Bloqumu hələ afişə etməmişəm, amma bu haqda bilənlərin ya dillərində, ya gözlərində axı niyə, nəyinə lazım suallarını görürəm. Bəzən bu sualları özümə də vermirəm deyil ))
Amma əsas da odur ki, cavabını bilirəm, birincisi öyrətmək istəyidir. Reseptlərin hamısını çox özənlə seçdiyim, bəyəndiyim xarici kitablardan və başqa mənbələrdən götürürəm və onları Azərbaycanca paylaşacam ki, burada da hər kəs istifadə edə bilsin.
Eyni zamanda yazmaq, həm də öyrənməyin ən yaxşı yoludur. Yazarak və öyrədərək məcburən öz üzərimdə işləyirəm və hər gün yeni nələrsə öyrənirəm. Öyrənmək isə hər zaman lazımdır, inkişaf və gəncliyin sirri bundadır. Öyrəndikcə də görürəm ki, əslində nə qədər az bilirəmmiş. Sobada bişirmə (baking) həqiqətən çox dərin elmdir. Və elm olaraq ondan danışanda ilk ağla gələnlərdən biri Shirley Corriher-dir.
Bu qadın ixtisasca kimyaçıdır və bildiklərini maksimum şəkildə bişirmək üçün istifadə edir. İki möhtəşəm kitabın müəllifidir. Bunlardan biri «Bakewise» adıyla, içində sadəcə reseptlər deyil, həm də hansı ingredient nəyə təsir edir, nə etmək lazımdır ki, planlaşdırılan nəticə alınsın deyə qızıl dəyərində məlumatlar var. «Bakewise» kitabının elmi dəyəri o qədər yüksəkdir ki, dünyanın bir çox yerlərində sobada bişirmənin tədris kitabı kimi istifadə olunur. Bu qədər tərifləməyimin səbəbi odur ki, indi ordan bir resept paylaşacam.
Bu resepti illərlə edirəm, bizim evimizdə ən sevilən kekslərdəndir. Qızılı və islaq keks sadə şəkildə də gündəlik çay keksi, arasına krem çəkiləndə isə qəşənğ ad günü keksi olmağa da uyğundur.
Qızılı və çox islaq kök keski
Bu keks üçün 12 fincanlıq Bundt (ortasında deşik, altı isə müxtəlif formalı) qab lazımdır.
[wt-tip]Qablarınızın ölçüsünü bilmək üçün fincanla və ya stəkanla suyu içinə doldura bilərsiniz, içinə yerləşən suyun stəkan, fincan sayı ölçü həcmi olaraq istifadə olunur.[/wt-tip]
Resept Shirley Corriher-in BakeWise: The Hows and Whys of Successful Baking with Over 200 Magnificent Recipes kitabından adaptə olunmuşdur.
• 150 qr. qoz
• 2 x.q. kərə yağı
• 3/4 ç.q. duz
• 2 1/2 st. un
• 1 ç.q. darçın
• 1/2 ç.q. rəndələnmiş muskat qozu (yelceviz)
• 1 x.q. rəndələnmiş portağal qabığı
• Bir paket qabartma tozu
• 1/2 ç.q. soda
• 4 böyük yumurta
• 2 st. açıq qəhvəyi şəkər tozu (ağ şəkər də istifadə edə bilərsiniz, ya da 1 st. ağ, 1 st. qəhvəyi)
• 1 st. bitki yağı
• 1 ç.q. vanil ekstraktı (Vanil ekstraktı vanilinlə eyni şey deyil, amma əgər estraktı tapa bilmirsizsə bir paket şəkərli vanilinlə əvəz edə bilərsiniz)
• 50 ml (1/4 st.-dan biraz az) portağal şirəsi
• 3 st. (350 qr) rəndələnmiş kök
Hazırlanma qaydası:
- Qozu 10 dəq sobada qovurursunuz, sonra kərə yağını və duzdan təxminən 1/4 ç.q. miqdarında qoza qatırsınız, bir yerdə qarışdıranda qozun üstündə duzlu yağlı qat əmələ gəlir.
- Kökü soyub rəndədən keçirirsiniz. Mən kökü azacıq qovururam, tavaya töküb, belə əlavə suyu gedir.
- Sobanızı 175C° qızdırın və qabınızı yağlayıb, unlayıb hazır edin.
- Böyük qabda unu, yerdə qalan duzu, qabartma tozunu, sodanı, darçın, muskat qozunu yaxşı qarışdırın.
- Başqa bir qabda şəkər tozunu, yumurtaları, vanili, portağal şirəsi və rəndələnmiş portağal qabığını qarışdırın. Daha sonra üzərinə yağı əlavə edin, eyni cinsli olana kimi qarışdırın.
- Sonra hamısını bir yerə töküb qarışdırmaq lazımdır, ən axırda kökləri və qozları əlavə edirib yenə də qarışdırın.
- Artıq hazır olan qabınıza töküb 50-60 dəqiqə bişirin.
- Çıxdıqdan sonra üzərinə azacıq pudra şəkəri səpə bilərsiniz. Daha da gözəl görünəcək.
Nuş olsun!