Keçən həftə bir tədbirə dəvət almışdım, tədbir Pandora adında proqram haqqında idi, bu proqram Avropa İttifaqı ölkələrinin bəzilərinin, dəqiq desəm Yunanıstan və Rumıniya ölkələrinin meyvə və tərəvəz istahsalçılarını bir ad altında birləşdirmişdir, bir növ bu ölkələrarası kənd təsərrüfatı qurumunun xüsusi məqsədli proqramıdır.
Avropanın, xüsusilə Yunanıstanın əsas kənd təsərrüfatı məhsulu hər zaman fikrimcə zeytun yağı olmuşdur. Tədbirdə amma öyrəndim ki, şaftalılar da heç zeytun yağından geri qalmırmış, bu Pandora proqramı da elə dünyada əsasən emal edilmiş meyvə və tərəvəzləri tanıtdırır. Avropanın meyvə və tərəvəz konservlərində dünyada ən yüksək göstəricisi var, 42,3%. Avropanın kənd təsərrüfatında belə uğurlu olması hər zaman qəribə gəlir mənə, çox güman beynimdə Avropa dediyimdə daha müasir bir yer canlandığı üçündür. Amma oraları gəzəndə də anlayırdım ki, bu qədər münbit şərait kənd təsərrüfatı üçün çox əlverişlidir, yay boyu gecə yağış yağıb, səhər günəş çıxanda adam başa düşür ki, niyə onlarda ot daha yaşıl, qarğıdalı daha yüksək, inəklər daha kökdür. 🙂
Konserv məsələsinə qayıtdıqda isə, tədbirdə bu konservlərin heç bir konservantsız, texnologiyanın inkişafı nəticəsində sterilizasiya və vakuumlu qablaşdırma içində olmasından danışdılar. Ən çox da şaftalı mənə maraqlı idi, onlar da sağolsunlar, bloqqer olduğumu öyrəndiklərində mənə “D.EL.CO.F” markasının şaftalı konservini hədiyyə etdilər. Mən də evə gələn kimi açdım, həqiqətən çox ətirli idi, tez bunları dəyərləndirmək üçün şaftalı trifli hazırlamaq istədim, amma evdə merenq də yox idi, düşündüm merenqi almayım, özüm hazırlayım. Klassik trifl ingilislərin biskvit, krem və meyvələrin üst-üstə düzülməsi ilə hazırlanır. İtalyanlarda da çox məhşurdur, ona zuppa anglese, yəni ingilis şorbası deyirlər. Mənim elədiyim isə nisbətən dietik halıdır, tamamilə qlütensizdir. Çox yüngül olduğu üçün Ramazanda iftar süfrələrinə çox yaraşar.
Fransız merenqinin (beze) hazırlanması
• 3 böyük yumurtanın ağı
• ¾ st. şəkər tozu
• Qaşığın ucunda duz
• ½ ç.q. vanil ekstraktı (əgər yoxdursa, yarım paket şəkərli vanilin istifadə edə bilərsiniz)
• ¼ ç.q. tartar kremi və ya ¼ ç.q. limon suyu
[wt-tip]Krem tartar nədir? O texnik olaraq turşu çeşididir. Şərab istehsalı zamanı əmələ gəlir və şərab çəlləklərin divarlarında yığılır. Bu turşunu adətən sodaya əlavə edib qabartma tozu əldə edirlər, soda ilə bərabər karbon dioksid qazı sintez edir, bu da bişmişlərin qabarmasına səbəb olunur. Yumurta ağı kimi məhsullara qatıldığında isə hava qabarcıqlarının gücünü artırır, onları qoruyur. Merenq hazırlanarkən istifadəsi məcburi deyil, rahatlıqla limon suyu ilə əvəz edə bilərsiniz. Və ya heç birini istifadə etməyə də bilərsiniz, sadəcə bu ikisi riski azaltmaq üçün lazım gəlir.[/wt-tip]
Hazırlanması:
- Sobanızı 100Cº qızmağa qoyun. Soba qabının içinə bişirmə kağızı yerləşdirin.
- Yumurtaların ağını sarısından ehtiyatla ayırın, sarıdan heç ağının içinə düşməməsinə xüsusi diqqət göstərin. Ağların olduğu qab, eləcə bundan sonra istifadə edəcəyiniz mikserin ağızlıqları quru olmalıdır. Mikserlə yumurta ağlarını aşağı sürətlə biraz qarışdırın.
- Yumurta ağlarının içinə duzu, vanili, tartar kremini və ya limon suyunu əlavə edin.
- Yumurtaları orta sürətlə qarışdırın, şəkər tozunu hissə-hissə əlavə edin. Orta sürətdə bütün şəkəri əlavə edənə qədər qarışdırın, bu müddətdə yumurta ağları köpüklənmiş olmalıdır.
- Mikserin sürətini yüksək həddə qaldırıb, kopüklər bərkiyinə qədər çalın, bu arada diqqət etmək lazımdır ki, lazımından artıq çalınmasın, bunun göstəriciləri yumurta qarışımının yüngül parıldaması və mikseri dayandırdığınızda əmələ gəlmiş köpüklərin geri əriməməsidir.
- Torbaya doldurub, krem üçün ucluqlarla istədiyiniz böyüklükdə hazırladığınız qabın içinə sıxın. (şəkildəki ucluqla mənə görə ən gözəl bezelər alınır), əgər formalı olmasına ehtiyacınız yoxdursa və ya ucluğunuz yoxdursa qaşıqla sərbəst formalı bezelər də düzəldə bilərsiniz.
- Bezeləri sobaya bişmək üçün qoyun. Böyüklüyündən asılı olaraq, 60 və 90 dəq. arasında bişməlidir, bu müddətdə alt hissəsi yüngül rəngini dəyişəcəkdir, özləri isə bərk, içi isə yumşaq olacaqdır. Sobanı söndürdükdən sonra ağzını açıb qoyub orda soyumasını gözləyin, beləcə daha da bərkiyib xırt-xırt olacaq.
Saxlanma qaydası:
Ağzı qapalı şəraitdə bir-neçə gün saxlaya bilərsiniz.
Şaftalılı və kəsmikli trifl
Bu resept Saveurs jurnalının sentyabr-oktyabr 2013-cü il sayından adaptasiya olunmuşdur.
4 individual porsiya üçün nəzərdə tutulmuşdur.
[wt-tip]Reseptdə mən konserv şaftalı istifadə etsəm də, resepti təzə şaftalı üçün yazmışam, əgər sizdə konserv istifadə edirsinizsə, o zaman şaftalını bişirmə prosedurlarından heç birini etməyin. Bir də bu resepti mütləq və mütləq bu mövsümün kraliçası çiyələklə sınayın. Çiyələkli trifl çox gözəl olur. Çiyələk istifadə edirsinizsə, bişirmək lazım deyil, bir hissəsini doğranmış, bir hissəsini isə püre şəklində istifadə edə edin. [/wt-tip]
• 5 şaftalı
• ½ st. şəkər
• 4 merenq (beze, təxminən 7-8 sm diametrində olan)
• 200 qr. kəsmik (maksimum homogen və yumşaq olanını istifadə etmək lazımdır, əgər deyilsə süzgəcdən keçirin)
• 200 ml. qaymaq (33%-li olanından)
• 1 çay qaşığı vanil ekstraktı (əgər yoxdursa 1 paket şəkərli vanilinlə əvəz edə bilərsiniz)
• ½ st. şəkər pudası
• Bir az püstə (təxminən 10 ədəd, opsionladır dekorasiya üçün istifadə olunur)
Hazırlanma qaydası:
1. 3 stəkan su götürün, ½ st. şəkərin üzərindən 1 x.q. ayırıb qalanını suya tökün. Şaftalılardan 3 ədədini ikiyə bölüb, tumunu çıxarıb hazırladığımız şərbətin içərisinə atıb 10 dəqiqə qaynadırıq. Sonra şaftalıları şərbətlə birlikdə soyumaq üçün qoyun.
2. Yerdə qalan 2 şaftalını soyun, tumunu çıxarın və doğrayın. Bir tavanın içərisinə 1 x.q. şəkər tökün və azacıq su ilə şaftalıları əlavə edin, təxminən 2 dəqiqə bişirin, daha sora əzib püre halına gətirin, əgər püre çox qatı olsa bir az su əlavə edin.
3. Kəsmik və şəkər pudrasını bir-birinə qarışdırın, içərisinə vanil ekstraktı və ya şəkərli vanilin əlavə edin və bu qarışımı soyuducuya yerləşdirin.
4. Servis edilməmişdən bir az əvvəl qaymağı bərkiyənə qədər çalın və çox ehtiyatla kəsmikli kütlə ilə qarışdırın.
5. Şaftalıları şərbətin içərisindən çıxarıb xırda-xırda doğrayın, 4 individual porsiyalıq stəkanlarınıza bölüşdürün, bəzək üçün bir neçəsini kənara ayırın. Daha sonra şaftalıların üzərinə kəsmikli kremin yarısını (yarısını 4 qab arasında bölüşdürün) əlavə edin, üzərinə püredən əlavə edib, kremin geri qalanını yenidən qablar arasında bölüşdürün. Üzərinə bir-neçə şaftalı dilimi və doğranmış püstələri, varsa, kiçik merenqlər qoyun. Mükəmməl desertiniz hazırdır.
Saxlanma şəraiti:
Servis olunarkən hazırlanmalı və yeyilməlidir, qaldıqca merenqlər yumşalır və ilkin təravətini itirir. Ona görə servis üçün meyvələri və kremi hazırlayıb, axırıncı dəqiqədə son hazırlıqları görmək məsləhətdir.