Demək olar ki, hər uşaqlı və evdə biş-düş edən qadının bir yulaflı peçenye resepti var. Kimdə belə resept yoxdursa, bir gün mütləq olacaq. Çünki, nisbətən daha faydalı olan, dadını və şəkərini kontrol edə biləcəyimiz, içinə qoz və ya kişmişi əlavə etmə imkanımızın olduğu və rahat başa gələcək, eyni zamanda uşaqların çox sevdiyi reseptə hər zaman ehtiyac var.
Mənim də belə bir reseptim var, bəzən kişmiş, bəzən banan, bəzən isə içinə doğranmış alma əlavə etdiyim, gözəyarı bişirdiyim reseptdir. Amma son aldığım kitablardan biri Sarabeth’s Bakery: From My Hands to Yours –da yeni yulaflı peçenye reseptinə rast gəldim. Nyu-yorkda çox məşhur bakery sahibi Sarabeth-in işinin ustası olduğu haqqında o qədər eşitmişəm ki, kitabı da bu səbəbdən sifariş etmişəm. Onun yulaflı peçenye reseptində günəbaxan tumları var. Çox maraqlı gəldi, tum sevməyən adam az tapılar. Qolları çırmaladım, bu resepti bişirdim. Çox bəyənərək yedik. Yeyib bitirməmiş bir-iki şəklini tələsik çəkdim, sonra daha yaxşıların çəkmək üçün bir də bişirərəm deyə düşünürdüm. Amma sonradan şəkil səmimiliyi ilə qəlbimi fəth etdi, bu səbəbdən elə o şəkillə də yulaflı və kişmişli peçenye resepti hüzurunuzda…
Kişmişli və yulaflı peçenye
Bu reseptdən 24 ədəd 7-8 sm diametrində peçenye alınır. Resept Sarabeth’s Bakery: From My Hands to Yours kitabından adaptasiya olunmuşdur.
• ⅓ st. şəkər tozu
• ⅔ st. açıq qəhvəyi şəkər tozu
• 1½ st. un
• ¾ ç.q. qabartma tozu
• ¾ ç.q. duz
• 1½ st. yulaf yarması* (tez bişən və ya sadəcə suya qoyulması kifayət edən yulaf yarması olmamasına diqqət göstərin, onlar tez dağıldığı üçün peçenyelərdə yulafı hiss eləmək çətin olur)
• 180 qr. kərə yağı
• 1 ç.q. vanil ektraktı (əgər yoxdursa, 1 paket şəkərli vanilin istifadə edə bilərsiniz)
• 2 böyük yumurta (otaq temperaturunda)
• 1½ st. ağ kişmiş (toxumsuz)
• ½ st. təmizlənmiş günəbaxan tumları (günəbaxan tumları əvəzinə iri xırdalanmış qoz istifadə edə bilərsiniz)
* Yulaf yarmasını ölkəmizdə bir çox insan Qerkules adı ilə tanıyır, çünki, Sovet dönəmində yulaf yarması bu marka adı altında satılırdı.
Hazırlanma qaydası:
1. Bir qabda unu, qabartma tozunu və duzu qarışdırın.
2. Yulafları unlu qarışıma əlavə edin və qarışdırın.
3. Yağı bir qabda mikser yardımı ilə təxminən 1dəq. yüksək sürətdə qarışdırın. İçərisinə ağ və qəhvəyi şəkər tozunu və yumurtaları əlavə edin, açıq sarı və xəfif teksturalı olana qədər təxminən 3dəq çalın.
4. Unlu qarışımı bu qarışıma 3 dəfəyə əlavə edin, hər dəfə əlavə edtikdən sonra qarışdırın.
5. Sonda kişmişləri və günəbaxan tumlarını əlavə edin. Xəmiri 30 dəq müddətinə soyuducuya yerləşdirin.
6. Sobanızı 175Cº qızdırın
7. Xəmiri 24 bərabər hissəyə bölün (bir peçenyenin olçüsü təxminən bir dolu xörək qaşığı qədər olur)
8. Xəmirləri bişirmə kağızı sərilmiş soba qabinin üzərinə tamamilə yumrulayaraq yerləşdirin, üzərindən basmayın. Bişdikcə formasını özü alacaq.
9. Yerləşdirərkən ara məsafəsinin 3,5 sm olmasına diqqət edin. 15-18 dəqiqə bişirin.
Saxlama şəraiti və müddəti:
Otaq temperaturunda bir həftə ağzı qapalı qabda saxlaya bilərsiniz.
Yulaflı və kişmişli peçenyeləriniz nuş olsun!
sema
Yulafin novunu yazin bir zehmet,ekstrs olsun,gerkules olsun,hansi olsun degig
Saturday Menu
Yulaf yarmasi ele qerkulesdir, express hazirlanan olmasin. Yeni, normal bishme muddeti teleb olunan, reseptde qeyd elemishem.
Pingback: M&Ms-li & YULAFLI PEÇENYELƏR | SaturdayMenu
vusala
salam aleykum. bu kurabiyeler yumusaq olur yoxsa sert?
Saturday Menu
Vüsale, nə sərt, nə yumşaq, ikisinin ortasında alınır, m&msli peçenye xəmiri bundan daha yumşaq alınır, yumşaq olmasını istəyirsinizsə, bunun içində olan inqredientleri yəni, kişmiş qoz ve ya tumlari m&ms yerinə əlavə edərək o reseptlə bişirin.
vusala
cox tesekkur edirem. he yumusaq olsun isteyirem. mende peceniyeler alinmir coxda. cox zaman eriyir sobada nazik bisey qalir en son,yada sert olur elediyim internetden aldigim reseptlarden. ona gore size sorusam dedim. insaAllah mms li olani dediyiniz kimi edim