 ç.q. vanil ekstraktı və ya bir paket şəkərli vanilin
• 1-2 x.q. gel qırmızı rəng (rəngə görə miqdarı dəyişir, özünüz alınan rəngə görə qərar verə bilərsiniz, Americolor istifadə edirəm mən boya olaraq, burada Fo deyə türk markasında satılır gel boyalar, bəzi xanımların mətbəx qruplarında toz boya ilə etdiklərini yazdıqlarını görmüşəm, amma şəxsən istifadə etmədiyim üçün məsləhət görə bilmirəm)
• 1 ç.q. duz
• ½ ç.q. soda
• 1 ç.q. qabartma
• 2½ st. un
• 2 x.q. qarğıdalı nişastası
• 1 st. kefir (əgər kefiriniz yoxdursa, bu linkdə kefir hazırlamağın üsulunu tapa bilərsiniz)
• 1 x.q. alma və ya ağ üzüm sirkəsi
Krem üçün
• 150 qr. krem pendir (Almette slivoçnıy sır bunun üçün uyğundur, tort 3 qatlı olacaqsa, 300 qr. Almette pendiri istifadə edin)
• 500 ml. 33%-li qaymaq
• 6 x.q şəkər pudrası (dolu)
• 90 qr. ağ şokolad (1 plitka)
• 1 ç.q. vanil ekstraktı (əgər yoxdursa, 1 paket şəkərli vanilin)
Hazırlanma qaydası:
1. Unu, qarğıdalı nişastasını, duzu, sodanı, 2 x.q kakaonu və qabartma tozunu bir qabda yaxşıca qarışdırın.
2. Kərə yağının üzərinə şəkəri töküb homogen olana qədər (təxminən 1 dəq.) qarışdırırıq. Üzərinə bitki yağını əlavə edin 2 dəqiqə daha qarışdırın. Bu prosesdə kərə yağı çürüntü kimi görünə bilər, amma bundan narahat olmayın.
3. Sobanı 175 ˚C qızmağa qoyun və qablarınızı yağlayın və 1 x.q kakaonu içərilərinə səpin.
4. Yağlı qarışıma yumurtaları bir-bir vurun, hər birindən sonra yaxşı qarışdırın.
5. Qida boyasını və vanil ekstaktını yağlı qarışıma qarışdırın.
6. Yağlı qarışıma unlu qarışımı və kefiri, hər birindən az-az olmaqla əlavə edib qarışdırın. Kefirin son hissəsi ilə bərabər sirkəni də xəmirə qatıb qarışdırın.
7. Əgər 3 qatlı edəcəksinizsə xəmiri üç hissəyə. 2 qatlı edəcəksinizsə ona müvafiq şəkildə bərabər iki hissəyə bölüb qablara tökün, 20-25dəq sobada bişirin. Xəmirlərin bişdiyini diş çöpü ilə yoxlayın, bişdikdən sonra soyudub sonra qabdan çıxarın.
8. Kremin hazırlanması: pendiri, qaymaq və şəkər pudrası ilə qarışdırb bərkiyib krem konsistensiyasını alanaqədər çalın.
9. Şokoladı benmari üsulu ilə (qaynayan suyun üzərinə başqa qabda şokaladı qoyub) əridin.
10. Şokoladı kremin üzərinə yavaş-yavaş töküb spatula yardımı ilə qarışdırın.
11. Xəmirdən bir hissə kəsin və üzəri üçün ovub kənara qoyun, sonra qatları və üzərini kremləyin, ovuntu ilə üzərini bəzəyin. Dadının daha yaxşı olması üçün bir müddət gözləməsi lazımdı, qaldıqca daha da dadlanır.
Qırmızı məxmər tortunuz nuş olsun.
ELNURƏ
Təsvirini çox bəyəndim.Hazırlamağı düşünürəm.Gözəl hazırlasam paylaşaçam səninlə- tək şəklini yox ha , özünü də.???
Saturday Menu
Elnurə, inşAllah gözləyəcəm. Bu arada bir daha keçmiş olsun. Allah şəfa versin.
şəfəq
Maraqlı tarixi varmış. Çox gözəl görünür. Romantik tortdu həm də))
Saturday Menu
Çox sağol. Hə, çox romantik görünür, 14 fevrala çox yaraşar. ))
azerifoodie
ağ şokolad özünü kremdə “necə aparır” ? sevmirəm onun dadını (qaradan fərqli olaraq ) . Prob edim gərək)))
ümumiyyətlə deyim sənə mən krem pendirli kremləri daha çox sevirəm squşonkalı kremlərə nisbətən, daha hafif olur,birdə krem pendirin bir damcı duzu ki hiss olunur ha? bax mən onu bəyənirəm.
Saturday Menu
Azerifoodie, ağ şokolad kifayət qədər yaxşı aparır özünü, bəzən krem çox soyuq olanda və tez qarışdırmayanda içində parça-parça qala bilir.
Bu kremde pendirin duzu demək olar ki, hiss olunmur, çünki Almette elə də duzlu deyil, həm də çox azdır. Biraz artıq olsa hiss olunar. Mənim də xoşum gəlir o cür daddan, amma bu kremin də öz yeri var, bu tamam pendirli olan kremdən də yüngül alınır.
Sara
Xemir resepti illerle bildiyimiz adi keks xemiri deyil???tamamile eyni reseptdir sadece reng qatilir?
Saturday Menu
:)) Ola bilər, bu prinsiplə bütün kekslər bir-birinə bənzəyir, amma necə deyərlər, şeytan detallarda gizlidir, ingredientlərdə biraz fərq onları ciddi fərqləndirə bilər, məsələn bunda kefir, az kakao və kərə yağı biraz başqa ansambl əmələ gətirir. Mən klassik reseptə duru yağ və nişasta əlavə edərək onu biraz da yumşaq etmişəm. Çox yumşaq və qəşəng olur. Bir də deyirlə psixoloji məqam var, qırmızı olduğu üçün beyin başqa cür alğılayır. Bilmirəm daha bunlardan hansıdır, amma mən tort sevməyən biri kimi bunu sevirəm. Mənə görə çox tortdan daha dadlıdır.
Vusale
Imm super gorunus, eyer dadida gozeldi deyirsizse insaAllah boyuk bir program ucun bisirim bundan Amerkalilar beyenermi sizce? Eyer beyenerler ve heqiqeten bacararamsa sizin kimi gozel bisirmeyi, sabah insaAllah bisirim bu tortu. Cox lezzetli gorunur. Bu aralar sobam xarab olub islemir sizin bu
Gozel reseptlerinizi ede bilmirem vede cox uzulurem. Cavab gozleyecem sizden bacararam yoxsa yox deye yeni hemde insanlar beyenermi?
Saturday Menu
Vusale, resept amerikan reseptidir, eminem ki, onlar özləri bəyənir. Belə baxanda ümumiyyətlə çətin resept deyil, sadəcə yazdığım kimi reseptdə iki qabda bişsə, daha yaxşı olur, daha yaxşı şişir. İki qabınız var? Qalan her şey çox sadədir. Keks bişiribsiz bloqdan heç? Keks kimi bişir, krem də rahat hazırlanır. Siz kremə Filadelfia cheese vurarsınız, bir upakovka vurarsınız, o Almettedən çox olur, amma çox olması əslində plyusdur, mən biraz ekonom davranmışam bu reseptin kremində.
Saturday Menu
Bir də rəng məsələsi. Americolor ala bilərsiz, o biraz bahadır, daha əlçatan food gel color yazılanları da olmalıdır.
Vusale
Olsaydim siz bisiren vaxt orda gelib yeyerdim? Ustasinin elinden. Ama day neyleyek gucumuz neye catir o, bizde burda bisirek. Qabim ic ice olan qabalrdandi iki eyni olcu yoxdu?. Boyada wilton red color var oda pis deyil americolor alanadek bu biri ile idare edim??
Saturday Menu
İnşllah yaxşı alınar. Wilton da yaxşı boya olmalıdır. Sizə uğurlar. Nəsə sualınız yaransa bişirəndə yazın. Feedback-i gözləyəcəm.
Berry
Salam. Resepte göre çox sağ olun. Americolor hardan ala bilerem?
Saturday Menu
Salam. Siz də sağolun. Americolor təəssüf ki, Azərbaycanda heç rast gəlməyib mənə. Amazondan sifarişlə alıram mən. Amma şirniyyat dükanlarında Decol və Fo markasının qırmızı rənglərini ala bilərsiniz. Decolun şokolad üçün boyasını almaq lazımdır.
ŞƏHLA
Yaman çəkinirəm buna girişməkdən . Deyirəm alınmaz ərzaq zay olar düşərəm depressə )) Evlilik ildönümümüzdə edə bilsəm nə əla. xeyirlisi İnşallah.
Saturday Menu
Şəhla xanım, çox sadə reseptdir bu. Problem çıxa biləcəyini düşünmürəm. Nə sualınız olsa, yazın. Əsas məsələ uyğun boya almaqdır. Gerisi rahatdır.
Seka
Cox gozel gorsenir.rengin ferqi olurmu ?yeni mende pAraşok tiplidi boya
Saturday Menu
Sevinc xanım, mən heç vaxt tozla sınamamışam. Yazan xanımlardan bir-neçəsi sınamışdı, onlardan sadəcə birində qırmızı rəngdə alınmışdı, tam belə deyildi o da. Geri qalanında rəng kifayət qədər qırmızı deyildi.
Seka
Duzdur .rengi bardoviy alindi.akma cooox dadli idi.hemde asan.kremse mohtewem idi.artiq qalanini rulet eledim cox dadli oldu bu kremle
Aliyevas
Salam! Reseptin 2 qatlı tort üçün nəzərdə tutulduğunu qeyd etmisiz. Xəmiri tam hazırlayıb daha sonra 2 yerə bölüb bişiririk. 3cü qat eləmək istiyiriksə, göstərilən inqrediyentlərin yarısından istifadə edərək əlavə ayrıca bir qat hazırlaya bilərik?
Saturday Menu
Təbii ki ?