ÜZƏRİ EBRULU, BRAUNİLİ ÇİZKEYK

Bir-neçə dəfə şəkərsiz yaşayacam deyə söz verdiyimdən şəkər haqqındakı yazıda bəhs etmişdim, amma həmin dövrdə şəkər kabus şəklində məni izləyirdi, xüsusilə bir də çizkeyk yeyə bilməyəcəm sualı məni bütün suallardan daha çox narahat edirdi. Yəni, çizkeyki bütün başqa desertlərdən biraz da olsa daha çox sevdiyimin işarəsi idi bu. Çizkeyki də ya ən yaxşı restoranların hazırladıqlarını bəyənirəm, ya da evdəkini. Hər çizkeyk adlanan şirniyyat mənə görə çizkeyk deyil.  İllərlə fərqli reseptlər, fərqli inqredientlər istifadə edərək tam öz ağız dadıma uyğun, pendirimsi, amma aşırı turşməzə olmayan, yağlılığı normasında, konsistensiyası möhtəşəm reseptlə çizkeyk reseptini ərsəyə gətirmişəm.

Çizkeykin əsas inqridienti, olmazsa olmazı  cream cheese dedikləri, krem pendir təəssüf ki, bugün marketlərimizdə yoxdur. İqtisadi vəziyyətin dəyişməsindən əvvəl Filadelfia markalı pendirləri tapmaq olurdu, amma o da od bahasına. İndi isə marketlərdən təmamilə yoxa çıxıb. Əvvəllər mən  labne pendirini Cafe Fernando-nun məsləhət gördüyü kimi süzüb istifadə edirdim, bunun məqsədi içindəki yağın faizini artırmaq idi, amma indi Almette və Hochland markalı tvorojnı pendirlərin bazarda olmasından istifadə edərək, yağ faizini artırmaq üçün onlardan istifadə edirəm, onların yağlılığı 60%dir. Bəzən reseptlərdə maskarpone tökmək məsləhət görülür, Almettenin yerinə maskarpone istifadə edə bilərsiniz. Amma çizkeykin içindəki pendirin hamısını maskarpone ilə əvəz etdiyimizdə baha başa gəlməklə yanaşı, həm də çox yağlı və ağır çizkeyk olur.

Bugünkü reseptimiz isə braunli çizkeykdir. Ev əhlinin hər ikisini sevməsini nəzərə alaraq ikisi birində hazırlamaq və onu da paylaşmaq qərarına gəldim.

Braunili çizkeyk
Bu resept 23 sm-lik qab üçün nəzərdə tutulub, porsiya olaraq 10-12 nəfərə kifayət edir. Qabın kənarlarının açılan olması məsləhətdir.

Brauni üçün
• 110 qr. acı şokolad (70% li plitka şokolad alıb, xırda-xırda doğramaq lazımdır, şokolad acı olmazsa brauniniz çox şirin alınacaq, həm də rəngi qənaətbəxş olmayacaq)
• 80 qr. yağ
• 2 orta böyüklükdə yumurta
• 1/2 st. un
• 1 x.q. kakao (təbii olmasına xüsusi diqqət)
• 1/2 ç.q. duz
• 1/2 st. şəkər tozu
• 1 ç.q. vanil ekstraktı (şəkərli vanilinlə əvəz edə və ya tökməyə bilərsiniz)

Çizkeyk üçün
• 550 qr labne pendiri (İçim labne məsləhətdir)
• 150 qr. slivoçnıy tvorojnıy pendir (Almette markası)
• 2/3 st. şəkər tozu
• 2/3 st. smetan
• 3 x.q. qarğıdalı nişastası (evdə yoxdursa, eyni qədər unla da əvəz edə bilərsiniz)
• 2 yumurta
• 1 yumurtanın sarısı
• 1 ç.q. vanil ekstraktı (yoxdursa, şəkərli vanilinlə əvəz edin)
• 1 ç.q. limon suyu
• Qaşığın ucunda duz

brownie cheesecake recipe resept

Hazırlanma qaydası:

 

  1. Sobanızı 160Cº qızdırın. 23 sm-lik qabın dibinə bişirmə kağızını yumru kəsib yerləşdirin. Kənarlarını isə yağlayın.
  2. Şokoladı və yağı bir qaba alın. Benmari üsulu ilə ikisini əridin. Yəni, bir qazanın içinə su alıb qazın üzərinə qoyun və onun üzərinə içində şokolad və yağ olan qabı yerləşdirin. Tamamən əridənə kimi qarışdırın.
  3. Üzərinə şəkəri töküb qarışdırın.
  4. Qarışımın soyumasını biraz gözləyin, sonra üzərinə yumurtaları bir-bir vurub qarışdırın. Sonra üzərinə vanil ekstraktını tökün.
  5. Başqa qabda unu, duzu, kakaonu qarışdırın.
  6. Unlu qarışımı digər qarışımın üzərinə töküb yavaş-yavaş qarışdırın. Sonra isə əvvəlcədən hazırladığınız qabın içinə tökün. Brauninin təxminən yarım st. qədər hissəsini sonradan üzərinə naxış vurmanız üçün ayırın. Əgər üzərində naxış istəmirsinizsə, onda hamısını qabın içinə tökün.
  7. Braunini 15 dəq. müddətinə sobaya bişməyə qoyun.
  8. Brauni bişdiyi müddətdə çizkeyk üçün pendirləri və smetanı bir-birinə qarışdırın.
  9. Daha sonra şəkəri töküb qarışdırın.
  10. Sonra üzərinə yumurtaları və yumurta sarısını, duzu, limon suyunu, vanil ekstraktı və ya şəkərli vanilini qarışdırın, ən son bu qarışıma nişastanı və ya unu əlavə edin.
  11. Braunini 15 dəq. sonra sobadan çıxarıb, biraz soyumasını gözləyin.
  12. Sobanı 150Cº qızdırın.
  13. Pendirli qarışımı brauninin üzərinə tökün, braunidən saxladığınız hissəni yumrular şəklində pendirli qarışımın üzərinə damladın. Sonra, nazik uclu bıçaq və ya hər hansı bir çubuqla şəkildə gördüyünüz kimi həmin yumruları digərlərinə tərəf yayın.
  14. Çizkeyk artıq sobaya qoyulmağa hazırdır. Burada yaxşı olan odur ki, bir dərin qabda su (isti) hazır edəsiniz, qabınızın alt hissəsini su keçirməməsi üçün folga ilə yaxşıca bağlayıb, suyun içində sobaya bişməyə qoyasınız. Bu zaman üzərində çat əmələ gəlmə ehtimalını azaltmış olursuz. Xüsusən də soyuma prosesi də bu suyun içində baş verirsə çizkeykinin çatlamayacaq. Amma, mən kənarındakı qızarmış təbəqə olsun deyə, 150Cº-də yavaş yavaş bişirirəm, sonradan isə 1 saat sobanın içində soyumağa qoyuram. Bu şəkildə biraz risk daşıyır, ona görə seçimi özünüz etməniz məsləhətdir.
  15. Hər iki halda suyun içində bişsə də, sadəcə sobanın içinə qoysaz da, 60-70 dəqiqə bişmə müddəti olacaq, çıxartdığınızda ortasında yüngül yumşaqlıq olsa da, tamamən qatı maye kimi əsməməlidir. Hər iki hal üçün sobadan təcili şəkildə çıxarmayın. Sobanı söndürüb, qapağını azacıq aralayın, 30 dəqiqə ilə 1 saat arası orada yavaş-yavaş soyusun.
  16. Sonra otaq temperaturunda soyumağa qoyun, bir saatdan sonra isə streç folyo ilə üzərini büküb, soyuducuya 6 saatlıq və ya gece boyunca yerləşdirin.

Fərqli variantlar:
Bu çizkeykə istənilən sos yaraşır, bu səbəbdən üzərini sadə yəni, ebrularsız edib, əlavə soslarla servis edə bilərsiniz. Əvvəllər paylaşdığım karamel sosu, şokolad sosu, hətta çiyələkli və moruqlu sosdan istifadə etmək mümkündür.

Braunili çizkeykiniz nuş olsun!

Şərhlər

  1. Aygun xanim,

    Resept cox xoshuma geldi, yaxin gunlerde yoxlamaq isterdim. Labne pendiri nedir ve onun evezine ne istifade ede bilerem?
    Qeyd: Avstraliyada yasayiram, burda cream cheese tapmaq mumkundur

  2. Rufana, labne burada satılan türklərin bir çeşid pendiridir. Yağlılığı səhv eləmirəmsə 20-21%-dir. Cream cheese-den iki dəfə aşağıdır, almette, yəni yağlılığı 60% olan pendirlə ona görə qatıram ki, cream cheese yağlılığında olsun. Siz orda, 550+150, yəni 700 qr cream cheese istifadə edə bilərsiniz.

  3. Salam onda mende krem peynirden istifade edim .daha hecne qatmayim.men turkiyede yawayiram.labne ,krem peynir burda cox istifade edilir.tek krem peynir bes eder dogrumu?

  4. Krem peynir türklərdə olan bizim plavlennıy sır kimi olur, o da uyğun deyil, siz markanı yazın, mən ondan sonra deyim uyğundur ya deyil. Çünki hər marka uyğun deyil.

  5. Afaq, kaş… amma ki, bu ciddi hesablamalar istəyir və mən bunun öhdəsindən çətin gələm ) Məncə, pəhriz saxlayanlar həftədə bir dəfə “cheating day” edib istədikləri şirniyyatı və yeməyi yeyə bilərlər. Geri qalan günləri desert yeməməkləri məsləhətdir.

  6. Werafet xanım, Sütaşın krem pendiri plavlennıy pendirdir. Çizkeyk üçün yaramır. Siz yaxşı olar ki, İçim Labnedən istifadə edəsiniz. Əgər Almette pendirini tapa bilmirsinizsə, onun yerinə ya maskarpone eyni qədər tökə bilərsiniz, ya da 60 qr yağ + 100 qr yenə də labne. Bu halda yağı otaq temperaturuna gətirib, birinci şəkər tozu ilə yağı çalın, sonra üzərinə labne və digər məhsulları tökün. Labne yağlı versiyada 650qr. olacaq. Bu arada Türkiyədə bildiyim qədər xama da yoxdur, elədir?

  7. Salam olkemizin her weyi dadlidir.bilmirem burdakilar aliwib ama mene oz mehsullarimiz dadlidir.et bele dadi yoxdu((( xama yox qaymaq .suzme peynir labne var icim.

  8. Werafet xanım, mənə də elə gəlir, xüsusən ətin dadını heç yerdə burdakı kimi bəyənmirəm. Xama yerinə reseptdə krema istifadə edə bilərsiniz.

  9. Samira xanım salam, olar.. Amma konsistensiya etibarilə tək maskarponedən ibarət çizkeyk fərqli alınır, yağlı alınır. Bu səbəbdən mən Filadelfia krem pendir olmayanda labne ilə qatmaq tərəfdarıyam. Hətta Almette maskarpone qarışığı ilə də bir dəfə hazırladım, yenə də mənim ağız dadıma görə çox yağlı idi və pendirimsi dadı az idi.

  10. 2-2,5 st. moruq, yarım st. su, 2 ç.q. nişasta, 2 x.q. su, 3/4 st. şəkər, 1 x.q. kərə yağı lazımdır. Moruqdan biraz saxlayırsız, qalanını yarım st. su və şəkərlə qarışdırıb qazın üstünə qoyub bişirirsiz, qaynayanda içinə 2x.q. su ilə qarışdırılmış nişastanı əlavə edin, 4-5 dəqiqəyə qatılaşacaq, sonra kərə yağını, sonra da moruqların yerdə qalanını əlavə edin. Tez qazın üzərindən götürüb soyumağa qoyun. Bu bişmiş sousdur. Bişməmiş isə sadəcə əzib üzərinə şəkər və limon suyu qatılmış halıdır. Amma eləsi çiyələklə qəşənğ alınır, amma moruqla bişmiş daha yaxşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir