Pərpətöyünlü salat reseptini götürdüyüm Oklava kitabında türklərin autentik Osmanlı mətbəxini təqdim etdikləri çox məşhur Çiya sofrası restoranının reseptlərindən birinə rast gəldim – vişnə souslu küftəciklər. Vişnəli hər şeyi çox sevdiyim üçün bunu da sınamaq fikrinə düşdüm, əslində məntiqi bizim mətbəxdə də bişirilən və plovun yanında servis edilən soğançalı vişnə və ətə çox bənzəyir, sadəcə tikə ət yerinə ədviyyatlı küftəciklər istifadə olunur. Oğlumun da küftəcik həvəskarı olduğunu nəzərə alaraq bu resept tam ağzımızın dadına görə oldu.
Resepti kitabda da yazıldığı kimi bulqur plovu ilə yazacam, mən düyü ilə də sınadım, qarnirsiz də sınadım, hamısı çox xoş olur. Çiya sofrasında çox zaman qarnirsiz, altdan qurudulmuş çörək, üzərində vişnə souslu küftəciklər, yanında isə razyanalı qatıqla servis olunur.
Vişnə souslu küftəciklər
Bu resept Selin Kiazimın “Oklava: Recipes from a Turkish-Cypriot kitchen” kitabından adaptasiya olunmuşdur. 6-8 nəfər üçün nəzərdə tutulmuşdur.
• 750 qr. qiymə (mal ətindən, yağlılığı 20-30%-i aşmamaq şərtilə)
• 4 orta böyüklükdə soğan
• 2 diş sarımsaq (doğranmış)
• 150 qr. çörək ( 2 dilim çörəyin içi, boyat çörək daha yaxşı olur, ümumiyyətlə, həm bucür küftəciklərə, həm kotletə yaxşı ovulduğu üçün paketlərdə satılan N1 bə ya bənzər çörəklərin içi çox uyğundur)
• 1 ç.q. pul bibər
• ½ ç.q. darçın
• ¼ ç.q. rəndələnmiş muskat qozu
• 2 ç.q. qurudulmuş kəklikotu
• 1 x.q. şirin bibər salçası (marketlərdə satılır, mən çox vaxt tomat yerinə onu istifadə edirəm, əgər yoxdursa, tomat ilə əvəz edə bilərsiniz)
• 1 kq. vişnə
• 1 limonun suyu (limon vişnələrin rəngini canlı və qırmızı saxlamaq üçündür, vişnələriniz çox turşdursa, az istifadə edin)
• 3 x.q. zeytun yağı (başqa yağla əvəz etmək mümkündür)
• 40 qr. kərə yağı
• 1 balaca dəstə cəfəri (petruşka)
• Zövqə görə duz və qara bibər
Bulqur plovu üçün
• 1 soğan
• 2 st. plovluq bulqur (iri olan)
• 1 x.q. şirin bibər salçası (yoxdursa, tomat istifadə edə bilərsiniz)
• 3 st. su və ya ət bulyonu
• 3 x.q. əridilmiş yağ və ya zeytun yağı
Razyanalı qatıq üçün
• 6 x.q. qatıq
• 1 ç.q. razyana (üyüdülmüş)
• Azacıq duz
Hazırlanma qaydası:
- Küftəciklərin hazırlanması. Əvvəl soğandan birini xırda-xırda doğrayırıq, qazın üstündə çox qızarmadan bişiririk. Soğanı, sarımsağı, çörəyi, pul bibəri, 1 x.q. zeytun yağını, darçın və muskat qozunu bir-birinə sonra da ətə qarışdırırıq, ətə duz və qara istiot əlavə edirik. Çox yaxşı yoğururuq.
- 2 sm böyüklüyündə küftəciklər hazırlayıb bir qaba yığırıq, yağa düşdüyündə parçalanmaması üçün 30 dəqiqəlik soyuducuya qoyulması məsləhətdir.
- Sonra yağda hər tərəfi yüngül qızarana kimi hissə-hissə qızardırıq.
- 3 soğanı uzun-uzun (aşlıq kimi) doğrayırıq, yumşalana və azacıq qızarana kimi bişiririk, üzərinə kəklikotunu və salçanı əlavə edirik. Biraz sonra vişnələrin yarısını (tumunu çıxardıqdan sonra) üzərinə tökürük, duz əlavə edib, qızarmış küftəcikləri əlavə edirik. Küftəciklərin yarısına qədər su əlavə edib, ağzını bağlayıb, vam xodda 30 dəq. bişirin.
- Bulqur plovunun hazırlanması. 1 soğanı xırda doğrayıb, zeytun yağında və ya kərə yağında qızardırıq, hazır olduğunda isə içərisinə salçanı əlavə edirik, üzərinə bulguru əlavə edib, yüngülvari soteleyirik. Daha sonra qaynar suyu (bulyon da ola bilər) və duzu əlavə edirik.
- Yaxşı qarışdırın, qaynayana kimi gözləyin, qaynadıqdan sonra altını aşağı edərək qapağı örtüb, 15 dəq. bişirin, suyunu tamam çəkdikdən sonra altını biraz daha aşağı edin, sanki dəmə qoyurmuş kimi, təxminən 10-15 dəq. bu şəkildə ağzı qapalı qalmalıdır. Altını kontrol edin, əgər yuxarı olarsa və suyu tamam çəkilmiş olarsa, dibinin yanma ehtimalı var. Dibi lap susuz olarsa, çox az miqdar su əlavə edin.
- Qatığa razyananı və duzu əlavə edib, qarışdırırıq.
- Küftəciklərin üzərinə yerdə qalan vişnələri, limon suyunu və kərə yağını əlavə edin. 5-10 dəqiqə sous konsistensiyasını alana qədər bişirin.
- Servis edərkən üzərinə doğranmış cəfəri səpin.
Vişnə souslu küftəcikləriniz və bulqur plovunuz nuş olsun.