Yupyumşaq tort təsəvvür edin, rulet şəklində, içində moruqların turşməzə dadı xəfif kremlə qarışmış halda, üstü isə şokolad dadında, özü isə yağsız və çox yüngül. Adı isə Markiz ruleti )) Və bir də təsəvvür edin ki, bu gözəlliyə cəmi 30 dəqiqə vaxt ayırmanız kifayətdir.
Rulet bişirən xanımlar bilir ki, bu bişirmə prosesi necə rahat və tez başagələndir. Yaxşı tərəflərindən biri də odur ki, xüsusi qaba və ya nəsə qeyri-adi texnikaya ehtiyac yoxdur, bir mikser həm krem üçün, həm də xəmir üçün lazımdır, o da çox evdə var.
Moruğun da mövsümü bitməmiş bu ruleti dadmanızı məsləhət görürəm. Bu xəmiri siz pandispanya kimi də istifadə edə bilərsiniz.
Roulade marquis və ya Şokoladlı moruqlu rulet
Resept Caroline Bretherton-un Desserts kitabından adaptasiya olunmuşdur.
Resept əslində daha balaca qab üçün nəzərdə tutulmuşdur, amma mən sobanın 45x35sm qabında bişirdim, problem olmadı. Xəmir qatı olduğu üçün istədiyiniz qədər yaya bilərsiniz. Yəni, daha qalın edə bilərsiniz.
Xəmiri üçün
• 1/3 st. kakao (kakaonun keyfiyyətinə xüsusi diqqət verin, hər kakao yaxşı kakao deyildir təəssüf ki) + qaba səpmək üçün təxminən 1 x.q. kakao
• 1/3 st. un
• 4 yumurta
• Qaşığın ucunda azacıq duz
• 1/2 st. şəkər tozu
Kremi üçün
• 1 dolu st. qaymaq ən az 33% yağlılıqla (slivki adıyla da satılır, istifadə müddətinin sonuna uzun müddət qalmasına diqqət yetirin, çünkü çox qaldıqda kremə çevrilməsi problem olur, bir də istifadə edərkən çox soyuq olmalıdır)
• 1 ç.q. vanil ekstraktı və ya pastası, yaxud bir vanil çubuğu (yoxdursa, şəkərli vanilin tökə bilərsiniz)
• 2 x.q. pudra şəkəri (kremi daha şirin sevirsinizsə, artıq tökə bilərsiniz)
• 250 qr. təmizlənmiş moruq
Hazırlanma qaydası:
- 220Cº sobanızı qızdırın.
- Yumurtaları şəkərlə qarışdırın, mikserlə ağarıb tamam bərkiyinə qədər çırpın. Elə olmalıdır ki, mikseri çıxartdığınızda dəmir ucluq üzərində yumurta axmadan qalsın.
- Başqa bir qabda duzu, kakaonu, unu qarışdırın.
- Kakaolu qarışımı 3 dəfəyə yumurtalı qarışımın üzərinə töküb qarışdırın, yəni biraz töküb qarışdırın, sonra geri qalan hissələri tökün. Qarışdıranda spatuladan istifadə edin və çox ehmalca quru qarışımı yumurtaya yedirin ki, yumurtanın havası çıxıb, konsistensiyasını dəyişməsin. Bu mərhələdə mikserdən qəti şəkildə istifadə etmək olmaz. Bu ondan ötrüdür ki, ruletin xəmiri yumşaq və havalı alınsın.
- Qabınıza əvvəl bişirmə kağızı qoyun, sonra üzərini yağlayın, yağın üzərinə kakao səpin.
- Xəmiri qaba töküb, bişməyə qoyun. Təxminən 6-7 dəqiqə sonra rulet xəmiriniz hazır olacaq. Xəmir hazır olandan sonra iki dəqiqə soyumasını gözləyin, sonra çay dəsmalının üzərinə bişirmə kağızı ilə bərabər qoyub, rulet şəklində bükün, bunu etməsəniz soyuyandan sonra bükdüyünüzdə xəmirin qırılma ehtimalı çoxdur, əgər arada bir-neçə saat gözləməli olacaqsa belə, büküb saxlamağınız vacibdir. Bükərkən ilıq olmalıdır rulet.
- Qaymağı (slivki) dərin qaba tökün, üzərinə pudra şəkərini və vanili töküb mikserlə çalın. Krem şəklini alıb bərkiməlidir, dadına baxın, şirinliyi sizin üçün azdırsa, biraz daha artıq pudra şəkəri qata bilərsiniz. İngredientlərdə yazdığım kimi qaymağın istifadə müddəti və soyuqluğu yaxşı krem alınması üçün vacibdir.
Rulet şəklində bükdüyünüz xəmiri açıb, üzərinə kənarlardan bir sm. saxlamaq şərtilə kremi yayın, üzərinə isə moruqları düzün.
Sonra yenidən rulet şəklində bükün, üzərinə biraz kakao səpin və artıq ruletiniz hazırdır.
Saxlama qaydası
Ən çox 1 gün soyuducuda gözlədilə bilər, amma bişirildiyi gün yeyilməsi məsləhətdir. Ona görə əgər sonrakı gün hazırlamaq istəyirsinizsə, korj hissəsini rulet kimi bükülü şəkildə və kremi də ayrıca soyuducuda saxlayıb, servis etməmişdən əvvəl rulet halına gətirə bilərsiniz.
Şokoladlı moruqlu ruletiniz nuş olsun.
Gülyaz
Ne qeşeng görsenir. Lap üreyim istedi. En qisa zamanda edecem inşallah. 🙂
Saturday Menu
Hə, Gülyaz. Çox dadlı və yüngül alınır. Mütləq bişirməlisən )
Ulker
Chox qesheng gorsenir.Inshallah bayrama bishirecem.
Saturday Menu
Sağol Ulker. İnşAllah. Sualınız olsa, yazın.
Heyat
Bizim evde moruqlar eve geldikden sonra en gec 1 saata tukendiyi ucun moruq evez ciyelekle hazirladim bu ruletden. Qeseng yungul dadi vardı, esl yay üçün olan sirniyyatdi. Eminem ki moruqlusu daha dadli olar. Bir de qaymagin markasını yaza bilersiniz zehmet olmasa hansindan istifade edirsiz?
Saturday Menu
Nuş olsun, çiyələklə də dadlı olar, hətta ikisi qarışıq olan reseptə də kitablardan birində rast gəlmişdim. Amma roule marquiss məhz moruqlunun adıdır. )
Domik v derevne 33%li istifadə edirəm.
Gülyaz
Men de bişirdim çox dadli alindi. 15 deqiqeye 3/4 -ü yeyildi :))
Saturday Menu
Gülyaz, bizdə də eynisidir, axırıncı dəfə məcburən ikisini bişirdim )))
Nermin
Salam. Siz hansı kakaodan istifadə edirsiniz ? Zəhmət olmasa markasını qeyd edə bilərsiz?
Saturday Menu
Nermin xanım, mən buradan alanda Raspak və ya Şedraya duşa alıram. Türk markalarına görə rəngi açıq rəngli olur, amma əslində natural olanı elə də olmalıdır.
nuray
Coox gozel. Zehmet olmasa unu, kakaonu ve shekeri qramla yazarsiz ?
Bir de “Ivanovka” adinda qatj qaymag satilir. Onda alib etmek olarmi ?
Saturday Menu
Nuray, kakao 25 qr, un 50 qr, şəkər tozu isə 100 qr. Marketdə satılan, tez-tez haqqında danışdığım ölçü fincanlarını alıb işinizi rahatlada bilərsiniz. İvanovka ilə bağlı mən sınaqdan keçirməmişəm, amma qızlar sınayıblar, deyirlər bərk alındı, yaxmaq olmurdu, siz içərisinə azacıq süd qatıb çala bilərsiniz ki, bərk alınmasın. İstəsəniz, əvvəl südsüz sınayın birazını çalaraq, bərk alınsa, sonra da süd və ya azacıq adi balaca qutulardakı qaymaq (krema) qataraq sınayın.
nuray
Chox teshekkur edirem. Sinayacam men de Inshaallah.
Saturday Menu
Nuray, gözləyəcəm sizdən feedback. Nəsə sualınız olsa, buyurun.
Gunel
Qaymaq yerine 25%li xama vurmaq olar kreme?
Saturday Menu
Gunel xanım, inanmıram ki, xama ilə alına, xama ilə krem olur, ona bol kərə yağı vurulur amma, bir də bu ruletə yüngül krem çox yaraşır. Xamalı olsa krem turş dad gəlmə ehtimalı var.
vusala
aygun xanim bir sualim olacaq size. bu ruleti iliq iliq bukmek sertdi duzdu bukmesek qirilir ama bukendede icinin sanki havasi gedir yeni bisende daha havali olur adi coreyi bele tam soyumadan kesende keyfiyyeti itdiyi kimi. daha havali olsun isteyirem ama men. bir fikriniz ola belke ?
Saturday Menu
Vusala, çox ehtiyatla bükməkdən başqa çarə yoxdur, təbii ki, kəsib üst üstə qoyub tort kimi istifadə eləmək olar, və ya məsələn mən tiramisu tortu da eyni bu xəmirlə edirəm. Amma rulet kimi istəyirsinizsə, bükmək lazımdır.