Ramazanda həm iftar süfrəsi, həm də sahur üçün məsləhət görülən xurmanın faydalarını saymaqla bitməz. Artıq illərdir mən də bu faydaları nəzərə alaraq, həm də dadını çox sevdiyim üçün Nick Malgierinin “Modern Baker” kitabından, bibisinin 1950-ci illərdən qalma xurmalı reseptini edirəm. Xurmalı, qozlu çörək şirin olur, amma çörək konsistensiyasında, krem pendirlə çox qəşəng yaraşır, doyurucudur və sahurlarımıza ayrı bir rəng qatır. Yoldaşım bişirərkən ikisini bişir deyəcək qədər çox sevir, amma onu da unutmaq lazım deyil ki, bu çörəkdir. Xüsusi konsistensiyası var, kekslərə bənzəmir, amma sadə şəkildə çayla içmək də mümkündür. Eyni zamanda, hazırlanması çox rahatdır.
Xurmalı, qozlu çörək
Bu resept 25 sm diametrində olan Bundt (ortası deşikli, naxışlı qab) üçün nəzərdə tutulmuşdur. Mən isə, çörəyi Bundt keks şəklində təsəvvür edə bilmədiyimə görə, reseptin 2/3 hissəsini kubik şəkilli çörək qabında bişirirəm.
Resept Nick Malgieri-inin The Modern Baker: Time-Saving Techniques for Breads, Tarts, Pies, Cakes, & Cookies kitabından adaptasiya olunmuşdur.
• 400 qr. xurma (tumlarını çıxarırıq, özlərini yarı bölürük)
• 1 x.q. kərə yağı (təxminən 15 qr.)
• 1 1/2 st. ilıq su
• 2 böyük yumurta
• 1 1/2 st. şəkər tozu (xurma iki cür olur, yumşaq və paketdə olanından istifadə edirsinizsə, şəkəri • biraz azaldın)
• 3 st. un
• 2 ç.q. qabartma tozu (1 paket)
• 1 ç.q. duz
• 1 ç.q. vanil ekstraktı (əgər yoxdursa, istifadə etməyin, çox vacib deyil bu çörəkdə, xurmanın ətri kifayət qədərdir)
• 150-200 qr. qoz
Hazırlanma qaydası:
- Tumu çıxarılmış xurmaları bir qaba qoyun, üzərinə ilıq suyu və yağı tökün və bir saat kənarda qalsın.
- Sobanı 160Cº qızdırın. (yuxarı dərəcələrdə içi bişməyib üstü yanma ehtimalı var, ona görə ehtiyatlı olun)
- Yumurtaları geniş qabda çalın, üzərinə şəkəri töküb rəngi ağarana kimi qarışdırın. Vanili də əlavə edin.
- Xurmalı qarışımla yumurtalını bir-birinə qarışdırın.
- Başqa qabda un, duz, qabartma tozunu qarışdırın. Yumurtalı xurmalı qarışımın üzərinə əlavə edin, yaxşı qarışdırdıqdan sonra içinə qozları əlavə edin.
- Əvvəlcədən yağlanmış və unlanmış qabın içinə tökün, bişməyə qoyun.
- İçinə batırdığınız çöp təmiz çıxana kimi, təxminən 1 saat, bəzən isə bundan da artıq müddət sonra çörəyiniz bişmişdir.
- Tam soyuyana kimi doğramayın.
Saxlama qaydası:
3-4 gün ağzı qapalı qabda və ya streç folyo ilə qapalı saxlaya bilərsiniz.
Xurmalı, qozlu çörəyiniz nuş olsun.