TOYUQLU & TƏRƏVƏZLİ TAY ƏRİŞTƏSİ

Xaricdə küçələri gəzərkən bəzən Asiyanın ekzotik iylərini hiss eləmək mümkün olur, bu dadlarla tanış olanlar üçün əminəm ki, daha iştahaçıcı iy ola bilməz. Adətən bu iylər fast food satan əriştəçilərdən gəlir, bəzən isə bu ilki kimi evlərdən də gələ bilir. Bu il Virginiada bacımgildə qalarkən koreyalı qonşusunun evindən də hər  günorta məhz bu qoxular gəlirdi, hər dəfə o qədər yemək istəyirdim ki, mübtəlası olmayan bilməz, bu səbəbdən orda bir-neçə dəfə tay əriştəsi yedim və düşündüm ki, bloqa bu incinin resepti mütləq lazımdır. Nə qədər ekzotik görünsə də, bizdə tapılan məhsullarla çox əla, hətta çox xarici fast foodçu-əriştəçidən daha dadlı Tay əriştəsi hazırlamaq mümkündür. Reseptlər çoxdur və ümumi prinsipləri bildiyinizdə tərəvəzləri istədiyiniz kimi dəyişə, toyuq yerinə ət və ya krevet istifadə edə bilərsiniz.

Bugün paylaşacağım resepti əslində illərdir istifadə edirəm, amma soya sosu ilə, nədənsə heç cür dəniz ilbizi (oyster sauce) və ya balıq sousu (fish sauce) almırdım, hətta axtarmırdım belə. Ta ki, bir gün Asiya mətbəxi haqqında kitablardan birinin ön sözündə müəllifin şikayətini gördüm, deyirdi ki, hər kəs “Asiya yeməklərinin hamısı eyni dadır” deyir, hamısının içinə sadəcə soya sosu tökdüyünüzdə başqa yolu olmadığını anlamanız lazımdır.
Onda düşündüm, adam haqlıdır. Biraz fərqlilik lazım və bir gün içində balıq və dəniz ilbizi sousunu aldım, həqiqətən əriştənin və başqa Asiya yeməklərinin dadını daha da ekzotik və dadlı etdi bu soslar, amma siz yenə də əgər özünüzü hazır hiss etmirsinizsə, soya sosu ilə hazırlaya bilərsiniz. Bir ifadə də olduğu kimi, heç o qovut da pis deyil. 🙂
Başqa bir məsələ isə əriştə tapmağın çətinliyidir, mən buğda əriştəsi yerinə italyan fettuçinisini istifadə edirəm, bəzən düyü əriştəsi alıram, böyük marketlərdən əldə etmək olur, çox nadir hallarda egg noodles dedikləri, məhz Asiya yeməkləri üçün nəzərdə tutulan yumurtalı əriştələri almışam. Qlütensiz qidalananlar üçün düyü əriştəsi və ya qarabaşaq əriştələrini marketlərdən tapa bilərlər. Amma hələlik mənim favoritim məhz fettuçinidir.
 
 

Toyuqlu və tərəvəzli tay əriştəsi
Bu resept  4 nəfər üçün nəzərdə tutulmuşdur.

• 300 qr. buğda unundan əriştə ( qlütensiz qidalananlar düyü və ya qarabaşaq unundan hazırlanmış əriştədən istifadə edə bilər)
• 2-3 diş sarımsaq
•  2 sm uzunluğunda təzə zəncəfil (rəndələnmiş halı təxminən 1x.q olmalıdır)
• 400 qr. toyuq filesi
•  300 qr. brokkoli
• 250 qr. göbələk
• 1 qırmızı bolqar bibəri (əgər mümkünsə 2 rəngini istifadə edin ½ sarı və ½ qırmızı)
• 4 x.q zeytun yağı
• 3 x.q soya sosu
• 2 x.q dəniz ilbizi sousu (oyster sauce, olmasa balıq sousu ilə əvəz edə bilərsiz, o da olmasa bu yazının önsöz hissəsini oxuyun)
• 2 x.q kettçup (opsionladır istifadə etməyə bilərsiniz)
• 1 ç.q nişasta (çeşid fərqi yoxdur)
• 1 x.q küncüt yağı (opsionaldır, istifadə etməyə bilərsiniz Asiyasayağı ətir verir)
• ½ dəstə yaşıl soğan

Hazırlanma qaydası:
1. Məsləhət olan odur ki, əvvəlki gündən toyuq filesini marinə edəsiniz. Bunun üçün toyuq filesini 3 sm uzunluqda qalınlığı 1sm tikələrə bölün bir qaba qoyub üzərinə 1-2 qaşıq zeytun yağı, 1 x.q. soya sosu, zövqə görə qara istiot və sevdiyiniz ətirli otlar (kəklikotu, oreqano, kərəviz qurusu, sarımsaq tozu və s.) varsa əlavə edib yaxşı qarışdırıb soyuducuya qoyun. Bu prosesi etməməkdə mümkündür, amma toyuq filesinə bu cür marinadlar çox gözəl yaraşır və dadını bir pillə daha yuxarı daşıyır.
2. Orta böyüklükdə qazanada su qaynadın, qaynayan suyun içinə  zövqə görə duz və əriştələri töküb qaynadın. Əriştələri “al dente” bişirin, yəni çox bişirməyin . Bişdikdən sonra süzün.
3. Doğranmış toyuq filesini və 1 qaşıq zeytun yağını tavaya töküb yüngülvari qızardın, zövqə görə duz əlavə edin.
4. Bibəri və göbələkləri uzunsov doğrayın, brokkolilərin isə papaq hissələrini ayırıb soteləyin, təxminən 5 dəq. sonra xırda doğranmış sarımsağı və rəndədən keçirilmiş zəncəfili əlavə edin,5 dəq. sonra qazın üzərinən götürün, tərəvəzlərin çox bişməsinə icazə verməyin.
5. Balaca qabda ½ st. isti su götürün nişastanı, soya sosunu, kettçupu və dəniz ilbizi sosunu suyun içinə töküb qarışdırın.
6. Tavaya toyuğu, tərəvəzləri və əriştəni tökün üzərinə sosu əlavə edib qarışdırın.

Servis edərkən üzərinə əgər istifadə edəcəksinizsə küncüt yağını və xırda doğranmış soğanları əlavə edin.

Toyuqlu və tərəvəzli tay əriştəniz nuş olsun.

Şərhlər

  1. Çooox yerinə düşdü bu resept. Sizə xüsusi təşəkkür edirəm bu resept üçün.
    Mən bir yerdə yemişdim axtara axtara qalmışdım bunu ))

  2. Çox sevindim, inşAllah bəyənərsən. Hətta əminəm ki, bəyənərsən. Çünki, sənin ağız dadını bilirəm artıq.

  3. Nuray, Asiya mətbəxinin ən bizə uyğun yeməklərindən biridir, daha doğrusu ən bizə uyğun inqredientlisini seçmişəm bloq üçün. Çox fərqlidirlər bizdən, yeməkləri, mətbəxləri çox fərqlidir, ona görə də çətin gəlməsi də sənə normaldır. Amma dad möhtəşəmdir. Olsa hər gün yesəm dediyim dadlardandır.

  4. evde bolluca eriwtem var bunu da mutleg eliyecem. yayla corbali eriwteni eledim cox dadli idi. bunun da dadli alinacagina eminem. umumiyetle isteniken yemek olsun inqredientlerine baxanda dadini tesevvur eliyirem.. 🙂

  5. Aytən xanım, çox sağolun. İnşAllah bunu da bəyənərsiniz. Şorbanı bəyənmənizə sevindim.

  6. Salam. Balıq sosusunu soya ştillərini və bəzi başqa asiya mətbəxinə aid ərzaqları hardan tapa bilərəm?

  7. Salam Nahid bəy. Soya ştillərini heç yerdə görməmişəm, amma balıq sousu və başqa Asiya mətbəxi souslarını Bravo marketlər şəbəkəsindən, bir də Malakan bağına dönəndə balaca səhv eləmirəmsə Romaşka adında market var, ordan əldə edə bilərsiniz.

  8. Əslində çin lapşası istifadə olunmalıdır, amma mən Delverde markasının italyan əriştələrini alıram, elə şəkildəki də odur. O da böyük marketlərdə çox vaxt olur, məsələn Bravoda var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir