TOSKANA LOBYA ŞORBASI

Ramazan ayına qədər şorba paylaşacam deyə nə qədər planlaşdırsam da, hal-hazırda səhifədə cəmi 3 şorba resepti var, üçünü də çox sevirəm. Amma çeşidlilik gözəldir, xüsusilə iftar süfrələrində hər gün fərqli şorbalar təqdim etmək, yeknəsəqlikdən uzaq olmaq lazımdır. Mədələrimiz kimi gözlərimiz və zövqlərimizi də süfrələrimiz bəzəməlidir.

Bu səbəbdən fərqli ölkələrin şorbalarını paylaşım deyə düşündüm və birinci əlbəttə ki, sevimli İtaliyadan başlayıram. Hərçənd ki, italyan restoranlarında sup tapmaq müşkül işdir, amma əslində xeyli italyan şorbası resepti var. Hər halda əksəriyyəti evlərdə bişir. Bunlardan ən məşhurları əslində bizim makaronlu suplarımıza babalıq edən Minestronedir. Ondan başlayacağımı düşünürdüm, amma ağlım bu Toskana bölgəsinin supunda qaldı. Xüsusən üzərinə qoyulan qızarmış çörək məni tamamən yoldan çıxardı. Tez bişirdim və çox bəyəndik. Ona görə bugün İtaliyanın ən gözəl bölgəsinin dadlı supunun reseptini paylaşacam.

Bu sup çox zəngindir, qəşəng də dadı var, üzərində qoyulan çörək də şorbaya xüsusi abu-hava və dad qatır. Minestroneyə çox bənzəsə də, bu nda konkret inqredientlər var və əsas fərqi də odur ki, bu supda makaron istifadə olunmur. Minestrone də isə əlinin altında olan mövsüm tərəvəzləri və makaron istifadə olunur, bəzən lobya da əlavə olunur.

Bir də içindəki fərqli və önəmli inqredient kərəviz saplaqları var, bir-neçə il əvvəl sadəcə kərəviz kökləri satılırdı, indi isə böyük marketlərdə kərəviz saplağları da tapa bilərsiniz. Kərəviz sağlamlığa çox xeyirli olmaqdan başqa, xüsusi ətri ilə şorbalara dad qatır. Mən hər şorbada sevməsəm də, bu tip şorbalara, perlova yarmalı şorbalara, az əvvəl haqqında yazdığım Minestroneyə çox yaraşdığını düşünürəm.

Şorbalar üçün başqa önəmli inqredient də bulyondur. Xarici mənbələr bulyon hazırlanması üçün istifadə olunmayan sümüklər və s. qaynadıb suyunu saxlamağı məsləhət görürlər. Amma bizim millətdə istifadə olunmayan anlayışı yoxdur. Sümüklü və ya sümüksüz ətləri və ya toyuq ətini bişirəndə mən içərisinə bir-neçə st. artıq su əlavə edirəm. Bir qədər qaynadıqdan sonra içərisindən suyun bir hissəsini götürüb süzərək şorba üçün saxlayıram, bu ətin dadına heç bir şəkildə təsir eləmir, amma əlinizin altında hər zaman bulyon olmasını təmin edir, adi mərcimək şorbası belə bulyonla daha dadlı olur. Belə bulyonu çox uzun müddət dondurucuda, 3-4 gün isə soyuducuda saxlamaq mümkündür.

Toskana lobya şorbası
Resept Soil Association-ın “The soup book” kitabından adaptasiya olunmuşdur.
Resept 4-6 nəfər üçün nəzərdə tutulmuşdur.

• 4 x.q. zeytun yağı (kərə yağı da istifadə edə bilərsiniz)
• 1 soğan (doğranmış)
• 2 kök (halqa-halqa doğranmış)
• 3 diş sarımsaq
• 2 kərəviz çubuqları (nazik-nazik doğranmış)
• 1 st. quru qırmızı lobya və ya ağ lobya (bişirilmiş)
• 1 x.q. tomat (tomat yerinə qırmızıbibər salçası da istifadə eləmək mümkündür)
• 400 qr. pomidor
• Bir dəstə ispanaq və ya pazı
• ½ ç.q. qurudulmuş kəklikotu
• 2 st. ət və ya toyuq bulyonu
• 2 st. su
• 4-6 dilim çörək
• Zövqə görə duz və qara istiot
• Üzərinə səpmək üçün biraz parmezan və ya Grano Padano pendiri (başqa bərk pendir çeşidləri də ola bilər)

Hazırlanma qaydası:

  1. Yağı bir qazanda qızdırın, içərisinə doğranmış soğan və kökləri tökün, vam xodda təxminən 10 dəq. qarışdıra-qarışdıra bişirin, soğan və köklər qızarmamalı, sadəcə yumşalmalıdırlar, üzərinə 2 diş sarımsağı doğrayıb tökün, pomidorları soyub, xırda doğrayıb tökün və tomat və doğranmış kərəviz çubuqlarını əlavə edin.
  2. Bulyonu və suyu, zövqə görə duzu və qara istiotu əlavə edin.
  3. Lobyaların yarısını çəngəllə əzib, şorbanın içinə əlavə edin. Təxminən 30 dəq. ağzıqapalı bişirin.
  4. Doğranmış ispanaq və ya pazını, lobyaların geri qalanını və kəklikotunu əlavə edib, ağzıqapalı bişirin.
    Bu müddətdə çörək dilimlərinə bölünmüş sarımsağı sürtün və qızarması üçün sobaya qoyun.
  5. Şorbanız hazır olduqdan sonra boşqablara çəkib, üzərinə çörək dilimini qoyub, bir qədər də pendir rəndədən keçirib üzərinə servis edə bilərsiniz.

Toskana lobya supunuz nuş olsun!

Şərhlər

  1. Saturday Menu

    Leman xanım, inşAllah. Bizimlə də bölüşərsiz fikirlərinizi. Allah oruclarınızı qəbul eləsin.

  2. Xadica xanım, unutmuşam, xəbərdarlıq etdiyiniz üçün təşəkkür edirəm. Pomidorlardan sonra tökmək lazımdır. Yazıya da indi əlavə edəcəm. Bir daha çox sağolun.

  3. qeyri adi hrmde vitamin deposu sorba insaAllah en qisa zamanda evdede etin yeyib suyun ezizleyerek buzluqda saxladigim qapi toyuqunun suyu ile pisirecem ?. neticeni sizinle paylasacam qismet olsa. ellerinize sagliq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir