Yumurta sarılı, şokolad qırıntılı peçenyelər

Klassik Amerika mətbəxinin özünə xas reseptləri Avropadan xeyli zəifdir. Amma məşhur üçlü – brauni, çizkeyk və şokolad qırıntılı peçenyelər bütün mətbəxin üzünü ağartmağa yetir və artır. Çünki, üçü də Amerika mənşəli olsa da, dünyanın hər yerində çox populyardırlar.

Üçlükdən biri şokolad qırıntılı kukilərin çeşidi həddindən artıq çoxdur. Belə də demək olar ki, Amerikadakı xanımların sayı qədər bu peçenyelərin resepti var. Hər kəs öz ağız dadına görə reseptə kiçik dəyişikliklər gətirir. Bu mükəmməlləşdirmə yolunda kiminsə resepti həqiqətən də dəyişir və daha da yaxşı olur, kiminki isə tərsinə.

Bizim də evin balacasının ən sevimli peçenyesi məhz bu kukilər olduğu üçün illərlə fərqli reseptləri sınaqdan keçirmişəm, hətta birini çox bəyənmişdim və davamlı olaraq onu istifadə edirdim, amma o zaman bu yumurta sarılı peçenye reseptindən xəbərim yox idi.

The Violet Bakery Cookbook əlimə keçdikdən sonra iki yeni favorit reseptim oldu, biri keçən həftə paylaşdığım möhtəşəm Violet Butterscoth Blondie, digəri isə bugün sizlərlə reseptini paylaşmağı planladığım yumurta sarılı, şokolad qırıntılı kuki resepti.

Bu böyük, doyurucu peçenyelər xırçıldayan və yapışqanlılığın arasında konsistensiyaya sahib olurlar, üzərində əmələ gələn qabarıqlılıq xoş görüntü verir. Kitabın müəllifi Claire Ptak bu resepti Pierre Herme-nin kursunda yumurta sarısının xəmirə necə təsir etdiyini eşidəndə düşündüyünü yazır. Və çox haqlıdır, yumurta sarısı xəmirə zəngin və dadlı tekstura bəxş edir. Tək peçenyelərdə deyil, eləcə keks reseptlərində, pate brisse kimi piroq xəmirində ekstra yumurta sarısı xəmirə zənginlik qatır, daha dadlı və xoşagələn edir. Beləliklə, bu reseptlə Starbucks-ın məşhur şokolad qırıntılı kukilərini hündür dağın böyük kölgəsində qoyacaq çox dadlı, xüsusilə uşaqların heç unutmayacağı dadda peçenyelər əldə edəcəksiniz.

Yumurta sarılı şokoladlı çip peçenyelər
Bu reseptdən 16 böyük peçenye alınır.

Resept Claire Ptak-ın The Violet Bakery Cookbook kitabından adaptasiya olunmuşdur.

• 250 qr. kərə yağı (yumşaldılmış)
• 3/4 st. açıq qəhvəyi şəkər tozu
• 1/2 st. şəkər tozu
• 3 yumurta sarısı
• 2 1/3 st. un
• 1/2 ç.q. vanil ekstraktı (vanil ekstraktınız yoxdursa, eyni qədər şəkilli vanilinlə əvəz edə bilərsiniz)
• 1 1/4 ç.q. dəniz duzu (normal duz istifadə edirsinizsə, 3/4 ç.q. duz kifayət edəcəkdir)
• 3/4 ç.q. qabartma tozu
• 250 qr. tünd şokolad xırda xırda parçalara ayrılmış şəkildə (açıq şokolad peçenyelərin dadını çox şirin edə bilər, mən plitka şokolad alıb, xırda hissələrə bölürəm, təxminən 0,5 sm. böyüklüyündə)

[wt-tip]Əgər qəhvəyi şəkəriniz yoxdursa, sadəcə ağ şəkər istifadə edəcəksinizsə, ağ şəkərin biraz daha şirin olduğunu nəzərə alıb, toplam 1 st. şəkər istifadə edin. [/wt-tip]

Hazırlanma qaydası:

  1. Mikserlə yağı və şəkəri sadəcə qarışana kimi qarışdırın, çox krem şəkli alana kimi qarışdırmayın, elə olduğu halda peçenyelər keks kimi düz xəmirli alınır.
  2. Vanili, yumurta sarılarını üzərinə əlavə edib qarışdırın.
  3. Başqa bir qabda unu, duzu və qabartma tozunu yaxşı qarışdırın. Yağlı qarışımı və şokoladı una qatıb yenə qarışdırın.
  4. Əgər evdə dondurma qaşığınız varsa, porsiyaları onunla ölçə bilərsiz, hər bir böyük peçenye bir dondurma qaşığı həcmində olur. Bir üsul da tərəzi ilə ölçməkdir, mən adətən 60 qr-lıq hissələrə ayırıram. Əgər heç biri yoxdursa, o zaman xəmiri əvvəl 2 yerə, sonra hər hissəni 2 yerə və sonra bu şəkildə davam etməklə, bölə bilərsiniz. Ayırdığınız porsiyaları yumurlayın, başından basıb bişməyə qoyanda ortasında belə yumruluq əmələ gəlmir, amma bir neçə dəqiqə tez bişir.
  5. Porsiyaları ayırdıqdan sonra onları bir qaba qoyub üzərini örtüb, ən az bir saatlıq buzxanaya qoyun. Yaxşı xəbər burada odur ki, bu şəkildə buzxanada 1 aya kimi saxlaya bilərsiniz. Ona görə zamanınız olanda xəmiri edib, buzxanaya porsiyalar şəklində yerləşdirib, lazım olduğu zaman bişirə bilərsiniz.
  6. Sobanızı 180Cº qızdırın.
  7. Yumru peçenye xəmirlərinizi arasında kifayət qədər məsafə buraxıb bişirmə kağızı ilə örtülü qabınıza yerləşdirin. Mən 2 yerə bölüb 2 qabda bişirirəm. Çünki, çox böyüyürlər.
  8. 18 dəqiqə sonra, ortası hələ də sanki tam bişməmiş, yumşaq, kənarları isə qızarmış və xırçıldayan olanda artıq bişmişdir.

Saxlama qaydası:

Ağzıbağlı qabda 5 gün saxlaya bilərsiniz.

Amerikan şokolad qırıntılı kukiləriniz nuş olsun!

Şərhlər

  1. Rena xanım, bəli olar, fındıq, badam, kişmiş mümkündür. Amma orijinalı həddindən artıq dadlıdır, əlavəyə ehtiyac yoxdur.

  2. Goruntusu bu qeder iwtahvericidirse, gor ozu nece dadli olar))) Kesinlikle denemeliyem

  3. Həyat, qəhvəylə mükəmməl ikili rolunda biscottidir əlbəttə. Ənənəvi olaraq bu peçenye südlə yeyilir. Amma qəhvənin yanında da pis olmaz.

  4. Bizim evdəkilər soyuq südlə tükətir bütün şirniyyatları)) Mən süd sevən deyiləm amma soyuq süd və şirniyyat yaxşı ikiliymiş daha öncədən bilsəydim südü sevərdim bəlkə)) Bu peçenyeleri südlə ye Həyat qəhvədən daha çox hiss edəcəksən dadını məncə.

  5. Simuzer, xəmiri buzxanaya bu tip peçenyelərdə ən azından yarım saat qoymaq şərtdir. Sözün düzü, niyəsini mən də çox yaxşı bilmirəm, amma lazımdırsa araşdıra bilərəm.

  6. Ola bilər, bir də mən orda iki option yazmışam, biri tamamilə yumru edib qoymaq lazımdır, onda biraz gec bişir, içi daha chewy olur (yəni yapışqan, saqqızvari), biri də başından basıb peçenye halında olan, elə daha tez bişir, amma həm konsistensiyası, həm də görünüşü fərqli olur. Sən şəklini facebook səhifəsinə qoysan, mən təxmin edərəm səbəb nə olub.

  7. Həə.. O zaman bir daha nuş olsun. Gələn dəfə biraz soyuducuya qoyub sonra bişirərsən inşAllah.

  8. Nuray, choxsagolun. Yazi choxdanindir eslinde, amma kommentinizi gormek chox xoshdur ?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir