Statistik göstəricilərə görə bloqumda ən az baxış sayı alan yazılar peçenyelər haqqında olan yazılardır. Əslində bu heç də təəccüblü deyil, peçenye bişirmək xırdaçı işdir və çox insan düşünür ki, satışda bu qədər peçenye var, niyə peçenye üçün zaman sərf etməliyəm. Məsələ ondadır ki, peçenye evdə bişirəndən sonra mən bir reallığı ağrı-acısı ilə dərk etdim ki, bütün satışda olan sənaye üsulu bişirilən peçenyelərdən alt ton kimi kimyəvi dad gəlir, özü də qeyri-adi olan budur ki, hansı marka olur-olsun, hamısında eyni və ya çox bənzər dad olur, bu dad əsas dadın altında qalır, amma ən çox da yeyib bitirdikdən bir-neçə saniyə sonra hiss edilir. Sənaye üsulu ilə hazırlanan ruletlər, tortlar da özünəməxsus bucür dadlara malikdirlər, hər çeşidinki digərindən fərqlənir. Belə güman edirəm ki, bu onlara əlavə olunan konservantların dadıdır. Özüm peçenye bişirəndə də ağlıma gəlir ki, məsələn biskottini iki dəfə bişirirəm, amma saxlama müddəti cəmi 5 gündür, alınma peçenyeləri həftələrlə qablaşdırması açıldıqdan sonra da saxlamaq olur, amma keyfiyyətlərində heç bir dəyişiklik olmur.
Buna görə bir qədər bundan əvvəl qərara gəldim ki, daha sənaye üsulu hazırlanan peçenyelərə son verəcəm. Hətta şokoladlısına da…
Peçenyeləri sadəcə evdə bişmiş və ya kafelərdə satılan çeşidlərdən yeyəcəyik. Bu səbəbdən də bloqumda peçenye çeşidlərinə daha sıx rast gələcəksiz, mən adətən qida bloqqerlərinin olduğu kimi şokolad dəlisi deyiləm, amma şokolad və peçenye ikilisinə heç dözümüm yoxdur. )
Bugünkü yazıda ekzotiikliyi ilə içindəki kokos və qreypfrut qabığına borclu olan, xırçıltısını qarğıdalı unundan alan, sonra da qəşəngcə şokolada batırılmış kokoslu və şokoladlı peçenyelərdən yazacam.
Şokolada batırılmış kokoslu peçenyelər
Resept marthastewart.com saytından adaptasiya edilmişdir.
Bu reseptdən təxminən 45-50 kiçik peçenyelər alınır. (Peçenyelərin ölçüsü üçün şəkillərə diqqət edin)
• 1¼ st. un
• 1¼ st. qarğıdalı unu
• ½ ç.q. qabartma tozu
• ½ ç.q. duz
• 85 qr. kərə yağı (otaq temperaturunda)
• 1 st. şəkər tozu + azacıq üzərlərinə səpmək üçün
• 2 böyük yumurta
• 1½ st. kokos (paketlərdə olan)
• 2 x.q. qreypfrutun rəndələnmiş qabığı, alternativ kimi portağal da istifadə edə bilərsiniz (rəndələyərkən maksimum rəngli yerini götürməyə çalışın, ağ hissəsi acı ola bilər)
• 250 qr. tünd şokolad (təxminən 3 plitka)
Hazırlanma qaydası:
- Un, qabartma tozu, qarğıdalı unu və duzu böyük qabda qarışdırın.
- Kərə yağını mikserlə çalın, üzərinə şəkər tozunu əlavə edin, ağarana kimi təxminən 3 dəqiqə çalın. Daha sonra yumurtaları üzərinə bir-bir əlavə edib çalın. Sonra unlu qarışımı əlavə edib qarışdırın. Alınan xəmirə kokosu, qreypfrut qabığını və 100 qr. şokoladı xırda-xırda doğranmış şəkildə əlavə edin. Qarışdırıb, üzərini streç folyo ilə bağlayıb, 30 dəqiqə müddətinə soyuducuya qoyun.
- Sobanızı 175Cº qızdırın.
- Xəmiri soyuducudan çıxarıb, bişirmə kağızı sərili olan qabınıza balaca, təxminən 2 dişləmlik böyda yumrular şəklində qoyun. (orijinalında peçenyelər daha da balacadır, yəni, hövsələniz varsa, bunlardan da kiçik edə bilərsiniz) Üzərlərinə şəkər tozu səpin.
- 18-20 dəqiqə biraz qızarana kimi bişirin, sonra qabı çıxarın, peçenyeləri soyumağa elə bişdiyi qabın içində davam etsin.
- Yerdə qalan şokoladı ya su hamamında və ya başqa istifadə etdiyiniz üsulla əridin. Biraz soyumasını gözləyin.
- Peçenyeləri altı və kənarların bir hissəsi şokolada batacaq şəkildə ərinmiş şokoladın içinə batırıb, sonra tamam soyuması və şokoladın bərkiməsi üçün bir qaba yığın.
- Şokolad bərkiyib və daha mat görünüşə sahib olanda sizin peçenyeləriniz hazırdır.
Daha bir kokoslu resept üçün bu linkə klikləyin.
Şokolada batırılmış kokoslu peçenyeleriniz nuş olsun!