Sevgi gününə özəl resept haqqında düşünərkən ilk sual bu idi. Hansı qida sevgini ən gözəl ifadə edir? Əlbəttə, şokolad. Hamımız şokolad yediyimizdə xoşbəxt olduğumuzu hiss edirik, bəzilərimiz bunun haqqında çox güman ki, oxuyub.
Biraz detalına baxsaq, kakaonun tərkibindəki feniletilamin və teobromin artıq populyarlaşmış serotonin hormonunun səviyyəsini artırır. Serotonin isə əhval-ruhiyyəmizi artırır, həm də depressiyadan qoruyur. Şokolad həm də endorfinlərə elə təsir edir ki, onlar da ürək döyüntülərin artmasına səbəb olur, bu da öz növbəsində aşiq olduğumuzda keçirdiyimiz hisslərə bənzər hisslər bəxş edir.
Birmənalı şəkildə bugünü ən gözəl ifadə edəcək resept – Şokoladlı kapkeyklər olmalı idi. Həm sevgi rəmzi şokoladı bol olan, həm də individual porsiyalıq olmaları onları ideal hədiyyəyə çevirir, sizin öz zəhmətinizlə hazırlayacağınız hədiyyəyə.
Şokoladlı kapkeyklər
Bu resept Nick Malgieri-nin Bake kitabından adaptasiya olunmuşdur.
Bu ərzaqlarla kiçik kapkeyk qablarında (maffinlərlə qarışıq salmamaq lazım alarkən, kapkeykin kağızlarının alt hissəsi dar, özləri isə nisbətən balaca olur, maffinlər isə oturacaq hissə də yuxarısına bənzər olur) 17-18 kapkeyk alınır. Eyni zamanda bu xəmirdən iki 20-22 sm diametrində hündürlüyü 4-5 sm-lik tort layı alınır.
Kapkeyklərin xəmiri üçün
• 120 qr. şokolad
• 1 st. qaynayan su (isti olmalıdır, qaynayandan sonra ölçülməlidir)
• 1 st. ağ şəkər tozu
• ½ ç.q. duz
• 1½ st. un (ələnmiş)
• 1½ ç.q. qabartma tozu
• 1 st. açıq qəhvəyi şəkər
• ½ st. duru neytral yağ (neytral deyəndə dadsız yağlar nəzərdə tutulur, günəbaxan və ya fındıq ola bilər, əgər mənim kimi kərə yağı sevənlərdənsinizsə, kərə yağını əridib tortasını ayırıb, ½ st. süzüb bu reseptdə istifadə edə bilərsiniz)
• ½ st. xama (otaq temperaturunda)
• 2 böyük yumurta (otaq temperaturunda)
• 1½ ç.q. vanil ekstraktı və ya 1 paket şəkərli vanilin
Kakaolu krem üçün
• 150 qr. yağ
• 200 qr. «slivoçnıy pendir» (idealı əlbəttə Filadelfia pendiridir, amma bazarda olmadığı üçün Almette slivoçnıy sır yazılan pendirləri istifadə edə bilərsiniz)
• 2 st. pudra şəkəri
• ½ st. kakao (maksimum təbii kakao seçin, rəngi qəhvəyi olmalıdır, iyi isə şokolad iyinə bənzər)
• Qaşığın ucunda duz
Hazırlanma qaydası:
- Sobanızı 160ºC qızması üçün işə salın.
- Şokoladı xırda-xırda doğrayıb böyük qarışdırma qabının içinə qoyun, üzərinə 1 st. qaynar suyu tökün, yavaş-yavaş şokolad tamam əriyənə kimi qarışdırın.
- Başqa qabda ağ şəkər tozunu, unu, duzu və qabartma tozunu qarışdırın.
- Şokoladın üzərinə açıq qəhvəyi şəkəri tökün, yağı və smetanı əlavə edib qarışdırın, sonra yumurtaları bir-bir vurun, üzərinə vanili əlavə edin.
- Unu şokoladlı qarışığa 3 dəfəyə əlavə edin. Xəmiriniz duru olacaq, bu sizi narahat etməsin, belə də olmalıdır.
- Əgər kapkeyklər edirsinizsə, kağızları qablara yerləşdirib, kağızların ¾ hissəsinə qədər xəmiri tökün. Sobaya bişməyə qoyun. Əgər tort edirsinizsə, xəmiri bərabər iki hissəyə ayırıb, 20-22 sm diametrində olan qablarda bişməyə qoyun.
- Təxminən 30-35 dəq. içində keksləriniz bişmiş olacaqdır. Hər bir riski önləmək üçün kapkeyklərinizi 25-ci dəqiqədən sonra diş çöpü ilə yoxlayıb bişməsinə tam əmin olun. İkinci dəfə qabda xəmirin geri qalanını bişməyə qoyduğunuzda qabın yerdə qalan boş hissələrini su ilə ən az yarısına qədər doldurun. Bu qabı xarab olmaqdan qoruyur.
- Krem üçün kərə yağını mikserlə yaxşıca çalın, pendiri üzərinə töküb, çalmağa davam edin, krem konsistensiyasını tamamilə tutduqdan sonra üzərinə şəkər pudrasını, duzu və kakaonu əlavə edib yenidən qarışdırın. Kremi 15-20 dəq-lik soyuducuya yerləşdirin.
- Soyuducudan çıxaran kimi krem paketinə doldurub artıq soyumuş kapkeyklərinizin üzərini istədiyiniz formada bəzəyin. Əgər, iki laylı tort bişirirsinizsə, həm iki layın arasına, həm də üzərinə krem çəkin. Üzərinə istədiyiniz bəzəkləri düzə bilərsiniz.
Sevgi dolu şokoladlı kapkeykləriniz nuş olsun!
P.S: Valentinə özəl bəzəklər üçün bacım Sevdaya və anama təşəkkürlər! Çox sağolun ki, varsınız və mənə bütün işlərimdəki kimi bu işimdə də dəstək olursunuz.